Qədim türklərin oylağı – Xanqərvənd

Qarabağın böyük ellərindən biri

Azərbaycan ərazisində maraqlı tarixi olan və adı qədim yazılı mənbələrdə dəfələrlə keçən yer adlarından biri də Xanqərvənddir. Xanqərvənd indiki Goranboy rayonuna daxil olan kəndlərdən biridir. Bu kəndin adını daha çox erkən orta əsrlərdə Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış türkdilli tayfa olan xəzərlərlə bağlayırlar. 

Bəzi tədqiqatçılar kəndin adını Qarabağın maldar ellərindən olmuş Kolanı tayfasının Qərvənd tayfasının adından yarandığını güman edirlər. Mirzə Camal Cavanşir Kolanını Qarabağın böyük ellərindən biri sayır. Qarabağda və Gəncə qəzasında Qərvənd tayfasının yaratdığı kəndləri bir-birindən fərqləndirmək üçün fərqləndirici əlamət bildirən sözlər əlavə olunurdu: Ayaq Qərvənd, Hacı Qərvənd, Kəkilbəyli Qərvənd, Baş Qərvənd, Xan Qərvənd və s.

Bəzi mənbələrdə isə Xorasan ətrafından Kolanı tayfasından 282 ailənin XIX əsrin ortalarında Cavad qəzasına köçdüyü, Şıxavənd, Stonavənd, Papravənd, Qərvənd kimi kəndlərin əsasını qoyduqları göstərilir. Bəzi müəlliflər isə bu cür etnonimlərin Azərbaycan dilində uşaq, boy (“Nəsil, tirə” mənasında) və Iran dillərinə məxsus eyni mənalı “vənd” formatı əsasında yarandığını göstərir: Qərvənd (Gərayvənd), Əlvənd, Xocavənd və s.

Ümumiyyətlə, Azərbaycan ərazisində Qərvənd komponentli xeyli kənd vardır ki, bunlardan Xanqərvənd (Goranboy), Ayaq Qərvənd, Orta Qərvənd, Baş Qərvənd (Ağdam), Imarət Qərvənd (Ağdərə), Hacı Qərvənd (Tərtər), Qərvənd (Füzuli) kəndlərini göstərmək olar. 

Xanqərvənd kəndinin Qarabağ xanının köçərilərə verdiyi ərazidə salındığı söylənilir. Kənddə aşağıdakı yaşayış sahələri mövcuddur: Eynalxanlı, Orta Qışlaq, Təklə, Əhmədxanlı, Seyidlər, Alırzalı, Mollaqaraşlar, Hacılar, Səfərli.

Qədim tayfaların yaşayış məkanları

Bu yaşayış sahələrindən olan Təklənin adı Qızılbaşların təkəli tayfası ilə bağlıdır. Qızılbaşlar Azərbaycan, Kiçik Asiya və Suriyada yaşamış türkdilli tayfa ittifaqı olmaqla, əvvəl şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsağ, qaradağlı, sonra isə bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı və s. türkdilli tayfaları birləşdirmişdir. Təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil olmuş, Türkiyə ərazisində yaşamışlar. Sonralar tayfa başçısı Qazı xanın başçılığı ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul etmiş, indiki Salyan və Mahmudabad ərazisində məskunlaşmışlar.

Ümumilikdə isə, Azərbaycanda 6 Təklə kəndi (Goranboy, Ağsu, Cəbrayıl, Kürdəmir, Masallı, Şamaxı), Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi, Təklə diki, Təklə dərəsi (Cəlilabad rayonu. Təklə kəndi) qeydə alınmışdır. Hazırda Gürcüstan ərazisində (Borçalıda) Qaratəhlə, Təhləli kəndləri vardır.

Xanqərvəndin yaşayış sahələrindən olan Seyidlər adı isə Azərbaycan tayfalarından biri olan, şahsevən tayfa qrupuna daxil olan Seyidlilərlə bağlıdır. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla maldarlıq və əkinçiliklə məşğuldurlar. Azərbaycanda olan Seyidlər və Seyidli kəndləri adlarının Seyidlilərlə bağlı olduğunu ehtimal edirlər.

Azərbaycan ərazisində Seyidlər (Zəngilan, Zərdab (2), Goranboy, Kəlbəcər, Laçın, Salyan, Xanlar, Xaçmaz), Seyidlər, Seyidsadıqlı (Salyan), Seyidli (Ağdam), Seyidbazar (Cəlilabad), Seyidqışlaq (Qutqaşen), Seyidişen (Əsgəran), Seyidlikəndyeri (Xaçmaz), Seyidmahmudlu (Füzuli) kəndləri, Seyidyurd dağı (Şəki), Seyidliçay (Gədəbəy rayonunda Zəyəmçayın sol qolu), Seyid yurdu zirvəsi (Baş Qafqaz silsiləsində) qeydə alınmışdır.

