Vasif Talıbov internet klubları qadağan etdi

Məlahət Nəsibova: «Bu addım seçkilərlə bağlıdır»

Cümə günündən etibarən Naxçıvanda Internet-klubları bağlamağa başlayıblar. Klub sahiblərinin sözlərinə görə, bu göstəriş Naxçıvanın Rabitə və Informasiya Texnologiyaları Nazirliyindən daxil olub.
Bu zaman qərarın səbəbləri haqqında məlumat verilmir. Şənbə günü Naxçıvanın digər şəhər və kəndlərində də internet-klubların bağlanması davam edib.
Yerli müxalifətçilər hesab edirlər ki, bu tədbirlər qarşıda duran prezident seçkiləri ilə bağlıdır, belə ki, son vaxtlar Naxçıvanda fəal sosial şəbəkə istifadəçilərinin sayı artıb və hakimiyyət Internet vasitəsilə kütləvi etirazların təşkil ediləcəyindən qorxur(Turan).
Qeyri-adi qərarları ilə daim diqqət mərkəzində olan Naxçıvan rəhbərliyinin bu addımını yerli hüqüq müdafiəçiləri də mənfi qarşılayıb.

Naxçıvanda bundan əvvəl də analoji hadisələrin baş verdiyini deyən hüquq müdafiəçisi Məlahət Nəsibova bağlanan internet-klubların seçkidən sonra açılacağı ilə bağlı heç bir məlumatın olmadığını bildirdi. Əvvəllər bəzi internet klublar lisenziya bəhanəsi ilə bağlanır, bəzi proqramların istifadəsinə məhdudiyyətlər qoyulurdu. Indi isə Naxçıvan şəhərində və böyük kəndlərdə bütün internet klublar bağlanıb.
Hüquq müdafiəçisi bununla bağlı yerli hakimiyyət orqanlarına sual ünvanlasalar da, cavab ala bilmədiklərini qeyd etdi: “Cavab versələr də, deyəcəklər ki, ya lisenziya problemi var, ya da profilaktik tədbirdir. Ancaq bu addım seçkilərlə bağlıdır. Çünki sosial şəbəkələrdə insanlar aktiv olmağa başlayıb.

AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy da bunu seçkiyə hesablanmış addım kimi qiymətləndirib: “Bu insanlara xəbərdarlıqdır ki, biz sizə hər zaman maneə yarada bilərik”.
Naxçıvanın sınaq meydanı olduğunu deyən hüquq müdafiəçisi bu pis nümunənin ölkənin digər regionlarına da yayılacağından ehtiyat edir: “Hər zaman demişik, Naxçıvan sınaq meydanıdır. Pis şeylər burda təcrübədən keçirilir və bütün Azərbaycana yayılır. Bu SOS siqnalıdır. Bir neçə müddət sonra digər regionlarda, hətta Bakının özündə belə vəziyyətlə rastlaşsaq, təəcüblənməyəcəyik”.

Fizzə