Cəmil Həsənliyə tarixçi baxışı

Tarixdən sonra (yaxud metatarix, yaxud da tarixin o üzü)

Xaləddin İbrahimli, professor

Cəmil Həsənlinin “SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı” kitabı çapdan çıxandan sonra onun haqqında düşündüklərimi qələmə almağı fikirləşirdim. Araya parlament seçkiləri düşdü, baş qarışdı. Sonra belə qənaətə gəldim ki, Cəmil müəllimin son illərdə dərc olunan əsərləri kompleks mütaliə tələb edir. Çünki bu əsərlər mahiyyət etibarilə bir-birləri ilə sıx bağlı və hardasa biri digərinin davamıdır. Başqa sözlə, eyni xronoloji çərçivədə (1940-50-ci illərdə) bir-birinə yaxın üç bölgədə (İran, Cənub Qafqaz, Türkiyə) baş verən proseslər araşdırılıb. Əslində böyük güclərin İranda toqquşan maraqlarını bilmədən Türkiyəyə yönəlik siyasətə dəyər vermək çətindir; yaxud da əksinə. Cənub Qafqazın sağ və solunda yerləşən bu dövlətlərə dünya güclərinin münasibətinə aydınlıq gələndə Azərbaycan, Gürcüstan və Ermənistanı da görmək və tanımaq asanlaşır. Bu mənada Cəmil Həsənlinin araşdırmaları təkcə Azərbaycan üçün deyil, sözügedən bölgə dövlətlərinin hamısının tarixşünaslığı üçün əhəmiyyətli araşdırmalardır. Məsələyə bir qədər də insaflı və geniş çaplı baxa bilsək, eyni zamanda söhbətin dünyanı iki qütbə bölən soyuq müharibədən və onun başladığı, sınaq meydanına çevrildiyi yerlərdən getdiyini nəzərə alsaq bu əsərlərin dünyanın hər bir tarixçisi, beynəlxalq münasibətlər mütəxəssisi üçün faydalılığı aydın görünəcək. Yeri gəlmişkən, yaxşı ki, C. Həsənlinin əsərləri xarici ölkələrdə (ABŞ, Rusiya, Türkiyə, İran və s.) çox dərc olunub və populyarlıq qazanıb. Belə məsələlərdə əsərin, müəllifin və onun vətəndaşı olduğu ölkənin populyarlaşması sinxron olur.

Niyə tarixdən sonra, yaxud metatarix, yaxud da tarixin o üzü?

Mükəmməlliyinə, keyfiyyət və faydalılığına, eyni zamanda gələcəyin proqnozlaşdırıla biləcəyinə və tarixin görünməyən tərəflərini görmək üçün ip ucları verdiyinə görə C. Həsənlinin “soyuq müharibələri” metatarix anlamını özündə ehtiva edir. 1940-50-ci illərdə baş verən hadisələrdən bizi yarım əsrdən artıq bir zaman ayırır. Bu zaman kəsiyində dünyada, beynəlxalq münasibətlər sistemində çox dəyişmələr baş verib. Lakin dəyişməyənlər də yox deyil. Məsələn, Güney Azərbaycan məsələsi, İran-Türkiyə münasibətləri, Türkiyəyə münasibət, Azərbaycana davamlı torpaq iddiaları və s. Maraqlıdır, zaman-zaman Azərbaycana torpaq iddialarının şahidi olmuş, baş verənlərə epizodik reaksiya vermişik. Nəticədə Ermənistanda türk toplumu qalmayıb, bu məntiqlə ermənilərin sonralar da torpaq iddiaları üçün daha münasib şərait yaranıb. Təsəvvür edək ki, soydaşlarımızın cəm şəkildə yaşadığı başqa dövlətlər də Ermənistanın yolu ilə gedib etnik silinmə siyasəti həyata keçirə bilər. Tarix bizə öyrədir ki, baş verən hər bir hadisə hansısa zaman kəsiyində, fərqli şəkildə qarşıya çıxır. Ona görə də “tarixdən sonra”, “tarixin o üzü, yəni görünməyən tərəfi” haqqında davamlı düşünmək tələb olunur. Tarix sadəcə baş verənləri öyrətsəydi, gələcək fəaliyyət üçün bizə lazım olmasaydı statistikadan, xronologiyadan başqa bir şey olmazdı. O, eyni zamanda gələcəklə bağlı düzgün qərar qəbul etmək imkanları yaradır. Baş verən hadisə həmişə baş verə biləcək hadisə haqqında nə isə deyir. C. Həsənlinin “soyuq müharibələri” məhz bu anlamda faydalıdır, yəni tarixin o üzü haqqına düşüncə materialları verir, proqnozlaşdırma aparmağı asanlaşdırır.