Xanqərvənd kəndində aşağıdakı nəsillər vardır: Heydərli, Mollalar, Qaraşlar, Eynalxanlı, Xəlilli, Qara Cavadlı, Eyvazlı, Hacılar, Seyidlər, Əhmədxanlı, Turabxanlı, Kolanı, Kövər, Qulular, Əlifxanlı, Yusifli, Qara Muradlı, Alırzalı, Kürdbaxşalılar, Təklə, Alıqulular, Yağvallar, Qazaxlar, Dəmirbəyli, Babaşlar, Mədinəli, Davudlar, Behbudalılar, Adıgözəllilər, Zamanxanlılar, Molla Qaraşlı.

Əhməd bəy, Qaçaq Salah, Mirzə Məmmədov, Sərvər Aslanov, Vahid Çıraqzadə, Ilyas Həsənov, Həşim Hüseynov bu kənddə doğulmuşlar.

Xanqərvənd xalçaları

Xanqərvənd kəndi xalçaçılıqla da məşhurdur. Iki böyük xalçaçılıq mərkəzinin – Gəncə və Qarabağın xalçaçılıq sənətini davam etdirən bu kənd bu iki xalçaçılıq məktəbinin bədii və texniki xüsusiyyətlərindən istifadə etmiş və qədim zamanlardan yüksək keyfiyyətli xalçaların istehsal olunduğu mərkəz hesab edilmişdir. Burada xalı, gəbə və müxtəlif ölçülü digər xalçalar, həmçinin xovsuz xalçalar – palaz, kilim, zili istehsal edilmişdir. Beləliklə, Xanqərvənd vaxtilə Gəncə və Qarabağın xalçaçılıq mərkəzi olmuşdur. O, ətraf ərazilərin – Faxralı, Samux, Şadılı, həmçinin Ağcabədi və Tərtər rayonlarının xalçaçılıq məntəqələrinin xalçaçılıq sənətinə də müsbət təsir göstərmişdir.

Burada istehsal olunan xalça “Xanqərvənd” adı ilə məşhurdur.  Bu xalçalar əvvəllər Gəncə-Qazax tipinə, sonralar isə (təxminən XVIII əsrin II yarısından) Qarabağ tipinə aid edilmişdir. 

“Vikipedia”da müxtəlif növlərdə olan “Xanqərvənd xalçaları” haqqında maraqlı məlumatlar var. “Xanqərvənd xalçaları”nı xarakterik xüsusiyyətlərinə görə orta sahəsində göl olan və olmayan növlərə bölürlər. Orta sahəsinin kompozisiyasını göllərin təşkil etdiyi xalçalar gölsüz kompozisiyaya malik xalçalardan daha çoxdur. “Xanqərvənd” xalçaları Cənubi Azərbaycan xalçası olan “Ləçək turunc xalçası”nı xatırladır və strukturuna görə onunla eynidir. XIX əsrdə yaradılmış bu xalçanın mərkəzi rombabənzər gölü və onu dörd tərəfdən əhatə edən ləçəklər – “Balıq” adlandırılan naxışlarla örtülmüşdür. Xanqərvənd kəndinin xalçaçıları “Balıq” naxışını yaddaşa görə toxuyurdular və ona tez-tez müraciət edirdilər. Mərkəzi göl ilə onun ətrafında yerləşdirilmiş ləçəklər arasında hamar fon, həmçinin fona doğru istiqamətlənmiş oxşəkilli caqlar – Xanqərvəndin özünəməxsus xüsusiyyətləridir. Orta sahəni əhatə edən haşiyə zolağı iki zərif mədaxil və “Islimi” adını almış orta haşiyədən ibarətdir. Belə mürəkkəb quruluşlu orta sahə haşiyəsinə Əfqanıstanın, Iranın, Cənubi Azərbaycanın, xüsusilə, “Bicar xalçası”, “Əraq xalçası”, “Müstovfi xalçası” xalçalarında və Qarabağ xalçası olan “Balıq xalçası”nda rast gəlmək mümkündür. Göllü Xanqərvənd xalçası XX əsrin əvvəlində toxunmuşdur. Bu xalça öz quruluşuna görə yuxarıda analiz edilən xalçaya bənzəsə də, ondan öz sadəliyi ilə seçilir. Xovsuz Xanqərvənd xalçasının orta sahəsinin kompozisiyası müxtəlif elemnetlərdən ibarətdir, lakin onlar öz orijinallığı ilə seçilən bitkin naxışlardan ibarətdir. “Xanqərvənd xalçaları” müxtəlif ölçüdə və müxtəlif sıxlıqda toxunur.

Həm xovlu, həm də xovsuz “Xanqərvənd xalçaları” müxtəlif format və ölçüdə olur. Düyünlərin sıxlığı və xovun uzunluğu da müxtəlif olur. “Xanqərvənd” xalçaları qədim zamanlardan Azərbaycanın ən yaxşı xalçaları hesab olunur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir