Milli Şuranın qərarına ictimai dəstək

Tanınmış ziyalılar Cəmil Həsənlinin namizədliyini müsbət qiymətləndirdi

Avqustun 23-də Milli Şura ehtiyat vahid namizədini seçdi. Əksəriyyətin səsini alan Cəmil Hsənli Milli Şuranın vahid namizədi oldu. Cəmil Həsənlinin vahid namizəd kimi seçkilərdə iştirakı cəmiyyətdə də müsbət qarşılandı.

Tanınmış ictimai-siyasi xadimlər Cəmil Həsənlinin cəmiyyətdəki yerini və çəkisini yüksək qiymətləndirdi.

“Cəmil Həsənli böyük ziyalıdır”

“Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirdi ki, Cəmil Həsənli böyük ziyalıdır və onun şəxsiyyətinə böyük hörmətim var: “Mən indiyə kimi Cəmil Həsənli haqda mənfi fikir söylənildiyini, yaxud onun mənfi əməlinin şahidi olmamışam. Cəmil Həsənlini təmkinli, səmimi insan, böyük alim kimi tanımışam. Cəmil Həsənli çox çətin bir yükün altına çiyinlərini verib. Milli Şuranın vahid namizədi kimi ona uğurlar arzulayıram”.

“Milli Şuranın namizədi bütün parametrlərə cavab verir”

Tanınmış şair Musa Yaqub bildirdi ki, Milli Şuranın seçimi uğurlu seçimdir və sona qədər birlik nümayiş etdirsək qələbəyə nail ola bilərik: “Cəmil Həsənli bütün parametrlərə cavab verən, layiqli şəxsiyyətdir. Mən hər zaman onu böyük ziyalı, cəmiyyət üçün gərəkli insan hesab etmişəm. Cəmil Həsənli hər zaman vətəndaş mövqeyi nümayiş etdirib və haqsızlığa qarşı etirazını bildirib. Ümid edirəm ki, sona qədər yumruq kimi birlik olacaq. Necə deyərlər ”el bir olsa dağ oynadar yerindən”. Mən xalqımıza da, demokratik düşərgəyə də uğurlar arzulayıram”.

“Cəmil Həsənli barmaqla sayılacaq 5-6 ziyalıdan biridir”

Yazıçı Seyran Səxavət də Milli Şuranın seçimini düzgün hesab edir və Cəmil Həsənlini ən layiqli namizəd sayır: “Cəmil Həsənli ölkədə barmaqla sayıla biləcək 5-6 ziyalıdan biridir. Mən hər zaman onu özünə hörmət qoyan, cəmiyyət üçün müsbət işlər görməyə çalışan insan kimi tanımışam. Azərbaycan tarixini, xüsusilə Cümhuriyyət tarixini onun qədər düzgün analiz edən və araşdıran tarixçi tanımıram.  Cəmil Həsənli əqidəli, mövqeyi olan, xalqını sevən adamdır. Mən Cəmil müəllimə uğurlar arzulayıram və ona inanıram”.

“Cəmil Həsənli hər zaman ağır situasiyalarda mənəviyyat nümunəsi göstərib”

Professor Qulu Məhərrəmli hesab edir ki, Cəmil Həsənli Azərbaycan cəmiyyətində ziyalılığın təmsilçisidir və cəmiyyətdə çəkisi olan adamdır: “Mən həmişə demişəm ki, Cəmil Həsənli dar günün adamıdır. Hər zaman ağır situasiyalarda Cəmil Həsənli mənəviyyat nümunəsi yaradıb. Digər tərəfdən dünya tarix elmində Cəmil Həsənliyə istinadlar var. Azərbaycan tarix elminin axsayan məqamında bu cür insan ortaya çıxıb və öz tədqiqatları ilə elmə töhfələr verib. Mən hesab edirəm ki, Cəmil Həsənli siyasi cəhətdən də özünü təsdiq etmiş adamdır. Demokratik qüvvələrin belə bir seçim etməsi alqışlara layiqdir və bu yolda hər kəsə uğurlar arzulayıram”.

Ilham