«Cinayət Məcəlləsinin 296-cı maddəsi bilə-bilə yalan xəbər yaymaqla bağlıdır və 3 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutur»
EL Hərəkatının üzvü və hərəkatın rəhbəri Eldar Namazovun müavini olduğunu iddia edən Əflan Ibrahimov virtualaz.org saytına açıqlamasında Milli Şurada toplaşan qüvvələrin Bakıda qarışıqlıq və iğtişaşlar törətməyə hazırlaşdığını bildirmişdi.
Avqustun 23-də EL-in Ali Məclisinin sədri Eldəniz Quliyev “Yeni Müsavat”a açıqlamasında Əflan Ibrahimovla bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib. Eldəniz Quliyev bildirib ki, Əflan Ibrahimov qurumun üzvü olsa da, nə Eldar Namazovun, nə də mənim müavinim olub. “Onun Milli Şuranın iğtişaşa hazırlaşması barədə dedikləri də gülüncdür. Bizim üçün ictimai sabitlik əsasdır. Şimali Afrikada, Yaxın Şərqdə baş verənlər gözümüzün qabağındadır”.ÿ
Əflan Ibrahimov Milli Şuranın iğtişaşlar törədəcəyilə bağlı kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Gunxeber.com-a daxil olan məlumatda bildirilir ki, Əflan Ibrahimov mətbuata dediyi fikirləri bir daha təsdiq edib. Həmin məlumatda deyilir ki, baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində müvafiq araşdırmalara başlanılıb.
Milli Şura üzvü Eldar Namzov deyilənlərə belə münasibət bildirdi: “Hamı başa düşür ki, bu deyilənlər yalandır və hakimiyyətin növbəti şousudur. Qeyd edim ki, bu adamın belə təxribatçı bəyanatlar verəcəyi haqqında bir neçə ay öncə bizə məlumat daxil olmuşdu. Bu adam nə qədər çalışsa da, Milli Şuraya qəbul edilmədi. Ona görə də Əflan Ibrahimov Milli Şuranın nə açıq, nə də qapalı iclasında iştirak etməyib. Ümumiyyətlə, hər seçki ilində hakimiyyət bu cür tamaşalar düzəldir. Bu il müxalifətin birliyi təmin edildi və bu, hakimiyyəti narahat etməyə başladı. Mən bu şouda iştirak edən insanlara xəbərdarlıq edirəm ki, Cinayət Məcəlləsində təkcə iğtişaşlarla bağlı deyil, ağır cinayətlər haqda yalandan xəbər verməklə bağlı da maddə var. Cinayət Məcəlləsinin 296-cı maddəsi yalandan xəbər yaymaqla bağlıdır və 3 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutur. Ona görə də bu adamlar ehtiyatlı olsunlar və məsuliyyət daşıdıqlarını dərk etsinlər”.
İlham