Vəfa Quluzadə: «Bu razılaşmalarla iki ölkə arasında soyuqluq dövrü bitdi»
Rusiya prezidenti Vladimir Putinin bu ayın ortalarında Azərbaycana etdiyi səfər hələ də gündəmdə qalmaqdadır. Istər səfərdən əvvəl, istərsə də sonra bir çox ekspertlər Azərbaycan hakimiyyətinin seçki ərəfəsi şimal qonşu ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu və bu istiqamətdə müəyyən addımlar atacağını deyirdi.
Hətta rəsmi Bakının xüsusilə prezident seçkiləri ərəfəsində Moskvanın dəstəyini qazanmaq üçün müəyyən güzəştlərə getməyə hazır olduğu da bildirilirdi. Putinin səfərindən sonra bəzi dəyişikliklər artıq hiss olunmaqdadır. Hakimiyyətin Kremlin layihəsi kimi təqdim etdiyi “Milyarderlər Ittifaqı”na qarşı ittihamları, eyni zamanda qarşı tərəfin bəyanatları səngiyib. Bu istiqamətdə sakitlik müşahidə olunur. Bir sıra digər məsələlərdə də dəyişikliklər hiss olunmaqdadır. Bütün bunlar Putinin səfərinin nəticəsi kimi qiymətləndirilə bilərmi?
Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiya kimi avtoritar dövlətdə hər hansı təşkilatın müstəqil addım atması mümkün deyil. “Milyarderlər Ittifaqı”nın da Kremlin göstərişi olmadan hər hansı hərəkət etməsi gözlənilən deyil: “Rusiya elə bir dövlətdir ki, orda hər hansı müstəqil təşkilat gedib başqa ölkədə nəsə edə bilməz. Milyarderlərin də hamısı Kremlə tabedir. Tabe olmayan milyarder Xodorkovskinin yanında oturacaq”.
Ekspertin sözlərinə görə, Rusiya Müftilər Şurasının Ilham Əliyevə dəstək ifadə etməkləri də özbaşına atılan addım deyil. Çünki Rusiyada, ümumiyyətlə, özbaşına hərəkət edən qüvvə yoxdur. Bütün bunlar da Putinin Azərbaycana səfərinin nəticəsi kimi qəbul oluna bilər: “Sözsüz ki, Putin Azərbaycana gələndə müəyyən razılaşmalar əldə etdi. Bu razılaşmalarla da iki ölkə arasında soyuqluq dövrü bitdi”.
Ekspert Rusiyada yalnız müxalifətin müstəqil şəkildə fəaliyyət göstərdiyini və bəzi yarımmüxalifət qurumlarının olduğunu da qeyd etdi. Bunların arasında “Exo Moskvı” radostansiyasını, “Dojd” kanalını göstərmək olar.
Fizzə