Amerika mediası hücum gününü açıqladı; Pentaqon əmr gözləyir; Fransa və İngiltərə də hazırdır
Qərbin aparıcı dövlətləri yaxın günlərdə Suriyada Bəşər Əsəd qüvvələrinə zərbə endirmək niyyətindədir. Artıq bu haqda Suriyadakı üsyançıların rəhbərlərinə vəd verilib. “Reuters” agentliyi Milli Suriya Koalisiyasının Istanbulda Avropa və amerikalı səfirlərlə görüşündə iştirak etmiş mənbəyə istinadən bu barədə məlumat yayıb.
“Suriya müxalifətinə açıq və birmənalı şəkildə bildirildi ki, Əsəd rejiminin kimyəvi silahdan bundan sonra istifadəsinin qarşısını almaq üçün yaxın bir neçə gün ərzində tədbir görüləcək. Hazırda Sãuriya problemi üzrə Cenevrədə keçiriləcək dinc danışıqlara hazırlıq gedir”, – deyə mənbə bildirib.
Qeyd edək ki, Pentaqon rəhbəri Çak Heygel BBC-yə açıqlamasında Amerika ordusunun Suriyaya hərbi müdaxiləyə hazır olduğunu, bunun üçün sadəcə, prezident Barak Obamanın əmrini gözlədiklərini bildirib.
“NBC News” telekanalı isə ABŞ hökumətindəki mənbələrə istinadən xəbər verir ki, Suriyada Əsəd rejiminə nöqtəvi aviazərbələr cümə axşamı başlayacaq və üç gün davam edəcək.
Böyük Britaniya parlamentində təcili Suriya toplantısı
Böyük Britaniyanın baş naziri Devid Kemeron də Suriya məsələsilə əlaqədar parlamenti tətildən geri çağırıb. Kameron bildirib ki, cümə axşamı parlamentin növbədənkənar iclası keçiriləcək. Iclasda Suriyada kimyəvi silahdan istifadə məsələsi müzakirəyə çıxarılacaq və bununla əlaqədar müəyyən tədbirlər haqda qərarların qəbulu gözlənilir.
Fransa artıq hazırdır
Fransa isə Suriyaya hərbi müdaxilədə iştirak etməyə artıq hazırdır. Bunu prezident Fransua Olland ölkəsində akkreditə olunmuş səfirlərinin avqustun 27-də Yelisey sarayında keçirilən yığıncağında bəyan edib. Olland bildirib ki, Bəşər Əsəd rejiminin kimyəvi qırğın silahından istifadəsi cavabsız qala bilməz. Fransa kütləvi qırğına səbəb olan kimyəvi silahdan istifadəni qətiyyətlə pisləyir və Qərb dövlətlərinin Suriyaya hərbi müdaxiləyə dair fikirlərini tam dəstəkləyir.
Olland Suriyada yaranmış vəziyyətlə əlaqədar avqustun 28-də Yelisey sarayında müdafiə şurasının yığıncağını keçirəcəyini və bu haqda ölkə parlamentini məlumatlandıracağını bildirib.
Rusiya və Türkiyə razılaşdı
Bu arada, Rusiya və Türkiyə xarici işlər nazirləri Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə ilə bağlı xarici siyasət idarələri arasında məsləhətləşmələrin davam etdirilməsi haqda razılıq əldə edib. APA-nın məlumatına görə, Rusiya Xarici Işlər Nazirliyinin bu haqda bəyanatında bildirilir ki, xarici işlər naziri Sergey Lavrovla türk həmkarı Əhməd Davudoğlu arasındakı telefon söhbəti zamanı tərəflər avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silahın tətbiqilə bağlı xəbərlərdən narahatlıq ifadə olunub. Nazirlər həmçinin BMT ekspertlərinin obyektiv araşdırma aparması üçün lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.
Vaşinqton müxtəlif variantları nəzərdən keçirir
ABŞ da öz növbəsində tərəfdaşları ilə birgə Suriyada kimyəvi silahın istifadəsinə dair yeni sübutları beynəlxalq ictimaiyyətə təqdim etmək niyyətindədir. Bu barədə ABŞ dövlət katibi Con Kerri açıqlama verib.
