Milli Şuranın vahid namizədini izləyirlər; onun üzərinə şübhəli maye atmaq istəyiblər
Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli təxribatla üzləşib. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, avqustun 26-da axşam saatlarında Cəmil Həsənli evə gedərkən ona xəsarət yetirməyə cəhd olub. Məlumatda deyilir ki, Cəmil Həsənli yaşadığı ünvana daxil olanda binaların birindən üstünə qaynar maye atıblar. Hadisənin şahidlərin bildirib ki, maye 2 və ya 3-cü mərtəbədən atılıb. Lakin Cəmil Həsənlinin mühafizəçiləri onu təhlükədən qoruya bilib. Şahidlər deyir ki, mayedən xüsusi qoxu gəlirmiş. Ehtimal olunur ki, bu kimyəvi maye olub.
Məlumatı Cəmil Həsənlinin mühafizəçiləri təsdiqləyib. Lakin əlavə heç nə demək istəməyiblər. Cəmil Həsənli də məlumatı təsdiqləyib. O, “Azadlıq” qəzetinə avqustun 26-da həqiqətən də belə bir təxribatla qarşılaşdığını deyərək əlavə edib ki, ümumiyyətlə avqustun 24-dən yaşadığı binanın qarşısında şübhəli şəxslər dolaşmağa başlayıb.
“Azadlıq” radiosuna açıqlamasında isə Cəmil Həsənli məlumat verib ki, yaşadığı evin ətrafı, onun hara gedib-gəldiyi, kimlə görüşdüyü izlənir, hətta bəzi hallarda fotoları da çəkilir: «Evimin yaxınlığında yerli kanallardan birinə müsahibə verirdim. Gördüm ki, məni izləyənlər bizim şəklimizi çəkirlər. Özü də açıq-aşkar şəkildə. Məndə onların maşınlarının nömrələri var. Onlardan bir-ikisini tanıyıram. Bundan əvvəl Ziyalılar Forumunda aktivliyim zamanı da onlar məni izləyirdilər. Bu adamlar xüsusi xidmət orqanlarının əməkdaşlarıdır».
Cəmil Həsənli bildirib ki, yaşadığı evin mühafizəçiləri ilə bu adamların danışdıqlarına da şahid olub. O, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyii deyib: «Kimdən kimə şikayət edim?».
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov isə baş vermiş olayla bağlı bunları deyib: “Bu hadisə ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Əgər Cəmil Həsənliyə qarşı hər hansı qanunsuzluq hadisəsi baş veribsə, hüquq-mühafizə orqanlarına yaxud, ”102″ xidmətinə müraciət etsin”.
İnformasiya şöbəsi