Gələcəyin tarixini yazmaq missiyası

Cəmil Həsənli kimlərlə və nələrlə üz-üzə gələcək

Son dərəcə sakit, 200 nəfərdən artıq tələbənin cınqırını da çıxarmadığı bir auditoriya və tribunada Yeni tarixdən mühazirə ilə çıxış edən gənc müəllim. Tarix müəllimi Cəmil Həsənlini ilk dəfə elə orada, Bakı Dövlət Universitetinin əsas korpusundakı 377-ci mühazirə zalında gördüm və tanıdım. Bizim kursda 100 nəfər vardı və daha 100 nəfərlik heyət başqa fakültələrdən və kurslardan olan tələbələr idi. Onun mühazirələrinə başqaları könüllü olaraq qatılırdılar… Hərdən, hətta başqa ali məktəblərdən də.

Elə o ərəfələrdə də tanış olduq və münasibətlərimiz sürətlə yaxınlaşdı. Bakı Dövlət Universiteti zamanın başqa ali məktəblərindən xeyli fərqlənirdi: aurasına, müəllim-tələbə münasibətlərinə, münasibətlərdəki təmənnasızlıq səviyyəsinə, sosial-siyasi və elmi dəyərlərin qovuşuğuna,.. görə Universitet daha mütərəqqi təhsil mərkəzi idi. Amma burada da müəllimlər arasında fərq vardı. “Yüzlük”, “üçlük”, “beşlik” adlandırılanlar da vardı. Amma örnək sayılacaq müəllimlərin də böyük bir korpusu vardı. Cəmil Həsənli nəinki bu sırada idi, hətta məxsusi örnəyini yaradan müəllim hesab olunurdu.

***

1990-cı ilin yanvar hadisələrindən sonra ölkədəki qəzetlər qapandığına görə qərara gəldik ki, özümüz qəzet buraxaq. Bu qəzeti hazırlamaq və nəşr işini təşkil etmək mənə həvalə olundu. Yazı problemi yox idi. Universitet tələbələri o günlərin nəbzindən yapışan vətəndaşlar idi və onlara yazı sifariş vermək çətinlik törətmirdi. Amma Tiflisdə çıxacağı planlaşdırılan bu qəzeti başa gətirmək maliyyə tələb edirdi. Ilk nömrəni buraxmaq üçün ən azı,ÿ300 rublÿ lazım idi və yanvar dəhşətlərindən sonra bu pulu tapmaq çox çətin idi. Hörmətli professorlarımızın çoxu rus işğalının 37-ləri bərpa edəcəyindən qorxur və bu cür proyektlərə nəinki yardım edir, hətta qorxu və ittihamla yanaşırdılar. Universitetin qarşısında Cəmil müəllimlə rastlaşdıq. Hal-əhvaldan sonra planlarımızı danışdım və pul tapa bilmədiyimdən gileyləndim. “Sabah görüşək”, dedi. Görüşdük, istədiyim 300 rublun əvəzinə 500 rubl verdi və “uzaq yerdir, cibində artıq pul olsa yaxşıdır”, dedi. Heç təşəkkür etməyə də macal verməyib çıxıb getdi. Bu qəzet isə “Azadlıq” öz nəşrini bərpa edənə qədər nəşr olundu.ÿ

Cəmil müəllimlə tanışlıq-dostluq zamanının onlarla belə xatirələri var…

Tarixmi, siyasətmi?

Cəmil Həsənli siyasətə tarixdən gəlmir, tarixəÿsiyasətdən gəlib. Buna şübhə etmirəm. O, tarixi tarix müəllimi kimi tədris etmirdi, əsl siyasətçi kimi tədris edirdi. Az qala bütün mühazirələrində – mövzusundan asılı olmayaraq, bütün hadisələri Azərbaycan prizmasından izah etməyi, Azərbaycanla əlaqələndirməyi çıxışlarının ana xəttinə çevirirdi.ÿ

Xeyli sonralar, “Soyuq müharibə Azərbaycan məsələsi üzərində başlayıb” kimi cəsarətli tarix tezisini də təsadüfən irəli sürməyib.

Indi yalnız prezident seçilmir

Indi Azərbaycan soyuq savaşda deyil. Burada “məşum savaş” gedir. Bir millətin etno-demoqrafik məzmunu bir dəstə adamın pul və sərvət ehtirası ucbatından dəyişdirilir. Azərbaycan coğrafiyasındakı mənəvi dəyərlər, – onların hansı xalqa məxsusluğundan asılı olmayaraq, dəyişdirilir. Və Cəmil Həsənli meydandadır.

