Hakimiyyət Elşad Abdullayevə hücuma start verib

Sabiq rektorun sükutu iqtidarı hərəkətə gətirib 

Insan orqanlarının qanunsuz transplantasiyasında günahkar bilinən Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin vəkili Adil Ismayılov məhkəməyə müraciət edib. Bu barədə Modern.az-a danışan Adil Ismayılov bildirib ki, Elşad Abdullayevin qanunsuz orqan transplantasiyasına razılıq verməsi ilə bağlı məhkəmənin çıxardığı qərarın surətini tələb edib.

“Bu işlə əlaqədar məlumatımız yoxdur. Məhkəməyə müraciət etmişik. Məhkəmədən həmin qərarın surətini istəmişəm. Həmin qərarı alandan sonra onda bu barədə məlumat veriləcək. Elşad Abdullayev bu günə kimi başqa heç bir cinayət əməlində təqsirkar bilinmir”. 

Vəkil onu da bildirib ki, Fransa hökuməti Elşad Abdullayevi Azərbaycana verməyəcək. Onun sözlərinə görə, Azərbaycan tərəfi Fransa hökumətinə rəsmi qaydada müraciət etsə belə, çox güman ki, rədd cavabı alacaq. 

Baş Prokurorluq dünən bəyan edib ki, Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

“Son dövrlər Elsevər və Elşad Abdullayev barəsində verilən bəyanatlar və qəbul edilən qərarlar onların qardaşları Mahir Abdullayevin oğurlanması ilə bağlı apardığı araşdırma işləri kimləri isə narahat etdiyindən xəbər verir. Görünür kimlərsə bu araşdırmalardan ehtiyat edir”. Bu sözləri isə Mahir Abdullayevin Hüquqlarını Ictimai Müdafiə Komitəsinin sədri Azad Mursəliyev Baş Prokurorluğun məlumatını “Amerikanın Səsi”nə şərh edərkən bildirib.    

Azad Mursəliyev bu məlumat yayıldıqdan sonra hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə əlaqə saxlayıb. Elşad Abdullayev prokurorluğun məlumatı ilə bağlı bunları deyib: “Bundan sonra, belə məlumatlar və ya bəyanatlar mənim üçün fərq etmir. Mən üzərimə düşən missiyanı yerinə yetirdim. Artıq ölkədə və xaricdə hamı bilir ki, Mahir Abdullayev və onun yaxınlarının başına hansı müsibətlər gətirilib. Eyni zamanda faktiki olaraq ictimaiyyətə Milli Məclisdə, hüquq-mühafizə orqanlarında, digər administrasiyalarda rüşvətin, rüşvətxorluğun tüğyan etməsi ilə bağlı dolğun və konkret faktlarla məlumatlar çatdırdım.

Bir Mahir məsələsi ilə respublikada öz populist çıxışları ilə tanınan onlarla insanın maskaları cırıldı, deşifrə olundu. Odur ki, bunlardan sonra işdən çıxarılmaq da olar, axtarışa verilmək də olar, hətta lazım gələrsə ölmək də olar”.    

Proseslər göstərir ki, Elşad Abdullayevin videoları yaydığı ərəfədə müdafiə taktikası seçən hakimiyyət indi hücuma keçib. Görünür, iqtidarda belə düşünürlər ki, Elşad Abdullayevin əlində artıq tutarlı video-faktlar yoxdur.