“Bizim borcumuz xalqın hakimiyyəti formalaşdırmaq hüququnu özünə qaytarmaq, xalqı öz gücünə inandırmaqdır”
Milli Şuranın yeni vahid namizədi Cəmil Həsənli “Azadlıq”ın qonağı oldu
Demokratik Qüvvələrin Milli Şurasının yeni vahid namizədi professor Cəmil Həsənli “Azadlıq”a geniş müsahibə verib. Müsahibəni təqdim edirik:
Rüstəm bəy “öz namizədim var” deyəndə məni nəzərdə tuturdu
– Cəmil bəy, Milli Şuranın qərarı ilə yeni vahid namizəd seçildiniz. Əvvəlcə bununla bağlı tərəddüdləriniz var idi. Sonradan nə səbəb oldu bu məsuliyyəti öz üzərinizə götürməyə razılıq verdiniz?
– Bu məsələ gündəmə gələndə şərait bir az başqa idi. Hələ zaman limiti var idi və biz güman edirdik ki, Rüstəm bəyin sənədlərinin qaydasına düşməsi üçün bir az da gözləmək lazımdır. Mənim tərəddüdlərim də bununla bağlı idi. Bir məqamı da nəzərə almaq lazımdır ki, bütövlükdə Milli Şura ideyası Rüstəm İbrahimbəyovun üzərində qurulub. Rüstəm bəy birləşdirici amil rolunu oynayır. Ona görə də zaman limiti qaldığı bir məqamda heç bir halda bunu şübhə altına alacaq addım atılmamalı idi. Amma son günlər artıq situasiya başqadır. Fərqli situasiya Rüstəm bəyin özündə də ciddi narahatlıq yaratmışdı. Onun sənədlərinin qaydaya düşməsilə bağlı vaxtın keçməsi, seçki döbvrünün son dərəcə məhdud olması Milli Şuranı məcbur etdi ki, yenidən ehtiyat vahid namizəd məsələsinə qayıtsın. Mənim namizədliyim üzərində dayanıldı və mən də razılıq verdim.
– Bu məcburiyyətdən doğan razılıq idi, yoxsa özünüzü bu yükü çəkməyə tam hazır hesab edərək qərar verdiniz?
– Şübhəsiz bu çox ağır vəzifədir. Və mən də bunu öz üzərimə götürdüm. Həzərə almaq lazımdır ki, Milli Şurada bir neçə siyasi qüvvə birləşib. Prezident seçkisi də hər il olmur, 5 ildən bir keçirilir. Prezident seçkisi siyasi qurumlar üçün bir sınaqdır. Bu baxımdan Milli Şura 5 ildə bir dəfə olan bu böyük siyasi hadisədən kənarda qalmamalı idi. Təbii ki, mən özümü hazır hesab edirəm. Lakin qərarım təkcə bununla bağlı deyildi. Mən həm də Milli Şuranın seçkidən kənarda qalmamasını, Rüstəm bəyin təkidli xahişlərini nəzərə alaraq bu missiyanı öz üzərimə götürdüm. Yeri gəlmişkən, sizə bir sirr də açım. Milli Şura yeni yarananda və vahid namizəd məsələsi ilə müzakirələr başlananda Rüstəm bəy elə sizin qəzetinizə açıqlamasında demişdi ki, öz namizədi var. Rüstəm bəy, bunu deyəndə məni nəzərdə tuturdu. Yəni, mənim namizədliyim Rüstəm bəyin namizədliyindən əvvəl müzakirə mövzusu idi. Lakin mən bunu qəbul etmirdim. Yuxarıda qeyd etdiyim kimi, Milli Şurası ideyası Rüstəm bəyin üzərində qurulmuşdu. Digər tərəfdən Rüstəm İbrahimbəyov mənəvi cəhətdən də o qədər nəhəng adamdır ki, bütövlükdə seçki prosesinin onun üzərində qurulması uğur modeli idi. İlk dəfə idi ki, Azərbaycanın gerçək ziyalı elitasının tanınmış, öndə gedən bir nümayəndəsi müxalif fikrin ifadəçisi kimi çıxış edirdi. Əlbəttə ki, Rüstəm bəyin namizədliyi baş tutsa idi, daha yaxşı olardı. Amma situasiya dəyişdi. Həm Rüstəm bəyin, həm də Milli Şurada təmsil olunan siyasi partiya rəhbərlərinin mövqeyindən sonra mən bu işə razılıq verməli oldum. Mən özümü hazır hesab etsəm də, o şərtlə razılıq verdim ki, bütövlükdə Milli Şura, Rüstəm bəy özü gərək bu işin arxasında ola.
