Sabunçu rayonundan Zabrat qəsəbəsində gedən yolu həmin ərazidə yaşayan bir qrup sakin bağlayıb. Aznews.az-ın məlumatına görə, 50-dən çox sakin qeyd olunan ərazidə yolu bağlamağa cəhd edib.
Hadisə yerinə Sabunçu rayon 15-ci polis bölməsinin əməkdaşları cəlb edilib. Yolu bağlamaq istəyən əhalini ərazidən uzaqlaşdırmaq üçün 30-a yaxın polis əməkdaşı hadisə yerinə gedib.
15-ci polis bölməsindən məlumatı təsdiqləyiblər. Qeyd olunan ərazidə həqiqətən də yol bağlanıb və polis əməkdaşları hadisə yerinə göndərilib. Şöbədən bundan artıq məlumat verilməyib.
Sabunçu rayon Polis Idarəsi isə sakinlər həmin yolda işıqfor və ya piyada keçidinin qoyulması tələbi ilə aksiya keçirdiklərini deyib. Bununla belə, polis sakinlərin bu cəhdinin qarşısını alıb: “Yolu bağlamaq olmaz. Buna imkan verilməyib. Yol bağlı qalmayıb. Lakin əhalinin tələbi ilə əlaqədar müvafiq orqanlara məlumat verilib. Rayon Icra Hakimiyyəti, Nəqliyyat Nazirliyi tələblə bağlı məlumatlandırılıb”.
Onu da qeyd edək ki, sözügedən ərazi piyadalar üçün təhlükəli yer sayılır. Son bir ayda həmin ərazidə ölümlə nəticələnən bir neçə yol qəza hadisəsi baş verib. Bununla belə, yolun həmin hissəsində təhlükəsizlik tədbirləri hələ ki, görülməyib.