“Suriyada kimyəvi silahın tətbiqinə dair məlumat inandırıcıdır və faktlara əsaslanır. Bizdə əlavə məlumat var və biz onu beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”, – deyə Kerri vurğulayıb.
Qeyd edək ki, ABŞ rəsmiləri Dəməşq yaxınlığında kimyəvi silah tətbiqinin hökumət qoşunları tərəfindən həyata keçirildiyini bildirir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf da bildirib ki, ABŞ hökuməti Suriya ilə bağlı ən müxtəlif variantları nəzərdən keçirir.
“Prezident Obama müxtəlif variantları nəzərdən keçirir. Əvvəllər dediyimiz kimi, bura hərbi variant da daxil ola bilər. Lakin bununla bağlı hər hansı qərar yoxdur. Hazırda müzakirələr davam edir”,ÿ- deyə Mari Harf qeyd edib.
ABŞ rusiyalı diplomatlarla danışıqları təxirə saldı
Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti Suriyaya dair sülh konfransına hazırlıq məqsədilə rusiyalı diplomatlarla avqustun 28-nə təyin etdiyi danışıqları təxirə salıb.
Dövlət Departamentindəki mənbələr bu qərarı Suriyada kimyəvi silah tətbiqinə cavaba dair məsləhətləşmələrin davam etməsi ilə əsaslandırıblar. Onlar qeyd ediblər ki, söhbət Suriyaya dair sülh konfransına hazırlıqla bağlı danışıqların təxirə salınmasında deyil, vaxtının dəyişdirilməsindən gedir.
Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov isə Vaşinqtonun Suriyaya dair Rusiya-ABŞ ikitərəfli görüşündən imtinasından təəssüfləndiklərini dilə gətirib. Nazir müavini bu barədə “Twitter”dəki mikrobloqunda yazıb: “Tərəfdaşlarımızın Suriya münaqişəsinin həllinə dair beynəlxalq konfransın çağırılmasını müzakirə etmək üçün Rusiya-ABŞ ikitərəfli görüşündən imtina etməsi bizdə təəssüf doğurur”.
“Rəsmi Moskva ümid edir ki, ABŞ Suriya münaqişəsinin həllinə dair beynəlxalq konfransa hazırlıqla bağlı rusiyalı nümayəndələrlə ikitərəfli görüşü təxirə salmasına baxmayaraq,ÿCenevrə-2 konfransı üzrə öhdəliklərini yerinə yetirəcək” – bu bəyanatı isə Rusiya Xarici Işlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç səsləndirib.
O həmçinin qeyd edib ki, ən təcili tapşırıq Cenevrə-2 konfransının keçirilməsidir: “Biz ümid edirik ki, ABŞ bu konfransa hazırlıqla bağlı öz öhdəliklərini yerinə yetirəcək”.
İran Suriyaya hərbi müdaxiləyə qarşı
İran Xarici Işlər Nazirliyinin mətbuat katibi Səid Abbas Əraqçı isə bildirib ki, Suriyada kimyəvi silahdan istifadə iddiası bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanədir. Iranın kimyəvi silahdan istifadəyə qarşı olduğunu deyən mətbuat katibi qeyd edib ki, Suriyada müharibə başlasa, region üçün ciddi fəsadlar törədəcək: “Gəlin müharibədən danışmayaq. Yaxın Şərqin stabilliyin və əmin-amanlığın bərqərar olunmasına ehtiyacı var. Müharibə başlasa, bu, region üçün ağır nəticələrə səbəb olacaq”.
Əraqçı əlavə edib ki, Iran Suriya münaqişə ilə bağlı keçirilməli olan Cenevrə konfransında iştirak etməkdə israrlıdır.
Iranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın isə Suriya ətrafında yaranmış məsələni şərh edərək bildirib ki, dünyanın təhlükəsizliyi üçün birləşən dövlətlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyaya hərbi müdaxilənin nəticələrinə görə məsuliyyət hissi keçirməlidirlər.
İnformasiya şöbəsi