Ramanada evləri sakinlərin başına uçururlar
Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə tikilməkdə olan evlər yerli icra orqanları tərəfindən uçurulub. Sakinlərin evləri bələdiyyə tərəfindən qeydə alınsa da, icra hakimiyyəti sənədləri qanunsuz hesab edib.
Evləri uçurulan vətəndaşlara deyilib ki, onlara verilən sənədlər saxtadır: “Pul vermişik, icazə almışıq, indi ev tikirik, gəlib sökdülər. Burada 100-dən çox ailə torpaq alıb. Kimisi bankdan kredit götürərək ev tikir, kimisi də maşınını sataraq. Dedilər ki, bu sənəd əsaslı bir şey deyil. Ona görə də evimizi başımıza uçururlar”.
Onlar jurnalistlərə tikiləcək evin eskizini təqdim edərkən notariusun möhürünün layihədə olduğu görünür.
“Polislər bizi ora-bura qovdular. Belə zülm olmaz axı…” Evlər uçurulan zaman qadınları, etiraz edənləri traktorun qabağına verdilər. Dedilər ki, ya evini tərk et, ya da mənzilin başına uçacaq. Bələdiyyənin verdiyi sənədi icra hakimiyyət qanunsuz hesab edir” deyən sakinlər onu da qeyd edir ki, ərazi Sabunçu rayonuna tabe olsa da, Suraxanı rayon icra hakimiyyətinin işçiləri gəlir: “Bir gün vaxt veriblər. Dedilər ki, əşyalarınızı, taxta-şalbanları yığışdırıb gedin, yoxsa, onlar da buldozerin ağzına veriləcək”.
Hara şikayət edəcəklərini bilməyən vətəndaşlar bütün dövlət idarələrindən əllərinin üzüldüklərini söyləyir.
Ramin