Milli Şura «imzatoplama»ya hazırdır

Həsən Kərimov: «MSK-dan alınacaq 45 min imzalıq vərəqələrin hamısının doldurulması üçün texniki işlər artıq yekunlaşdırılıb»

Gülağa Aslanlı: «Artıq imza toplayacaq şəxslər üçün xüsusi treninqlər keçilib»

Namizəd üçün imzatoplama kampaniyası bir qayda olaraq dünyada siyasi qüvvələrin seçki öncəsi öz elektoratlarını gözdən keçirməsinə imkan verir. Belə ki, imzatoplama kampaniyası zamanı əhali arasında irəli sürülən namizədin nə dərəcədə yüksək reytinqi olduğunu hiss etmək olar.

Bir müddət sonra Milli Şuranın vahid ehtiyat namizədi, professor Cəmil Həsənlinin imza vərəqələrinin MSK-dan alınması gözlənilir. Qanunun tələblərinə görə, prezidentliyə namizəd adını qazanmaq istəyən şəxs ən azı 60 dairədə 40 min imza toplamalıdır. Müxalifətin geniş spektrını özündə birləşdirən Milli Şura imzatoplama kampaniyasına necə hazırlaşır? Bu istiqamətdə artıq müəyyən işlər görülübmü və partiyalar qanunda nəzərdə tutulandan əlavə imzaları MSK-ya təqdim edəcəklərmi?

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, MSK-dan alınacaq 45 min imzalıq vərəqələrin hamısının doldurulması üçün texniki işlər artıq yekunlaşdırılıb. Qısa müddət ərzində imzatoplama kampaniyasını yekunlaşdırmağa resurslarının olduğunu deyən H.Kərimov vurğuladı ki, ümumilikdə 5-6 günə bu prosesi yekunlaşdırmağı planlaşdırırlar: “Imzalar bir neçə gün ərzində toplandıqdan sonra onlar MSK-ya təqdim olunmamışdan öncə ekspert qrupumuz tərəfindən yoxlanılacaq. Imza vərəqələrini MSK-dan aldıqdan sonra qısa müddət ərzində onların əyalətlərə çatdırılmasını düşünürük. Milli Şura olaraq müxalifətin geniş koalisiyasını əhatə edirik və kampaniyanın bu dönəmini uğurla başa vuracağıq”.

AXCP olaraq artıq imza toplayacaq şəxslərə xüsusi treninqlər təşkil etdiklərini deyən H.Kərimov vurğuladı ki, bundan başqa, partiyanın funksionerləri regionlarda fəallarla görüşərək onları seçki kampaniyası ilə bağlı təlimatlandırırlar.

Müsavat başqanının müavini Gülağa Aslanlı da bildirdi ki, onlar da imzatoplama kampaniyasını qısa müddət üçün yekunlaşdırmağa bütün resurslarını səfərbər ediblər. Milli Şuranın vahid namizədinin Seçki Qərargahının harada yerləşəcəyi və fəaliyyətinin detallarını, o cümlədən imzatoplama kampaniyasını müzakirə etmək üçün bu gün toplaşacaqlarını deyən G.Aslanlı vurğuladı ki, bu toplantıda atılacaq addımlar konkretləşdiriləcək: “Müsavat Partiyası olaraq imzatoplama kampaniyasına tam hazırıq. Artıq imza toplayacaq şəxslər üçün xüsusi treninqlər keçilib. AXCP-nin də bu istiaqmətdə işlərini yekunlaşdırdığını görürük. Bundan başqa, Milli Şuraya daxil olan digər partiyalar da bu prosesə dəstək verəcəklərini bəyan ediblər”. MSK-nın Milli Şuraya imza vərəqələrini avqustun 28-də təqdim edəcəyini gözlədiklərini deyən G.Aslanlı vurğuladı ki, həmin gündən başlayaraq imza toplamağa başlamağı düşünürlər: “Imzatoplama kampaniyasına başlamamışdan öncə namizədin adına seçki hesabı açılmalıdır. Biz bu hesabı bir qədər əvvəl açaraq imzatoplamaya dərhal başlamaq niyyətindəyik. Imzatoplamanın özünü 2 günə yekunlaşdıraraq, yoxlanma prosesini başa vurduqdan sonra sentyabrın 7 və ya 8-də sənədləri MSK-ya təqdim etməyi düşünürük”.

Xəyal