“Milli Şura zorakılığı qəbul etmir”

«Rüstəm İbrahimbəyovu Rusiyanın layihəsi hesab edənlər sonda özləri Kremlə iman gətirdilər»

Cəmil Həsənli: «Konstitusiyanın təminatçısı ya seçki kampaniyasını qəbul etməli, ya da açıq etiraf etməlidir ki, müxalifət təmsilçisinin bu seçkilərdə iştirakına dözmək niyyətləri yoxdur»

Demokratik Qüvvələrin Milli Şurasının yeni vahid namizədi professor Cəmil Həsənli “Azadlıq”a geniş müsahibə verib. Müsahibəni təqdim edirik:

(Əvvəli ötən sayımızda)

– Avqustun 23-də bir nəfərin mətbuata verdiyi açıqlamalar əsasında Respublika Prokurorluğu Milli Şura barədə araşdırmalara başladığı barədə məlumat yayıb. Milli Şuranın iğtişaşa hazırlaşması barədə iddialar nə dərəcədə əsaslıdır?
– Şübhəsiz ki, müəyyən yeni təsisatlar yarananda, xüsusilə bu təsisatları demokratik düşərgəyə məxsus adamlar yaradanda hakimiyyətin müəyyən hazırlıq tədbirləri olur. Bir qayda olaraq hakimiyyət çalışır ki, gələcək niyyətlərinin bünövrəsini qoysun və hər hansı formada öz adamlarını bu təşkilatların daxilinə yerləşdirsin. Zaman-zaman da bu şəxslər istər Milli Şura, istərsə də müəyyən təşkilatların daxilində hansı məqsədlərlə yerləşdirilibsə, onları da yerinə yetirməlidir. Milli Şura yarandığı gündən etibarən dinc, demokratik, sivil yolla fəaliyyət göstərmək istəyən təşkilat olduğunu bəyan edib. Milli Şura zorakılığı qəbul etmir. Bu məqamlar Milli Şuranın təsis bəyanaməsində də əksini tapıb. Milli Şura konstitusion, seçki yolu ilə siyasi dəyişiklikləri hədəfləyən siyasi qüvvələrin, partiyaların birlik modelidir. Birinci onu vurğulamaq istəyirəm ki, bu bəyanatı verən şəxs Milli Şuranın üzvü olmayıb və Milli Şuranın istər qapalı, istər açıq, istərsə də rəhbərliyinin toplantılarında iştirak etməyib. Milli Şuraya qarşı qəribə fantaziyalar var. Kiminsə evinə silah ataraq onu həbs edirlər və bəyan edirlər ki, bu Milli Şuranın “silahlı qanadıdır”. Indi də iğtişaş barədə danışan şəxs Milli Şuranın üzvü deyil, təşkilata hər hansı yaxınlığı yoxdur. Axı hansı əsasla belə iddia ilə çıxış etmək olar? Bütün bunlar hamısı Azərbaycanın hüquqdan kənar bir cəmiyyət formasına gətirilib çıxarılmasının təzahürüdür. 

– Indiyə qədər baş verənlər göstərir ki, hakimiyyətin əsəbləri bir kənddə şəxsi evdə keçirilən tədbirə belə dözmür. Amma kampaniya müddəti elədir ki, Milli Şura qısa zamanda böyük işlər görməli, əhalinin içinə getməlidir. Ev müşavirələrinə əsəbləri dözməyən hakimiyyət Cəmil Həsənli və Milli Şuranın komandasının iri rayon mərkəzlərində keçirilən kütləvi görüşlərinə sakit yanaşa biləcəkmi?
– Müxalifət partiyalarının bu günə qədər paytaxtdan kənar aksiyalarına icazə verilməyib. Polisin gücü ilə keçirilən bu toplantılar dağıdılıb. Belə bir şəraitdə şübhəsiz ki, işləmək çətin olacaq. Amma bu, bir seçki kampaniyasıdır. Konstitusiyanın təminatçısı olan vəzifəlilər ya bunu qəbul etməli, təminat verməlidir, ya da açıq etiraf etməlidir ki, müxalifət təmsilçisinin bu seçkilərdə iştirakına dözmək niyyətləri yoxdur.

