Milli Şura hakimiyyətə dərs verdi

Birinci mərhələni uğurla yekunlaşdıran qurum, cəmiyyətdə yeni canlanma yaratdı

Milli Şura yenidən özünə birləşdirici fiqur seçdi. Professor Cəmil Həsənli vahid namizəd oldu. Bu, görünənlər içərisində mühüm olaylardandır. Amma Milli Şura haqqında elə həqiqətlər var ki, onları çox incəliklə xalqa çatdırmaq zəruridir. Bunlardan bir neçəsini biz vaxtilə yazmışdıq. Amma indi məntiqi ardıcıllığı təsvir edə bilmək üçün bəzilərini xatırladacağıq.

Rusiya blefi işləmədi

Milli Şura iyunun 7-də yarandı və hakim partiya öz qurultayının vaxtını iki ay önə çəkib həmin günə təyin etdi – Ilham Əliyevi namizəd göstərdi. Bir müddət hakimiyyətə uzaqdan-yaxından bağlı olan siyasətçilər, mətbuat orqanları durmadan təbliğat apardılar, şər yaydılar ki, Milli Şura Rusiyanın dəstəyilə yaranır. Bundan çox keçməmiş Ilham Əliyev Putinin Bakıya səfərini təşkil elədi və onunla şəkil çəkdirmək üçün milyardları rüşvət verdi.

Bu barədə iddialar mediada və sosial şəbəkələrdə özünə geniş yer aldı. Dahası Milli Şuranın sədri və ilk vahid namizədinə Rusiya tərəfindən rəsmi maneə yaradıldı, bununla da Kreml Əliyevlərin xeyrinə Azərbaycanın daxili işinə qarışmış oldu. Dünya siyasi tarixində bu cür aşkar sığınmalar o qədər də çox olmayıb. Yaxın tariximizdə isə bunu ancaq Əliyevlər Rusiyaya sığınaraq göstərdilər. Yəni, bir dövlət başqa bir dövlətdə müxalifətə rəsmən maneə yaratdı. Əliyevlər isə özlərini yarışa hazır bilmədikləri üçün bu cür “döşək çempionu” olmağa siyasi razılıq verdilər və Kremlin qanadı altında görünməyi özlərinə rəva bildilər. Rusiya Ilham Əliyevin 3-cü dəfə də qanunsuz yolla hakimiyyətə gəlməsi üçün onun yolunu təmizləməyə cəhd etdi.

Milli Şura adını doğrultdu

Isa bəyin də dediyi kimi, 5 siyasi təşkilatın təkidinə baxmayaraq, müstəqil gənclərin və ziyalıların, o cümlədən AXCP-nin israrı ilə yeni vahid namizədin seçilməsi üçün qərar qəbul edildi. Bundan sonra Milli Şura yenidən daxili gücünü göstərib, siyasi yetkinliyini ortaya qoyub daha bir vahid namizəd müəyyənləşdirə bildi. Bu qərarın verilməsi iki mühüm məqamı bizim üçün ortaya qoydu. Birincisi, Milli Şuradakı siyasi qüvvələr demokratiya uğrunda həqiqi mübariz olduqlarını ortaya qoydular. Qəbul edilmiş qərarların əleyhinə və ya lehinə olmalarından asılı olmayaraq, icrasında yüksək səviyyədə iştirak elədilər. Bununla da həqiqi demokratiyanın nə demək olduğunu bildiklərini, onu yaşadıqlarını ortaya qoydular. Həmçinin bu siyasi qüvvələr və liderlər ikinci bir ziyalını seçməklə hakimiyyəti dəyişmək işində israrlı, Milli Şura kimi birliyi qorumaqda maraqlı olduqlarını ortaya qoydular. Cəmil Həsənlinin ətrafında birləşmək qərarı isə ümumiyyətlə, Milli Şuradan kənarda qalan xırda kəsimlərin də dəstəyini aldı. Açıq-aydın görünürdü ki, hətta bu günə qədər Milli Şuranın qərarlarını təftiş edən gənclər və ziyalılar da bu qərardan xeyli ruhlanmışdılar. Bu isə yenidən daha mükəmməl bir qərarın verildiyinin göstəricisi idi. Milli Şura isə təkcə vahid namizəd baxımından deyil, həm də format etibarilə hakimiyyətin narahatlığını birə on artırır.

