“Azadlıq” daha bir aşiqini itirdi

Onunçün hər yeni gün “Azadlıq”la açılır və onunla da tamamlanırdı. Qəzetin rayona gəlməyi bir az ləngiyəndə narahat olur, zəng edirdi: “Qardaş oğlu, bəs dərmanımız haçan gələcək?”.
Avqustun 26-da telefon nömrəmin taksi sürücüsünə səhv verilməyi ucbatından qəzet abunəçilərə gec çatdırıldı. Başqa “Azadlıq”sevərlər kimi, Səfər dayı da Imişli şəhərinin Sabir adına parkındakı çayxanada oturub gözləyirdi. Son günlər hava isti keçirdi, bürküdən nəfəs çəkmək olmurdu. Bu yandan da, “abadlaşdırma” adı altında rayonda görülən tikinti işlərindən hər tərəf toz dumanına bürünmüşdü.
Qəfil Səfər dayının ürəyi tutdu, başını stola dayadığı qolları üstə qoydu. “Təcili yardım”a zəng edib ünvanı dedik, “bu dəqiqə həkim göndərərik” dedilər. Amma 15 dəqiqə keçdi, gələn olmadı. Bir də zəng edəndə, dedilər “təcili yardım” maşını tibbi personalla birgə bazarın arxa tərəfində yaşayan hansısa xəstə ardınca gedib. Dedik bu adam axı əldən gedir, ona təcili yardım lazımdır, başqa maşın göndərin. Xəttin o başından bildirildi: “Olan bir maşındır, o da çağırışla xəstə üstünə gedib. Ya gözləyin orda işlərini qurtarıb gəlsin, ya da özünüz xəstəxanaya gətirin”.
Belə vəziyyətdə olan adamı heç yerindən tərpətməkmi olardı? Artıq Səfər dayı güclə nəfəs alırdı. Mən onu yoldaşlarımın yanında qoyub, taksiyə oturaraq xəstəxanaya getdim. Birbaşa Imişli Mərkəzi Xəstəxanasının baş həkim Cəsur Paşayevə müraciət edib, təcili köməklik göstərməyini xahiş etdim. Dedim həkimi aparmağa maşın da var. O, Asif adlı həkimə zəng etdi, tapşırdı ki, ya özün, ya da Fərahim həkim xəstə üstə getsin. Cəsur həkim bizi Təcili Yardım Stansiyasına göndərdi. Amma oradan bizimlə gedən olmadı. Dedilər artıq əvvəlki çağırışda olan maşın dediyiniz ünvana gedir. Biz Sabir adına parka “təcili yardım”çılarla eyni vaxtda çatdıq. Bu, o vaxt idi ki, artıq Səfər dayı canını tapşırmışdı.
Xəstəxana ilə park arasında məsafə 1 kilometr ola, ya olmaya. Günün günorta çağı “təcili yardım”ın belə yaxın məsafəyə 1 saata çatmağı adamı yandırır. Gör indi ucqarlarda yaşayanlar nə çəkir! 120 min əhalisi olan rayonda cəmi bircə “təcili yardım” maşını olmağı, eksterimal vəziyyətdə xəstəyə yardım etmək üçün mərkəzi xəstəxanada bircə həkimin tapılmamağı adamı dəhşətə gətirir. Budur Ilham Əliyevin qırmızı lentini kəsməklə təntənəli surətdə açılışını etdiyi, üzü bəzədəlmiş, hər tərəfinə boyaq çəkilmiş xəstəxananın astarı!
…O gün Səfər dayının ümidi, təsəllisi, “dərmanı” olan “Azadlıq” qəzeti rayona gec gəlib çatdı. Kim bilir, bəlkə ürəyi elə bir az da bundan sıxıldı. O, hər şeydən, hamıdan narahat getdi. Bu gedişlə “Azadlıq” öz sadiq oxucusunu, rayonumuz dəyərli ağsaqqalını, yeni başlanan xalq hərəkatı sıra nəfərlərindən birini itirdi. Qranit əqidəsi, saf ürəyi, bəy qüruru ilə nə qədər insan üçün örnək idi.
Sənə Allahdan qəni-qəni rəhmət diləyirik, Səfər dayı! “Rahat uyu!” demək istəyirəm, amma bilirəm ki, bu gün də canından artıq sevdiyin yurdun başı üstündə narahat ruhun dolaşır. Nə qədər ki, bu ölkədə haqq yerini tapmayıb, insanlarımız azadlığa qovuşmayıb, sənə rahatlıq yoxdur…

Vüqar Qədirov

REDAKSIYADAN: “Azadlıq” qəzetinin kollektivi sadiq oxucusu Səfər dayının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına, əqidədaşlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!