– Belə fikirlər var ki, Rüstəm Ibrahimbəyov özü namizəd olmasa belə mütləq Bakıya gəlməli və ehtiyat namizədin seçki kampaniyasında aktiv iştirak etməlidir. Sizin, Rüstəm bəydən gözləntiləriniz nədən ibarətdir?
– Birincisi, onu deməliyəm ki, mən Rüstəm Ibrahimbəyovun dostuyam. Hətta mənim Milli Şurada təmsilçiliyim də bilavasitə Rüstəm Ibrahimbəyovla bağlıdır. Rüstəm bəy mənim üçün son dərəcədə qiymətli bir adamdır. Şübhəsiz ki, mən hələ də o ümiddəyəm ki,  əgər Rüstəm Ibrahimbəyov prosesə qoşula bilsəydi, bu çox yaxşı olardı və biz hamımız ona kömək edərdik. Amma bu olmayacağı təqdirdə Milli Şuranı seçkidən kənarda qoymaq olmaz. Bu seçkilər olmalıdır və mən də hesab edirəm ki, Rüstəm Ibrahimbəyov Milli Şuranın sədridir, özünün də əvvəlcədən elan etdiyi kimi bu prosesin önündə getməlidir. Bütövlükdə cəmiyyətin seçki aktivliyinin artmasında edə biləcəklərini reallaşdırmalıdır. Eyni zamanda Rüstəm Ibrahimbəyov Milli Şuranın seçki kampaniyasının mərkəzi fiqurlarından biri olmalıdır. Nəhayət bir dost kimi ondan umacağımız bizim önümüzdə getməsidir.

– Cəmil bəy, təmsil olunduğunuz Ziyalılar Forumunun üzvlərindən bir qismini Milli Şurada görmədik. Bu şəxslər Azərbaycan cəmiyyətinin qaymaqları sayılırlar. Onlardan gözləntiləriniz nədir? Açıq danışaq, axı proseslər sadəcə olaraq “mən bu forumdayam və dəyişikliklər istəyirəm”lə bitmir?
– Açıq deyirsən, açıq danışaq. Ümumiyyətlə, Ziyalılar Forumu bir qədər fərqli müstəvidə yaradılmışdı. Açığını deyim ki, forum yaradılanda buradakı üzvlərin bilavasitə siyasətin içərisində olacağı məqsədi qarşıya qoyulmamışdı. Forumun elə özəlliyi ondan ibarət idi ki, o, siyasətdən də bir qədər yuxarıda idi və siyasətlə arasında bir az məsafə saxlayırdı. Forum bütövlükdə xalqın, millətin müqavimət hissinin oyanmasında, ictimai rəyin formalaşmasında, millətimizin haqları və hüquqları ilə bağlı müəyyən məsələlərdə mövqe ortaya qoymaq üçün yaradılmışdı. Hesab edirəm ki, Ziyalılar Forumu kifayət qədər maraqlı yol keçdi. Ziyalılar Forumu cəmiyyətin aktivləşməsində, demokratik qüvvələrin mövqeyinin güclənməsində, ictimai fikrin formalaşmasında  kifayət qədər mütərrəqi işlər görə bildi. Ziyalılar Forumu çox böyük bir şeyə nail oldu. Bu, demokratik düşərgənin haqlılığına verilən dəstək idi. Bu baxımdan forumun xidmətləri çox mühüm oldu. Amma bu gün forum üzvlərinin hamısının Milli Şurada olmamasına çox normal baxmaq lazımdır. Ziyalılar Forumu demokratik, ziyalıların birləşdiyi bir qurumdur və heç kəsdən ummaq olmaz ki, siz də mən deyən yolu getməlisiniz. Elə Ziyalılar Forumunun özəlliyi ondadır ki, onun hər bir üzvünün müəyyən məsələlərə münasibətdə öz yanaşması, mövqeyi, rolu var. Mən Ziyalılar Forumunun bütövlükdə Milli Şuraya daxil olmasına tərəfdar deyiləm.

– Sualımızı konkretləşdirək. Cəmil bəy istəyərmi ki, Ramiz Rövşən, Rafiq Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli – siyahını uzatmaq olar – onun vəkili olsun? Istəyərdinizmi seçki kampaniyasının gedişində onları yanınızda görəsiniz?
– Eyni səmimiyyətlə mən də cavab verirəm ki, bu şəxslərin hər birinə mənim hədsiz hörmətim var və hamısı ilə münasibətlərim çox yaxşıdır. Ancaq bu qərar onların özünün olmalıdır və bu qərarın olmamağına görə, hər hansı formada mənim ürəyimə xal düşə bilməz.