Altı səhifəlik “Heç nə!”

“Yeni Azərbaycan” qəzeti Milli Şuranın 19 avqust sessiyasının gərgin müzakirələrinə “Yeni Müsavat” qəzetinin 20 avqust sayında həsr etdiyi sərlövhənin fonunda qiymət vermişdi. “Heç nə!” sərlövhəli yazıda Milli Şuranın dağılması xəbəri yazılır və bu qurumdan 4 təşkilatın istefa verib gedəcəyi bildirilirdi. Hətta sessiya zamanı məlum olmuşdu ki, səsə qoyulmamış, müzakirələri davam edən “əsas namizəd konsepsiyasi haqqında memorandum” da internet saytlarına ötürülüb. Bu ona görə idi ki, Milli Şuranın vahid namizəd ideyasından əl çəkdiyi fikri yaradılsın, cəmiyyətin müqaviməti təşkil olunmadan parçalanma güclənsin. Amma yüksək siyasi əzm və iradə qalib gəldi. Bütün bunların hamısına isə “Yeni Azərbaycan” qəzeti altı səhifə yazı həsr etmişdi. Milli Şuranı “ölü qurum” adlandırıb ona altı qəzet səhifəsi həcmində hücum təşkil eləmək sadəcə, isterikada olmağın, vəziyyəti düzgün qiymətləndirməməyin göstəricisi sayıla bilər. Heç kimə sirr deyildi ki, Milli Şura ətrafındaki diskussiyalarda hakimiyyətdən ideya, maddi və media dəstəyi alan qruplar ölüm-dirim savaşı verirdilər. Çünki onların öhdəliyi baş tutmurdu – Milli Şura dağılmırdı. Üstəlik, bu, ciddi bir revanş idi və hakimiyyət yenidən siyasi təşəbbüsləri əldən verəcəyindən qorxur. Cəmiyyətdə Cəmil Həsənlinin namizədliyinə olan münasibət isə bu fikri bir daha təsdiqləyir. Milli Şura şəxsi maraqlarını milli maraqlar kontekstində bir neçə dəfə bir neçə namizədin xeyrinə geri çəkmiş insanların birləşdiyi bir qurum kimi, həm də gələcək naminə daha fundamental fədakarlıqlara hazır olduğunu ortaya qoydu.

Qələbə bir addımlıqdadır

Vahid komanda və güc var. Xalqın böyük bir kəsimi narazıdır. Xalqın dilini və dərdini bilən, onun ağrılı nöqtələrindən xəbərdar olan bir namizədlə seçkiyə getmək isə işin ən mühüm məqamlarındandır. Cəmil Həsənli siyasi baxımdan tam yetkin, dövlət idarəetməsi, siyasi partiya fəaliyyəti və parlament təcrübəsi olan bir şəxsdir. Onun ölkədəki bütün siyasi partiyalarda ciddi nüfuz sahibi olduğu hər kəsə bəllidir. Azərbaycanın dostlarını, düşmənlərini bilir. Bir sözlə, milli maraqların həm tarixini, həm gələcəyini bilən bir namizəddir. Arxasında mühüm siyasi güclərin hamısı var. Bircə qalır, xalqı bu mübarizədə aktiv səfərbər etmək, hər kəsi öz həyatı uğrunda mübarizəyə səsləmək və bu mübarizəni sivil yollarla təşkilatlandırıb hakimiyyətin zorakı müqavimətini məğlub eləmək. Bu da çox uzaqda deyil. Milli Şura son dövr tariximizdə real siyasətin baş verdiyi bir təşkilat olmaqla, bütün böhranlardan siyasi yolla çıxmağı bacardı. Hakimiyyət isə hələ ki, siyasətə mane olmağı siyasət sayır. Bu metod isə çoxdan məğlubdur.