Araşdırma ustalığı

Sözügedən əsərlərdə hədsiz sayda sənədlərə, faktlara, materiallara, müxtəlif ölkə müəlliflərinin araşdırmalarına istinad olunub, mürəkkəb bir dövr, çox qəliz hərbi, siyasi, diplomatik proseslər araşdırılıb. Bu qədər faktları yadda saxlamaq, çoxşaxəli, ziddiyyətli hadisələri izləmək və təkrara yol vermədən onları ardıcıl və nizamlı şəkildə bir məcraya yönəltmək heyrət doğurur. L. N. Tolstoyun “Hərb və Sülh” romanını birinci dəfə oxuyanda bir-birini təqib edən maraqlı və gərgin səhnələr məni sürətlə əsərin finalına çəkib aparırdı. Sonralar bu romanı bir də oxudum. Bu dəfə məni maraqlandıran müəllifin ustalığı, yazı tərzi, belə böyük mövzunun təfəkkürə necə sığışması, necə modelləşməsi və sistem şəklinə düşməsi idi. Nəticədə özüm üçün sadə bir cavab tapdım: geniş çaplı, həm də çoxşaxəli hadisələri sistemləşdirib bir araya gətirmək təkcə zəhmətlə başa gələn iş deyil. Məsələ daha çox müəllifin təfəkkürünün ölçüsünə, çapına bağlıdır.
L. N. Tolstoyun “Hərb və Sülh” romanı ilə C. Həsənlinin “soyuq müharibələri bir-birinə çox bənzəyir. Hər ikisində hərb və sülhün ağırlıqları, fəsadları, ağrı-acıları təsvir olunur. Fərq hadisələrdə, zamanlarda, məkanlarda, qəhrəmanlardadır. Başqa əsas fərqlər də var: biri bədii, digəri elmidir, müəllifin biri yazar, digəri alim, biri Rusiyalı digəri Azərbaycanlıdır. Amma elmi olan da roman kimi oxunur. C. Həsənli son illər Azərbaycan tarixşünaslığında diqqət mərkəzində olan elmi dilin sadəliyi, rəvanlığı məsələsini də xeyli qabağa apardı və bu sahədə də özünün məktəbini yaratdı.

Tarix və analiz

Ümumi mənada tarixçiləri üç qismə bölmək olar: faktların dili ilə danışanlar, analizə meyllilər, hər iki xüsusiyyəti özündə cəmləşdirənlər. Tarix zamana bağlı olduğundan o bir variantlı yaranır. Heç bir hadisə iki dəfə baş vermir. Bu mənada tarixi hadisələrin dürüst, dəqiq və qərəzsiz yazılması çox vacib və əhəmiyyətlidir. Lakin bu dürüstlük və dəqiqliyə nə qədər əməl olunsa da bir variantlı yaranan tarixin bir variantlı yazılması mümkün deyil. O hökmən çoxvarintlı yazılmalıdır. Başqa sözlə, tarixi hadisə interpretasiya olunmalıdır (yorumlanmalıdır) və tarixi hadisənin hər bir interpretasiyası yeni interpretasiyaya yol açır, keçmişi bizim üçün daha rəngarəng və maraqlı edir. Eyni zamanda tarix reprezentasiyasız (həyat boyu hadisələrin təfəkkürdə yenidən şəkillənməsi) böyüyə bilmir. Tarix dəyişməsə də, ona insanların münasibəti ruh bədəndə böyüyüb dəyişən kimi dəyişir. (Yəqin bu səbəbdəndir ki, insan tarixdən uzaqlaşdıqca onun insana təsiri də azalır, təsir azaldıqca tarixin reprezensasiyası da zəifləyir).
Bu deyilənlərin məntiqinə görə tarixi yazmaq üçün fakt və materiallara istinad yetərli deyil. O həm də interpretaisya, reprezentasiya – ciddi analiz tələb edir. Əks təqdirdə keçmişdə baş verən hadisələrdən düzgün nəticə çıxarmaq, tarixdən sonraya düşüncə materialı vermək çətin olar.
C. Həsənli üçüncü qisim tarixçilərdəndir. O bir hadisə ilə bağlı bir faktla kifayətlənən deyil. Müqayisələr, paralellər aparmaq üçün çoxsaylı faktları bir araya gətirər, sonra öz fikrini, yəni analitik düşüncə məhsulunu ortaya qoyar. Məncə ona uğur gətirən amillərdən biri də bu keyfiyyətlə bağlıdır.
Heç şübhəsiz, C. Həsənlinin hələ yazmadıqları da var. Heç şübhəsiz, bizim hələ oxumadığımız bu əsərlər də faydalı və maraqlıdır.

Qeyd: Professor Xaləddin İbrahimlinin bu yazısı vaxtilə yerli mətbuatda çap olunub. Onu AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook səhifəsində paylaşıb.