– Özünüz müraciət edərək, təklifdə bulunacaqsınızmı?
– Bilirsiniz, adlarını çəkdiyiniz şəxslər mənim üçün son dərəcədə qiymətli adamlardır. Hətta mən sizə deyim ki, onlar mənim üçün siyasətdən də qiymətli adamlardır. Bu elə bir prosesdir ki, adamlar özləri buna qərar verməlidir. Amma  doslarımdan kiminsə mənim vəkilim olmaması ilə bağlı problemim yoxdur. Mən özlüyümdə rəsmiyyətə düşüb-düşməməsindən asılı olmayaraq kimin mənim vəkilim olub-olmamasını çox gözəl bilirəm. Ona görə gəlin hər şeyi rəsmyyət müstəvisinə çevirməyək.

– Cəmil bəy, sualım son günlər ictimai rəydə hakim kəsilən bir tezislə bağlıdır. Milli Şura yaranandan və Rüstəm bəyin namizədliyi elan edildikdən sonra belə bir iddialar səslənirdi ki, bu qurum Rusiyanın layihəsidir. Rüstəm Ibrahimbəyovun da namizədliyi birbaşa Kremllə əlaqələndirilirdi. Dünən sizin namizədliyiniz irəli sürülüb təsdiqlənəndən sonra deyildi ki, nəhayət əsl Milli Şura yarandı. Bu iddialarda həqiqət payı nə qədərdir?
– Birincisi, bu ideya ortaya atılan andan bilirdim ki, bu belə deyil. Yəni Rüstəm bəy xarakter etibarıyla və vətəndaşlıq mövqeyinə görə heç zaman Azərbaycana münasibətdə hansısa xarici dövlətin layihəsi kimi hərəkət edə bilməz. Görünür, Rüstəm Ibrahimbəyovu cəmiyyət bir az olduğu kimi tanımır. Rüstəm bəy bir vaxtlar tək Azərbaycanın yox, sovet mədəniyyət elitasının ən yüksək pilləsində duran adamlardan biri və çox az adamlardan idi ki, Kommunist Partiyasının üzvü deyildi. Bunu nəzərə almaq lazımdır. Bu şəxs bir neçə dəfə dövlət mükafatı alıb, Azərbaycanın və SSRI-nin ən böyük mükafatlarını alaraq, Kann festivalının qalibi olub. Əsərləri SSRI-nin və dünyanın 100-ə yaxın səhnəsində gedib. Amma partiyalı mədəniyyətin təmsilçisi deyil. Bunu o zaman hər adam  edə bilməzdi. Bu, Rüstəm Ibrahimbəyovun hansı yol keçdiyinin çox aydın göstəricisi idi. Ikincisi, Rüstəm Ibrahimbəyov ədəbiyyata, sənətə gəldiyi gündən etibarən onun yaradıcılığına birmənalı münasibət olmayıb. Azərbaycanda rəsmən qadağan olunan filmlərin içərisində bilavasitə Rüstəm Ibrahimbəyovun filmləri olub. Və bir neçə il üstündən keçəndən, müxtəlif təsirlərdən və filmlərə müxtəlif yeniliklər əlavə edildikdən sonra işıq üzü görüb. Məsələn, götürək “Istintaq” filmini. Sonradan filmin əvvəlinə belə bir titr yazıldı ki, filmdə bəhs edilən hadisələr 69-cu ilin iyuluna qədər davam edib. Bu nəylə bağlı idi? Yəni filmdə cərəyan edən hadisələr 69-cu ildə hakimiyyətə gəlmiş Heydər Əliyev idarəçiliyi ilə bağlı deyil. Yaxud, “Bir Cənub Şəhəri” filminin taleyi. 71-ci il plenumuna diqqət yetirsəniz, görərsiniz ki, çox ciddi şəkildə tənqid olunan filmlərdən biri, daha doğrusu tənqid olunan bir film varsa o da budur. Filmdə sosialist cəmiyyətinin uğursuzluqları ekrana çıxarılıb və filmdə bir cəmiyyətin, yəni sosializmin uğurunun bir örnəyi də yoxdur. Bunu Rüstəm bəy kimi adam edə bilərdi. Yaxud 82-ci ildə “Ultimatum” səhnəyə çıxdı. “Ultimatum” nəyin üzərində qurulmuşdu? Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin sədrinin sözləri və iclaslardan seçmələr verilirdi. Eyni zamanda baş verənlərə bolşeviklərin münasibəti göstərilirdi. Bolşeviklərin münasibəti və Leninin qeybanə səsinin eşidilməsi – bu daim terrora, qan tökülməsinə insan qırğınına çağrışlarla müşayət olunurdu. Azərbaycan parlament sədrinin çağırışları mədəniyyətə, sivilizasiyaya, dinc inkişafa və milli idealların təntənəsinə səsləyirdi. Rüstəm bəy bu işləri görmüş adamdır. Rüstəm bəyin elə bir əsəri yoxdur ki, onun sovet dövründə yazıldığını gizlədəsən. Bu hər bir yaradıcı adam üçün böyük xoşbəxtlikdir. Rüstəm Ibrahimbəyovun məsələn, “Gecikmiş avqust” əsərində sovet cəmiyyətində müharibədən sonra bir obraz var idi “alay oğlu”. Bütün sovet ədəbiyyatında “alay oğlu” obrazının simasını yırtan, onun mahiyyətini ortaya qoyan Rüstəm Ibrahimbəyov olub. Əslində sovet ədəbiyyatında “alay oğlu” mərhələsi Rüstəm bəyin “Gecikmiş avqust”u ilə bağlandı. Ona görə də Rüstəm Ibrahimbəyova kiminsə layihəsi kimi baxmaq olmaz. Rüstəm Ibrahimbəyovun hər əsəri bir layihədir.
Nəticə nə oldu? Rüstəm Ibrahimbəyovu Rusiyanın layihəsi hesab edənlər sonda özləri Kremlə iman gətirdilər. Və sizin qəzet də daxil olmaqla müxtəlif mətbuat orqanlarında Rusiya prezidenti Putinin səfəri ilə bağlı müxtəlif məlumatlar səslənir. Biri əsaslandırmağa çalışır ki, Putin istədiyini ala bilmədi, Rusiya istəklərinə nail ola bilmədi. Bu səfərdə Rusiya heç onu nəzərdə də tutmamışdı. Əgər xatırlayırsınızsa, səfərdən bir həftə öncə Rusiya prezidentinin mətbuat xidmətinin açıqlaması olmuşdu. O açıqlamada Putinin Azərbaycana səfərinin planlaşdırılmadığı qeyd olunmuşdu. Necə oldu ki, 2-3 gün ərzində vəziyyət dəyişdi. Vəziyyət ona görə dəyişdi ki, hakim elitanın ciddi narahatçılı var idi. Hakim elitaya lazım idi ki, Putin onların yanında olsun. Bunun nəyin hesabına, nəyin bahasına və necə olduğu ayrı məsələdir. Azərbaycan tərəfi öz istəyinə nail oldu. O istək də Putini bura gətirib onun əlinin Azərbaycan hakimiyyətinin kürəyində olduğunu nümayiş etdirmək idi. Indii mən sual verirəm, kimdir Rusiyanın layihəsi? Yaxud da Azərbaycan müxalifətini tez-tez ölkə mənafelərini satmaqda ittiham edirlər. Elə hakimiyyətin bir təmsilçisi bunu deyir, o biri təmsilçisi elan edir ki, biz Ermənistana qaz verməyə hazırıq. Yaxud TAP layihəsini götürək. Bunu ya bir neçə il qabaq, ya da seçkilərdən sonra reallaşdırmaq olardı. Aydın məsələdir ki, Azərbaycanın təbii ehtiyatlarının bu məqamda Avropaya təqdim edilməsi seçkilərlə bağlıdır. Və seçkilərdə baş verəcək neqativ hallara göz yumulmasının iqtisadi mesajıdır.

– Cəmil bəy, yeri gəlmişkən, Azərbaycan hakimiyyətinə az da olsa təsiri olan dünyanın böyük dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlardan gözləntiləriniz nədən ibarətdir?

(Ardı növbəti sayımızda)

Xəyal Şahinoğlu