Siçan piyi

Uşaqlıqda çox sevdiyimiz bir nağıl vardı, yeri gəlmişkən, bu nağıla heç bir kitabda rast gəlməmişəm. Rəhmətlik əmim danışardı, biz də onu təkrar-təkrar danışdırıb boğaza yığardıq. Xoşumuza gələn, bizi güldürən bir yeri vardı. Deməli, bir gün Şir, yəni meşələr padşahı əyan-əşrəfini, qoşununu başına toplayıb üzü Mazandarana yol alır. Gəlir, bir dar dərəyə çatanda görür ki, siçan yolu kəsib və deyir ki, bu meşənin padşahı mənəm, heç kimi də burdan o yana buraxan deyiləm. Şir çox dil-ağız eləyir, çox üz vurur, hətta yalvarır siçana ki, etmə, eləmə. Mən gördüyün kimi şirəm, başımda böyük dəstə var-filan. Xeyri olmur. Siçan elə dediyini deyir. Şir də çox rəhmli, ədalətliymiş, əmimin dediyinə görə. Onda deyir, yaxşı. Və pəncəsini qaldırıb lap xəfifcə siçanın üstünə basır. Elə bil heç basmır hətta. Sonra pəncəsini geri çəkir, siçan bayılır, gözləri dombalıb kəlləsinə çıxır və qarnı üstə çevrilir. Bu vaxt əlahəzrət Şiri gülmək tutur. Deyir ki, bala, səndə heç günah yoxmuş, səni qudurdan “kişiliyinin” qırağına yığışan piymiş. Yəni ki, siçan bir az piylənib özündən çıxıbmış. Nə isə, onu orda buraxıb, Mazandarana doğru hərəkətə başlayırlar. 

Indi Mazandaran olmasın, Dəməşq olsun. Türkiyənin “Hürriyet” qəzeti üç ölkədən “ən yüksək səviyyədə verilən açıqlamalara” istinadla məlumat yayıb ki, ABŞ, Ingiltərə və Fransa Bəşər Əsəd rejiminə qarşı hərbi gücdən istifadə məsələsində anlaşıb. 

Bu heyində Bəşər Əsəd də Rusiyanın “Izvestiya” qəzetinə müsahibəsində ABŞ-ın Suriyaya hərbi müdaxilə edəcəyi halda “Vyetnam müharibəsindən bəri olduğu kimi” məğlubiyyətlə üzləşəcəyini deyib. Elə bilib, Əsəd şir deməkdisə, bu da şirdi.

Hə, belədə istər-istəməz o siçan məsələsi yada düşür. Prinsipcə heç fərqi də yoxdu. Çünki diktatorlar da, siçan və siçankimilər də gəmirici hesab edilirlər. Bu bəşər oğlu Bəşər də eynən o siçan kimi piylənib. Və qudurub. Atam deyərdi ki, qudurğanlıq çox pis seydi. Adamın ağlını çaşdırır, gözünü qızdırır, tifaqını da dağıdır.

Bir də yeri gəlmişkən, siçan dedim, yadıma bir şey də düşdü. Yəqin çoxunuz heç olmasa uşaqlıqda görmüş olar ki, pişik bəzən siçanla necə həvəslə oynayır. Tutur, buraxır, yenidən qovur, pəncəsi ilə onu diyirlədib məzələnir, ancaq axırda payını boyata qoymur. Elə ABŞ da bu günə kimi Bəşər Əsədlə bu cür oynayıb, məzələnib, bəlkə o şir kimi hörmətlə davranıb, deyib, bəlkə yola gələ və ya yoldan çəkilə, yazıqlar olsun ki, heç nə alınmayıb. O siçan piyi imkan verməyib ki, Bəşər inadını yerə qoya, sakit-sakit çəkilib bir qıraqda dayana, ölkəsinin qırğınsız-qansız demokratiya yoluna qədəm basmasına imkan verə. Məgər çoxmu çətin idi, istefa vermək, yeni prezident seçkisi keçirmək, hətta məğlub olacağını bilə-bilə (yox, əgər qələbəyə əmin idisə, lap yaxşı) demokratik seçkiyə getmək və qalib gəlmək… Bütün dünyanı seçkini müşahidə etməyə dəvət edirsən, onlara gerçəkdən necə demokratik, rəqiblərinlə necə bərabər şəkildə yarışdığını göstərirsən, qələbə də qazananda dünya etiraf etməyə məcbur olur ki, adam gerçəkdən qalib oldu. 

Böyük siyasətçi Azay Quliyev deyir ki, Ilham Əliyevə qarşı kim çıxış edə bilər? Mən şəxsən razıyam. Ancaq bir sual çıxır, Azaycım, madam ki, elədi, niyə seçkidə demokratiklik təmin edilmir, o yandan Putini çağırırlar, bu yandan nə bilim, onbaşı, yüzbaşı-filan dəstələri düzəldirlər? Qardaş, gerçəkdən xalq səni sevib seçəcəksə, yəni yan təsirlərsiz, onda seçkini demokratik elə, hamıya da özün kimi şərait yarat. O zaman şəxsən mən seçkiyə şübhəylə yanaşanlara qarşı olmasam, əmimin danışdığı nağıl mənə haram olsun.

Nəysə, o piy çox pis bir şeydi. Suriya xalqının 200 minə yaxını qurban gedib, hələ mabədi də var. Allah bu diktatorlara ağıl-fikir versin.