“Ya azad ol, ya tamam yan, Azərbaycan”

Əsgər Möhsümoğlu (“Amerikanın səsi”) Cekson Delin “Vaşinqton Post”da yazdığı “Misirdə onurğasızlıq” məqaləsilə bağlı təhlil yazısı yazıb. Həmin məqalədə bizə də son dərəcə dəxli olan bir parça var. Orada deyilir ki, Amerikanın təcridçiləri öz ölkəsinin dünyanın polisi olması fikri ilə razılaşmırlar. Onların fikrincə, hər bir toplum özü öz taleyi üçün məsuliyyət daşıyır və xalqlar öz talelərini nə dərəcə çox müəyyən etmiş olsalar, bir o qədər öz siyasi quruluşlarına maraq göstərər, ona sadiq qalarlar. Onların fikrincə, axı nəyə görə hardasa demokratiya qurulması üçün amerikalıların qanı axmalıdır? Niyə bunu məhz, amerikalılardan gözləmək insanlara təbii görünür? Yaxud özlərinə nə gəlib? Necə deyərlər, könlü balıq istəyənin…

Sanki hansısa bir amerikan həkimi Azərbaycan xalqının ən ağır xəstəliyini müəyyən edib: “Özlərinə nə gəlib?” xəstəliyi. Yəni, şilsən, çolaqsan, ya Amerikanı qoyun hesab eləyirsən?

Hakimiyyətin əl atdığı ən iyrənc daxili və beynəlxalq siyasi fəaliyyətinə (müxalifət daxilindəki yerli satqınlar və xarici “böyük qardaşlar”) baxmayaraq, Milli Şura onunçun hazırlanmış böhrandan çıxıb, əvvəlkindən daha əzmlə, daha müsbət çalarlı entuziazmla öz missiyasına davam etməyə nail oldu. Rüstəm Ibrahimbəyovun namizədliyini sıradan çıxarandan sonra professor, vicdanlı ziyalı Cəmil Həsənlinin ehtiyat (əslində isə vahid) namizəd seçilməsi hakimiyyətin milyardlıq sövdələşmələrini heçə endirdi. Pislik həm Putinin, həm də ona möhtac olan bizimkilərin özünə qaldı. Çünki Ibrahimbəyovdan sonra daha bir nəhəng, yəni həm intellektual, həm xalq çevrələri içində nüfuzu kifayət qədər böyük olan yeni namizədin seçilməsi demokratiyanın qələbəsini bir az da real, bir az da yaxın, əlçatan duruma gətirdi.

Həmin gün Milli Şuranın yeni – ehtiyat namizədinin seçildiyi gün oraya toplaşanların üzündəki, gözündəki ifadə haqda Şahvələd Çobanoğlu “Pəncərədən əl çalanlar” köşəsində dəqiq və təfərrüatıyla yazıb deyə, mən elə əlavə etmək istəmirəm. Bu, Azərbaycan insanının azadlığa nə qədər ac olduğunun daha bir sübutudur. Lakin mən “Vaşinqton Post”dakı məqalədə qoyulan suala qayıtmaq istəyirəm. “Hər bir toplum özü öz taleyi üçün məsuliyyət daşıyır” və “özlərinə nə gəlib?”, “niyə bunu Amerikadan gözləyirlər?”

Gəlin açıq danışaq və saxta millətpərvərlikdən qaçaraq boynumuza alaq ki, bu xalq istəməyinə istəyir. Bəlkə də hər kəsdən çox istəyir. Ancaq öz taleyi üçün məsuliyyət daşıdığını hiss edirmi? Yəni təkcə balıq istəməklə iş bitirmi? Bəs “quyruğunu” buzlu suya kim sallayacaq? Bəli, bunu etiraf etmək lazımdı ki, bu toplum quyruq ələ verən deyil. O, Amerikanı söyə-söyə, işğalçı və ya beynəlxalq imperializm adlandıra-adlandıra nicatı onlardan gözləyir. Və yaxud müxalifətdən, daha dəqiq desək, bu məqamda Cəmil Həsənlidən. Sanki onlar istəməli, nə seçkiyə getməli, getsə də, gedib hansısa məmur qohumunun işdə qalması və sair səbəblərə görə YAP-ın namizədinə səs verməli, saxtakarlığın baş tutması üçün əlindən gələni əsirgəməməli… lakin Cəmil Həsənli qalib gəlməli, bu xalqı xoşbəxt etməlidi. Axı ay başına döndüyüm xalq, bu, necə ola bilər? Belə bir şey tarixin əvvəlindən bu yanacan dünyanın hansısa xalqının ağlına gəlibmi? Səsi (hər hansı səbəbdən) Məhərrəmə verim, ama Məhəmmədin qalib gəlməsini istəyim, tələb edim və hətta məğlubiyyətə görə onu durmadan qınayım, lağa qoyum. Bu ikiüzlülük deyilmi bu günə qədər müsəlman dünyasının evini yıxan?

Indi bu xalq güvə basmış papağını qənşərinə qoyub fikirləşməlidi: mən bunu istəyirəmmi? Istəyirəmsə, nə etməliyəm? Əks halda, ömrü məşəqqət içində məhv olub gedən yüzlərlə fədakar insana yazıq. Azad insan onsuz da hər bir rejimdə azaddı, qoy kölələr də öz başının çarəsinə baxsın…