Hakimiyyət üçün bir nömrəli hədəf Ermənistan yox, müxalifətdir
– Bəs xalq necə? Sizcə, xalq dəyişiklik istəyirmi?
– Mənim fikrimcə, xalq dəyişiklik istəyir. Amma xalq bu dəyişikliyi hansı formada həyata keçirmək istəyir, bax, onun mexanizmində bir az tərəddüdlər var. Hər hansı siyasi dəyişikliklər üçün seçki ən uyğun və konstitusion prinspilərə söykənən mexanizmdir. Amma Azərbaycanda artıq neçə illərdir ki, normal seçki keçirilmir. Azərbaycanda siyasi rəqabət məhdudlaşdırılıb. Xüsusilə son 10 ildə Azərbaycan müxalifətinin üzərinə böyük basqılar oldu. Mən deyərdim ki, 10 ilin ilk 5 ilində hakimiyyət nədənsə ehtiyat edirdi. Amma ikinci 5 illikdə Azərbaycan hakimiyyəti üçün bir nömrəli hədəf hətta torpaqlarımızı işğal etmiş Ermənistan yox, müxalifət oldu. Hakimiyyət heç nədən çəkinmədən, ehtiyat etmədən Azərbaycan müxalifətini sıradan çıxarmaq siyasəti yürütdü və yürütməkdə davam edir. Hakimiyyət müəyyən dərəcədə rəsmi müxalifətin zəiflədilməsinə nail olub. Amma buna cavab olaraq bütövlükdə xalqın müxalifəti ilə qarşılaşıb. Mətbuatı izləyəndə, sosial şəbəkələrə diqqət yetirəndə, əhali ilə şifahi söhbətlərdə bunun şahidi olursan. Sosial şəbəkələrdə hansı vəziyyətin hökm sürdüyünü bilirsiniz. Həzərə almaq lazımdır ki, orada toplanan elektorat ən aktiv elektoratdır. Və hansısa bir hakimiyyət nümayəndəsi nəsə deməyə cəhd edəndə belə sosial şəbəkələrdə buna münasibətin nədən ibarət olduğunu hər kəs bilir.
Xalq bilməlidir ki, onun səsinin dəyəri var
– Amma nədənsə dəyişiklik istəyən xalqın fəallığı hiss olunmur. Bunun səbəbini nə ilə izah edərdiniz?
– Bu faktdır ki, hakimiyyət xalqın etimadını itirib. Azərbaycan müxalifəti isə hələ ki o etimadı tam olaraq qazanmağa nail ola bilməyib. Qarşıda seçki kampaniyası var. Görüşlər, mitinqlər, televiziya çıxışları, mətbuatda müsahibələr, sosial şəbəkələr və s. Bütün bunları səfərbər etməliyik. Hesab edirəm ki, Milli Şura yalnız rəsmi müxalifətin deyil, bütövlükdə müxalif fikrin təmsilçisi kimi çıxış etməlidir. Bilirsiniz, biri var müxalifətin elektoratı, bir təbəqə də var ki, hakimiyyətdən narazıdır, amma hələ rəsmi müxalifətə etimad göstərməyə ehtiyatla yanaşır. Həmin təbəqə az-çox xalq tərəfindən tanınan, zaman-zaman xalqın fikirlərini ifadə etməyə cəhd göstərmiş adamlara hörmətlə yanaşır. Əslində Rüstəm bəyin namizədliyinin gündəmə gəlməsi xeyli dərəcədə bununla bağlı idi. Milli Şuranın dünənki qərarının kökündə də bunun dayandığını söyləmək olar. Azərbaycanda vəziyyət çox ağırdır. İqtidar ölkə konstitusiyasının 1-ci maddəsinə – Hakimiyyətin mənbəyi xalqdır – məhəl qoymaq istəmir. Xalqın kimə daha çox etimad göstərdiyini müəyyən etmək üçün ən gözəl barometr azad və ədalətli seçkilərdir. Amma iqtidar tutduğu hakim mövqedən istifadə edərək bunu təmin etməyə imkan vermir. Biz tamamilə korrupsiyalaşmış bir hakimiyyətlə üz-üzə dayanmışıq. Elə vəziyyətdəyik ki, yalnız bacardığımız yox, bacarmadığımız, bizim üçün bir qədər çətin olan işləri də görməliyik. Burada yeni seçki taktikası işlədilməlidir, xalqın seçki prosesinin başlıca hədəfinə çevrilməsi istiqamətində böyük iş getməlidir. Ən mühüm olanı isə inam və etibarın qazanılması olmalıdır. Elə fəaliyyət göstərməliyik ki, xalq bizim keçmiş bu günki fəaliyyətimizə görə inam və etibar hissini ortaya qoysun. Bizim borcumuz xalqın hakimiyyəti formalaşdırmaq hüququnun özünə qaytarılması, xalqı öz gücünə inandırmaq uğrunda mübarizə aparmaqdır. Xalq da ortada olmalıdır. Bilməlidir ki, onun səsinin dəyəri var və hakimiyyət məhz onun səsi ilə formalaşır. Baxın, Azərbaycanın analoqsuz inkişafa nail olduğu deyilir. Amma o analoqsuz inkişafın xalqın həyatında təzahürü yoxdur. Bu gün işləyən adamların, məsələn, 300 minə yaxın böyük təhsil elektoratının, səhiyyə, mədəniyyət, sosial sahədə çalışanların əmək haqqı qəpik-quruşdur. 100-120, bəzi hallarda 80 manat alırlar. Tutaq ki, onların maaşı 10 faiz artırıldı. Bu nəyi dəyişir ki? 84 manat alan adam, maksimum 94 manat alacaq. Azərbaycan vətəndaşı daha normal həyat şəraitinə layiqdir. Azərbaycanın təbii sərvətlərlə zəngin olması imkan verir ki, vətəndaşlar daha təminatlı formada yaşasınlar. İstər iqtisadi, istər sosial, istərsə də hüquqi baxımdan. Sizi əmin edirəm ki, Azərbaycan vətəndaşı sovet dövründə hüquqi baxımdan daha etibarlı müdafiə olunurdu, nəinki indi.
İndi birtərəfli təbliğat mümkün deyil
– Rüstəm İbrahimbəyov hələ vahid namizəd olmamışdan öncə ona qarşı kampaniya başladı. Güman ki, sizə qarşı da kampaniya aparılacaq. Özü də hakimiyyətin rəqiblərinə qarşı apardığı kampaniya adətən idbarlığın təcəssümü olur. Bizim üçün maraqlıdır, professor Cəmil Həsənlinin belə bir kampaniyaya cavabı necə olacaq?
– Biz ilk növbədə ölkədə başlanmış bu böyük siyasi kampaniyanı konstitusiya, qanunlar, xalqımızın ənənələri və demokratik prinspilərə söykənərək aparmalıyıq. Burada bir növ hər kəsin öz ləyaqətini nümayiş etdirmək məqamı ortaya çıxır. Bu sınaq müddəti kimin hansı əxlaqın daşıyıcısı olduğunu ortaya qoyacaq. Hakimiyyətin nəzarətində olan qəzetlərin yazdığına gəlincə, sizi əmin edirəm ki, ictimai fikirdə o tipli mətbuat orqanlarının elə bir rolu yoxdur. Bu tip mətbuat orqanları hansıca bir fikri formalaşdırmaq imkanına malik deyil. Çünki onun auditoriyası yoxdur. Yalan yazmaq, yalanı təbliğ etmək hər bir mətbuat orqanı üçün günü-gündən öz auditoriyasını məhdudlaşdırmaq deməkdir. Baxın görün hakimiyyət qəzetlərindən biriniin Rüstəm bəy haqqında bir il əvvəl dərc etdiyi böhtan xarakterli yazını həmin mətbuat orqanının saytında neçə nəfər baxıb. 365 gün ərzində həmin yazıya baxış sayı 9-dur. Qoy, 99 nəfər də bunu qəzetdən oxusun. Bununla nəyəsə nail olmaq mümkün deyil. İndi zaman dəyişib, innovasiya əsridir. İndi birtərəfli təbliğat mümkün deyil. Sosial şəbəkələr yaranıb, mobil telefonların çevik informasiya ötürmək imkanları meydana çıxıb. Bundan başqa bir qayda olaraq mənim yanaşmam belədir ki, əgər hakim partiya və hakimiyyət orqanları bizim əleyhimizə əxlaqa, konstitusiyaya zidd kampaniya aparacaqsa, bu onların xeyrinə olmayacaq. Bu xalq 19-cu əsrdə yatmış xalq deyil ki, birdən oyadıb deyirik ki, seçkiyə get. Xalq hər şeyi çox yaxşı anlayır. Bu gün çox az adama birtərəfli informasiya ilə təsir etmək olar.
– Dünən bir nəfərin mətbuata verdiyi açıqlamalar əsasında Respublika Prokurorluğu Milli Şura barədə araşdırmalara başladığı barədə məlumat yayıb. Milli Şuranın iğtişaşa hazırlaşması barədə iddialar nə dərəcədə əsaslıdır?
(Ardı növbəti sayımızda)
Xəyal Şahinoğlu