Hakimiyyət Əli İnsanov məsələsində dirəniş göstərsə…

Müzəffər Baxış: «Azərbaycan dövlətinin Avropa Şurasında fəaliyyəti dayandırıla, yaxud da digər xəbərdaredici sanksiyalar tətbiq edilə bilər»

Məlum olduğu kimi, həbsdə olan keçmiş səhiyyə naziri Əli Insanov Avropa Məhkəməsinin onunla bağlı qərarının yerinə yetirilməməsi ilə əlaqədar Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Avropa Məhkəməsinin qərarının qüvvəyə minməsinə baxmayaraq, qanunvericiliyə uyğun olaraq, bunun Ali Məhkəmənin plenumuna çıxarılmamasıdır.
Sabiq nazir Avropa Məhkəməsinin qərarının Ali Məhkəmənin plenumuna çıxarılmayacağı təqdirdə Ramiz Rzayevə qarşı məhkəmədə iddia qaldıracağını və Avropa Şurası Nazirlər Komitəsinə müraciət edəcəyini deyib.
Ə.Insanovun vəkili Toğrul Babayev artıq sənədlərin hazırlandığını və gələn həftə məhkəməyə müraciət edəcəklərini bildirdi.
Azərbaycan Avropa Məhkəməsinin qərarını icra etməsə, hansı problemlər yarana bilər?

Hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, qanunvericiyə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu üç ay müddətində həmin qərara münasibət bildirməlidir. Amma bu müddətin keçməsinə baxmayaraq, Ali Məhkəmənin plenumu Əli Insanovla bağlı məsələyə münasibət bildirməyib. Bu isə insan hüquqlarının ciddi pozuntusudur.
M.Baxış Avropa Insan Hüquqları Məhkəməsinin qərarının icra edilməməsinin müəyyən sanksiyalara gətirib çıxara biləcəyini də deyir. Insan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının müddəalarına görə, Avropa Insan hüquqları Məhkəməsinin qərarının icrasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir. Əgər Avropa Insan Haqları Məhkəməsinin qərarları icra olunmursa, Nazirlər Komitəsi Azərbaycan dövlətinə qarşı sanksiyalar tətbiq edə bilər: “Azərbaycan dövlətinin Avropa Şurasında fəaliyyəti dayandırıla, yaxud da digər xəbərdaredici sanksiyalar tətbiq edilə bilər. Hər bir halda sanksiyaların tətbiqi məsələsini Nazirlər Komitəsi müzakirə edir və o barədə onlar qərar qəbul edir. Əgər belə bir problem mövcuddursa, Əli Insanov Avropa Şurasının Nazirlər Komitəsinə müraciət etməlidir və Avropa Şurasının nizamnaməsində nəzərdə tutulan sanksiyaların Azərbaycan dövlətinə tətbiqinə nail olmalıdır”.

Fizzə