Indi bütün Azərbaycanın onun mühazirələrinə ehtiyacı var. On illərlə davam edən bu yaramaz siyasətə qarşı sinəsini gərən, olmazın müsibətlərə düçar olan, əsrin ən sayğılı fədakarlıq nümunələrinə imza atan azərbaycanlılar onu tribunaya dəvət edir və Azərbaycan tarixini qırıldığı yerdən yazmağa çağırırlar.

Bu, sadəcə seçki, yeni prezident seçmək deyil. Onsuz da, çoxdandır ki, Azərbaycanda seçki yoxdur, siyasət yoxdur, prezident yoxdur, parlament yoxdur. Bütün bunlar hamısı farsdır, faciəli komediyadır, Azərbaycan öz tarixindən məhrum edilib və onu bərpa etmək lazımdır. Bunu Cəmil Həsənli etməlidir. Yalnız ona görə yox ki, o, tarixçidir, savadlı alimdir… Ona görə ki, o vətəndaş vicdanının daşıyıcılarından olan ziyalıdır, ölkənin və millətin parlaq dəyərlərini öz məzmununda həll etmiş şəxsiyyətdir və bu cür insanlar tarixi yazmaqla kifayətlənməzlər, onu, həm də, yaradarlar.ÿ

Ağ və qara tarix arasında bir savaş

Indi hökmlü qələm qara tarix yazanların əlindədir. Amma qara tarix bəşəri ləyaqətin tarixi deyil, itirilən dəyərlər üçün oxunan ağıdır. Qara tarix tarixi qaralayanların tarixidir və bir millətin tarixi ola bilməz. Məsələn, indi Cəmil Həsənli ilə eyni kürsüyə buraxılacaq insanlar Azərbaycan insanının gözündə tarixi missiyanı dəyərsizləşdirməyə, millətin həyatının ən önəmli hadisəsini elə həmin millətin özü üçün iyrənc hala salmaq üçün sıraya duracaqlar. Bu dəstənin rəhbəri isə öz yaratdıqlarını özü ilə bir sırada dayanmağa layiq görmədiyindən onların arasında da olmayacaq. Amma bu, Ilham Əliyevin yalnız saxta namizədlər arasında görünmək xəcalətindən irəli gəlmir; o, həm də, bu millətin özünə rəhbər kimi görmək istədiyi adamların aurasından çəkindiyi üçün bu sıradan qaçıb və yenə də qaçacaq. Onun əvəzinə onun arqumentsizliyini dəstəkləyənlərin paradı təşkil ediləcək. Tələsməyin, siz bu adamların hamısını görəcəksiz. Onların hamısı indi hakimiyyət adına hökm edən dəstənin liderinin sözçüləri, onun yaratıqları, onun atributlarının daşıyıcılarıdır və bu zamana qədər də dəfələrlə ortalığa atılıblar. Onların adlarını bir-bir çəkməyə ehtiyac yoxdur, çünki onların hamısının toplamda bir adı var: Ilham Əliyevin atributları! Bu qarşıdurmada millətin maraq və mənafelərini tək Cəmil Həsənli, qara tarixi isə bütün başqaları birlikdə təmsil edəcəklər. Ilham Əliyevin özü isə Cəmil Həsənlinin qarşısına çıxmağa, əlbəttə, qorxacaq. Çünki, Azərbaycan tarixini bilməyən Ilham Əliyev bu tarixin formalaşdırdığı milli iradə və milli mənafelərin nədən ibarət olduğunu da bilmir, bilmək istəmir. Onun üçün milli iradə Çovdar qızıl yataqlarında istismar edilən vətəndaşlıq dəyərləridir, milli mənafe isə offşor zonalarına səpələnən bank və biznes hesablarıdır.ÿ

O, indi başqa bir tarix yazmalıdır

Amma Cəmil Həsənli Azərbaycan xalqının simvolu olaraq meydandadır, tribunadadır. O, prezident seçkilərinin millətə gərək olduğunu, prezidentin millət üçün olduğunu, hakimiyyətin vətən və vətəndaş naminə zəruri olduğunu göstərən tək namizəd olacaq. O, millətin tarixini yazmış, indi isə yüz minlərlə birlikdə bu tarixin yaradılması uğrunda mübarizəyə baş qoymuş adamdır. Indi bu tarixi məsuliyyət Azərbaycanın ən parlaq tarixçisinin çiyinlərindədir. Onun özü üçün də ən çətin bir mərhələ başlayır: görünür ki, tarixçilər heç də həmişə keçmişin tarixini yazmırlar, hərdən Cəmil Həsənli olaraq gələcəyin tarixini yazmalı olurlar…