ACP sədri Şuradan gecəkələri barədə xəbərə sərt reaksiya verdi
Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) Milli Şuradan çıxacağı haqda xəbər yayılıb. “Virtualaz.org” saytının yaydığı xəbərdə deyilir ki, ACP Milli Şuradan getməklə bağlı qərarının avqustun 26-da açıqlayacaq. Rəsul Quliyevin partiyası Milli Şuranı tərk etdikdən sonra prezident seçkilərində iştirakla bağlı boykot qərarını verəcək.
Xəbərlərin doğru olub-olmadığını partiyanın sədri Sülhəddin Əkbərdən soruşduq. S.Əkbər xəbərə sərt reaksiya verərək bildirdi ki, onların belə bir fikri heç vaxt olmayıb.
“Bu xəbəri yayanın bir ağlı, məntiqi olmalıdır ki, biz nəyə görə Milli Şuradan çıxmalıyıq? Onu kim yazıbsa, ağıldan yoxsul bir adamdır. Bəlkə kimlərinsə arzusudur, bilmirəm, amma belə bir iddia hardan çıxdı, anlamıram. Haqqımızda o xəbər qalmayıb ki, yayılmasın. ACP-nin Milli Şuranın fəaliyyətində, xüsusən də Rüstəm İbrahimbəyovun müdafiəsində aktiv iştirakına görə bizimlə bağlı hər cür dezinformasiya yayılır. Bu da o isiqamətdə atılan bir addımdır. Milli Şura çox ciddi qurumdur. Oradan kimsə çıxacaqsa bu, mətbuatdan gizlin ola bilməz”.
Bəyim Həsənli