Siyasi alver predmeti…

Milli Şura yaranmasıyla hakimiyyətin başağrısına çevrilib. Həm də təkcə hakimiyyətin yox, onun süfrəsinin qırıntılarından dolananlar da məntiqə (yəni dolanışıqlarına) uyğun olaraq iqtidardakılarla eyni mövqedən çıxış edirlər. Açıqlamalarında, yazdıqları və yazdırdıqları yazılarda hakimiyyət düşərgəsində olanlardan heç də fərqlənmirlər. 

Məncə, hakimiyyətin bu adamlara münasibəti də ədalətli deyil, onlar indi aldıqlarından daha çoxuna layiqdirlər. YAP iqtidarı burda da xislətinə uyğun olaraq xəsislik edir, adamların halal haqqını vermir. Onlara bir maşın, bir ev, bir villa verməklə yetərlənir, ancaq bu adamlar eynən hakimiyyətdəkilər kimi daha çoxuna sahib olmalıdırlır. Adam özünü bazara çıxarıb, hansı yola desən gedir, hansı havaya desəz, oynayır, daha nə etməlidir? Xalq heç, onsuz da onu elə heçə sayırsız, hesablaşmırsız, zülm edirsiz, doğal haqlarına təcavüz edirsiz, malını-mülkünü əlindən alırsız, olsun, bəs bunların haqqını niyə tam vermirsiz?

Milyonlar qoyub sayını artırdığınız qəzetlərdən, saytlardan, portallardan, sizin yanınızda olanlardan daha artıq xidmət göstərirlər. Heç olmasa onlara qarşı ədalətsiz olmayın, Tanrı sizi bağışlamaz. Nə qədər gec deyil, qayıdın bu yoldan, seçkiyə az qalır, bir də gördüz üzləri döndü, sahiblərin, etibarların, hafizlərin ümidinə qalacaqsız, mayanız batacaq.

Seçki yaxınlaşır. Milli Şuranın vahid namizəd məsələsi hakimiyyəti çətin duruma salıb. Rüstəm Ibrahimbəyov sədr seçiləndən əsas hədəf o idi. Ağıllarına gələni yazırdılar. Əsas silahları Nardar Bayramlı (yeri gəlmişkən, ona jurnalistlərin binasından 1 mənzil veriblər, burda da ədalətsizlik olub, yazılarına görə ona ən azı 2 mənzil düşürdü). Onunla yanaşı hər gün “Yeni Azərbaycan”da Milli Şuranı “yıxıb-sürüyən” Oqtay Hacımusalının adı isə ev alanlar siyahısında, ümumiyyətlə, yoxdur…

Indi növbə ehtiyat vahid namizədə çatıb. Bu həftədən başlayaraq əsas hədəf Cəmil müəllim olacaq. Onun tarixçi adını “saxta yolla” aldığı, ümumiyyətlə, tarixdən “xəbərsiz” olduğu barədə yazılar gələcək. Rüstəm müəllim hələlik bir qədər arxa plana keçəcək. Ən azı Rusiya vətəndaşlığı məsələsi həll olunana qədər. Işdir, problem həllini tapsa, ağa durub, Ağacan durub – yenidən hücum başlayacaq.

Cəmil müəllimlə bağlı ilk etiraz türmədən gəldi. Ilham Əliyevin 2005-ci ildə türməyə saldığı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev yeni vahid namizədə və prezident seçkisinə münasibət bildirdi. Məntiqlə o, bu münasibəti seçki ajiotajı yaranan kimi bildirməliydi. Ancaq seçki Fərhad Əliyevin yadına illərdir onun hüquqlarının müdafiəsində dayanan Cəmil Həsənli vahid namizəd olan kimi düşdü. Dərhal düymə basıldı və keçmiş nazir danışdı:

“Azərbaycan Respublikası prezidenti seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab Ilham Əliyevə inanıram və onu dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab Ilham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram”.

Fərhad Əliyevin kimə səs verməsi (hətta ona pislik edənlərə belə) onun hüququdur. Bəlkə türmə həyatı, yaxınlarından uzaq düşməsi, azadlığının məhdudlaşdırılması, nazir olarkən qazandıqlarının əlindən alınması ona xoşdur, özü bilər. Ancaq yaxınlarını da onun kimi düşünməyə, onun namizədinə səs verməsinə əmin olması başqalarının hüququna bir balaca müdaxilə sayıla bilər. Onun “…Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasətçi…” kimi dəyərləndirdiyi Ilham Əliyev, çox təəssüf ki, Azərbaycanı dünyaya başqa yöndən tanıdıb. Bunu beynəlxalq hesabatlar deyir. Fərhad Əliyev də bilməmiş olmaz, oxumuş adamdır. Çünki elə həmin beynəlxalq təşkilatlar bir çox başqaları kimi Fərhad Əliyevin də həbsinin qanunsuz olduğunu deyirlər… 

Hər kəs başqasının seçiminə hörmətlə yanaşmalıdır. Qohumları siyasi alverə qoşmaq yolverilməzdir… 

Tanrı qapını açsın, Fərhad müəllim!