Bakı İstintaq Təcridxanasında saxlanan ilahiyyatçı Tale Bağırzadənin avqustun 23-də cərimə təcridxanasına salınmasının səbəbi bilinib.
Vəkil Cavad Cavadlı “Media forum” saytına bildirib ki, avqustun 26-da Bakı İstintaq Təcridxanasında Tale Bağırzadə ilə görüşüb: “Təcridxananın rəisi Azər Seyidovun göstərişi ilə Tale Bağırzadəni üç günlüyə cərimə təcridxanasına salıblar. Səbəb isə Tale bəyin “İslamazeri.az” saytına göndərdiyi və saytda “Oyanış Hərəkatını hərtərəfli şəkildə dəstəkləyən sizlərsiniz” başlığı ilə dərc olunan məktubudur”.
Vəkilin sözlərinə görə, Tale Bağırzadə yolundan dönməyəcəyini bildirib və Azər Seyidova da deyib ki, zindandan o tərəfə ölümdür və bunu gözünə alıb, başa düşsünlər, onların tələblərini yerinə yetirsinlər.
“Tale Bağırzadə mənimlə görüşdə yüksək əhval-ruhiyyədə idi və hamıya çatdırmağı xahiş etdi ki, yüksək ovqatda olsunlar, Allah bizimlədir!”, – deyə vəkil bildirib
Taleh Bağırzadə martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.
“Oyanış Hərəkatını hərtərəfli şəkildə dəstəkləyən sizlərsiniz” məktubunda o, hakimiyyətin ünvanına sərt fikirlər səsləndirib, onu müsəlmanlara qarşı siyasət yürütməkdə günahlandırıb.