«Bu peyki də orbitə göndərməklə hakimiyyət rəqiblərinə qarşı fəaliyyətini bir qədər də gücləndirmək istəyir»
Azərbaycanın Yer səthinin müşahidəsi üçün peykinin aşağı Yer orbitinə çıxarılması layihəsinin hazırlanması üzrə işlər artıq tamamlanıb. Bunu mətbuata açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazir Azərbaycanın Yer səthinin müşahidəsi üçün peykin tikintisinə dair tenderin artıq elan olunduğunu da deyib.
Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı Yer orbitinə çıxarılması 2015-ci ilə planlaşdırılıb. Ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə nəzərdə tutulub.
Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycanın ilk peyki orbitə buraxılıb. “Azerspace/Africasat-1″ peykinin faydalı yükü 36 transponderdən ibarətdir.
Peykin orbitdə istismar müddəti 15 ilədəkdir.
Hələ fevral ayında peyk orbitə buraxılanda “Multimedia” Informasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz telekommunikasiya yönümlü peyklər üçün gəlirli biznes qurmağın problemli olduğunu deyirdi. Çünki digər kosmik dövlətlər və şirkətlər tərəfindən peyk bazarı çoxdan zəbt olunub. Elə ölkələr var ki, onların bu xidməti göstərən 40-50 peyki var. Ekspert telekommunikasiya yönümlü peyklərdə biznes qurmağın daha riskli olduğunu bildirirdi.
Belə olan halda Azərbaycanın orbitə ikinci peyk buraxmasına nə ehtiyac var?
Qeyd edək ki, iki il əvvəl RITN birinci peykin 120 milyon ABŞ dollarına hazırlandığı barədə məlumat vermişdi. Ancaq daha sonra “Azərkosmos”dan layihənin ümumi dəyəri 250 mln. dollar olduğu barədə məlumat yayıldı. Müstəqil ekspertlər isə xərclərin 300 mln dollara çatdığını deyirdi. Baxmayaraq ki, Azərbaycan peykinin dünyadakı analoqları 5-150 mln dollara başa gəlir. Bu da peykin hazırlanmasında korrupsiya hallarına yol verildiyini göstərir. Eyni halın ikinci peykin hazırlanmasında baş verməcəyinə inanmaq sadəlövhlük olardı.
Digər tərəfdən, peyk müəyyən gəlir gətirsə də, ümumilikdə ölkəyə faydası ilə bağlı fikirlər birmənalı deyil. RITN peyk resurslarının 20 faizinin Azərbaycanın yerli tələbatını ödəmək üçün istifadə olunacağını, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacağını açıqlamışdı. Belə olan halda illik icarə haqqı təxminən 1 milyon dollar olan transponderin icarəyə götürülməsi daha sərfəli görünür.
Ancaq bir məqamı da xüsusi qeyd etmək yerinə düşər. Azərbaycan hakimiyyəti peykdən daha çox siyasi məqsədlər üçün istifadə edir. “Azadlıq” radiosu və “Azərbaycan saatı” proqramlarının peyk vasitəsilə yayımlanmasına yaradılan əngəl beynəlxalq qalmaqala səbəb oldu. Görünür, ikinci peyki də orbitə göndərməklə hakimiyyət bu istiqamətdə fəaliyyətini bir qədər də gücləndirmək istəyir.
Fizzə