Cavid Qurbanov-Yavər Camalov qarşıdurması başlayır
“Azadlıq”ın dünənki sayında məlumat vermişdik ki, “Dəmirbank” Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovu məhkəməyə verir. Bu barədə məlumatı qəzetimizə bankın nümayəndəsi Ilhamə Həsənova vermişdi.
Nümayəndə bildirdirmişdi ki, nazirin qardaşı Əlikram Camalov “Hacı Camalxan” adlı Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradıb və özü də həmin qurumun direktorudur. Əlikram Camalov “Hacı Camalxan” MMC-nin adına “Dəmirbank”dan 3 milyon 950 min manat kredit götürüb.
Ilhamə Həsənovanın sözlərinə görə, Əlikram Camalov qeyd olunan krediti 26 may 2010-cu ildə götürüb və bu günə qədər banka bir manat da olsun, ödəniş etməyib. “Qardaşının vəzifədə olmasından istifadə edən Əlikram Camalov banka ödəniş etməkdən boyun qaçırır. Buna görə də iddia ərizəsi hazırlamışıq və bankın pulunu ödəməsi üçün məhkəməyə müraciət edəcəyik”, – deyə Ilhamə Həsənova bildirmişdi.
Dünən Müdafiə Sənayesi Nazirliyi məsələyə reaksiya verib. Nazirliyin ümumi şöbəsindən Modern.az-a bildiriblər ki, bunun Yavər Camalova heç bir aidiyyatı yoxdur: “Indi heç valideyn övladına cavabdeh deyil, o ki qala qardaş qardaşına. Biz hüquqi dövlətdə yaşayırıq. Əgər nazirin qardaşının banka belə bir borcu varsa, bank onu məhkəməyə verə bilər. Borcu varsa ödəməlidir. Daha bunun nazirə nə aidiyyatı? Bir də görürsən ki, Şirvanda nə baş verir, tez nazirin adına yazırlar. Nazir istehsalatla məşğul olsun, yoxsa bu kimi gülməli yazılara münasibət bildirsin? Heç bilinmir ki, Əlikram Camalov bankdan həqiqətən pul götürüb, ya yox”.
Məlumat üçün deyək ki, “Dəmirbank” nəqliyyat naziri Ziya Məmmədovun sağ əli hesab edilən, “Azəryolservis”in şefi Cavid Qurbanova məxsusdur. Cavid Qurbanov hakimiyyətin iri oliqarxlarından biridir. Güman ki, Əlikram Camalovun bankdan götürdüyü pulu ona yedirtməz. Bankın nümayəndəsinin məsələni ictimailəşdirməsi də belə deməyə əsas verir. Bu isə təbii olaraq Yavər Camalovla Cavid Qurbanov arasında qarşıdurmaya səbəb olacaq. Hətta bəzi məlumatlara görə, artıq oliqarxların münasibətində ciddi gərginlik yaranıb.