AZAL şefi diplomatların Milli Şura təmsilçiləri ilə görüş keçirdiyi yerə gəldi və…
Bu gün Milli Şuranın təmsilçiləri – prezidentliyə namizəd Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və MŞ İcra Aparatının rəhbəri Eldar Namazov “Landmark”da Qərb ölkələrinin Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələri ilə görüş keçirib. Görüş “Landmark”ın 9-cu mərtəbəsində yerləşən restoranda keçirilib.
Görüş başa çatan ərəfədə AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov cangüdənləri və bir neçə nəfər əcnəbi qonağı ilə birlikdə restorana daxil olub. Burada Milli Şura təmsilçilərini görən C.Əsgərov özünü obyektin sahibi kimi apararaq, administratoru çağırıb və danlamağa başlayıb.
Həmin vaxt orada olan əməkdaşımızın bildirdiyinə görə, AZAL şefi “müxalifətçiləri restorana buraxdığı üçün” administratoru kobud ifadələrlə aşağılayıb və işdən çıxaracağı ilə hədələyib. Ona izah edilib ki, müxalifət liderləri bura tək yox, səfirlərlə birlikdə gəliblər. Lakin bu izahat da C.Əsgərovu qane etməyib. O, yenidən administratoru cəzalandırmaqla hədələyib, üstəlik səfirlərin də ünvanına xoşagəlməz ifadələr işlədib.
azadliq.info