Elşad Abdullayev rəsmən beynəlxalq axtarışa verildi

Keçmiş rektoru insan orqanlarının qanunsuz alverində ittiham edirlər

ABU-nun nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin direktoru barəsindəki cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin direktoru barəsində qanunsuz böyrək köçürülməsinə dair başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) və 137.3 (insan orqanlarının və ya toxumalarının alqı-satqısı) maddələrilə istintaqı aparılan cinayət işinin materialları məhkəməyə göndərilib.
Məlumatda o da qeyd olunur ki, bu istiqamətdə araşdırmalar qanunsuz orqan transplantasiyası ilə əlaqədar Ukrayna hüquq-mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqda müraciət əsasında başlanıb. Prokurorluq bildirir ki, Elşad Abdullayev tabeçiliyində olan Tibb Mərkəzinin baş həkimi Dilarə Ismayılovaya insan orqan və toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair qanunsuz göstəriş verib. Nəticədə maddi cəhətdən imkansız donorlardan qanunsuz olaraq böyrəkləri götürülərək, 11 nəfər Israil, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşları olan resipiyentlərə köçürülməklə 13 cərrahiyyə əməliyyatı aparılıb. Dilarə Ismayılova hər bir əməliyyata görə 130 min dollar pulu nəğd şəkildə Elşad Abdullayevə verib.
Bu cinayət işi üzrə Elşad Abdullayev və Dilarə Ismayılova Cinayət Məcəlləsinin 137.3 və 308.2-ci maddələrilə təqsirləndirilən şəxs qismində tanınıb. Elşad Abdullayev hazırda Fransada siyasi sığınacaq aldığından Dilarə Ismayılovanın barəsindəki cinayət işi ayrılıb və istintaqı tamamlanaraq, dünən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Elşad Abdullayevin barəsində isə Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək, beynəlxalq axtarışa verilib.

Aytən