Tanınmış simalar Milli Şuranın seçimini müsbət qiymətləndirdi
Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovun seçkidə iştirakına süni maneələr yaradıldığı üçün, Milli Şura ehtiyat vahid namizəd seçmək qərarına gəldi. Avqustun 23-də Müsavat partiyasının qərargahında Milli Şuranın növəbti sessiyası keçirildi və tanınmış alim, Milli Şura üzvü Cəmil Həsənli qurumun ehtiyat vahid namizədi seçildi.
Milli Şura yaranmış qeyri-müəyyənliyi dəf etdi və müxalifətin böyük birliyinin növbəti uğuruna imza atdı.
Tanınmış ictimai-siyasi xadimlər Milli Şuranın son seçiminə münasibət bildirdi.
“Şəxsiyyətinə hörmət edən Cəmil Həsənli haqqında mənfi fikir söyləyə bilməz”
Milli Şura üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Milli Şura demokratik düşərgənin birlik platformasıdır və bu birlik növbəti dəfə böhrandan çıxa bildi: “Təəssüf ki, bizim vahid namizəd seçdiyimiz Rüstəm Ibrahimbəyov məlum problemlərlə üzləşdi və bu problemi həll etmək gücündə olmadıq. Və həmin birliyi qorumaq üçün növbəti dəfə vahid namizəd seçməli olduq. Düşünürəm ki, Cəmil Həsənli ən ideal namizəddir və layiqli ziyalıdır. Bu məsələdə siyasi partiya liderləri də böyük fədakarlıq göstərdi və öz ambisiyalarından imtina etdilər. Cəmil Həsənlinin şəxsiyyəti haqqında ancaq müsbət fikirlər söyləmək olar. Düşünürəm ki, şəxsiyyətinə hörmət edən insan Cəmil müəllim haqqında mənfi fikir söyləyə bilməz. Milli Şura üzvlərinin reaksiyasından, əhval-ruhiyyəsindən də məlum oldu ki, hər kəs bu seçimdən məmnun qaldı. Mən hər kəsi təbrik edirəm və xalqımız, millətimiz üçün uğurlu olsun deyirəm”.
“Milli Şuranın seçimi qələbəni təmin edəcək”
Milli Şura üzvü Ibrahim Ibrahimli hesab edir ki, Milli Şura böhranlı vəziyyətdən uğurla çıxdı və cəmiyyətin siyasi sifarişini yerinə yetirdi: “Hakimiyyət nə qədər çalışsa da, əks-təbliğat kompaniyası aparsa da, məqsədinə nail ola bilmədi. Milli Şura Rüstəm Ibrahimbəyovu vahid namizəd seçdikdən sonra yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün ehtiyat namizədini də seçdi. Bu, demokratik qüvvələrin siyasi mədəniyyətindən və Milli Şuranın həqiqi birlik modeli olmasından xəbər verir. Çətin, mürəkkəb proseslərdən sonra Milli Şura yenə də ayaqdadır və qələbəyə qədər irəliləyəcək. Ehtiyat vahid namizəd Cəmil Həsənlinin seçilməsi düzgün və müdrik qərar idi”.
“Bu seçimi demokratik qüvvələrin uğuru hesab etmək olar”
Milli Şura üzvü Mehriban Vəzir də Cəmil Həsənlinin ehtiyat vahid namizəd seçilməsini yüksək qiymətləndirir və bunu Milli Şuranın növbəti uğuru hesab edir: “Cəmil Həsənli həm ziyalı, həm hərəkatçı, həm də Azərbaycanı dünyada layiqli təmsil edən alimdir. Onun kitablarından dünyanın müxtəlif yerlərində dərslik kimi istifadə edirlər. Belə bir şəxsiyyətin vahid namizəd seçilməsi uğurlu və ağıllı addımdır. Ümid edirəm ki, Milli Şura öz fəaliyyətini uğurla davam edəcək və bu birliyi qələbəyə qədər daşıyacaq”.
“Biz sona qədər namizədimizə dəstək olmalıyıq”
Milli Şura üzvü Mirvari Qəhrəmanlı bu qərarı alqışladığını bildirdi: “Milli Şuranın seçkiyə vahid namizədlə getməsini istəyənlərdən biri də mən olmuşam və buna görə də növbəti sessiyanın 23-də keçirilməsinə imza atmışam. Bu gün müşahidələr onu göstərir ki, Milli Şuranın böhranlı vəziyyətdən çıxması cəmiyyətdə ruh yüksəkliyi yaradır. Sosial şəbəkələrdə hamının bayram ovqatında olduğu görünür. Cəmil Həsənli seçimi uğurlu seçimdir və hər kəs onun müsbət keyfiyyətlərindən danışır. Əsas iş indi başlayır və hamımız sona qədər səfərbər olmalıyıq. Indi biz namizədimizi sona qədər dəstəkləməli və onu meydanda tək qoymamalıyıq”.
“Cəmil Həsənli özünü təsdiq etmiş şəxsiyyətdir”
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Cəmil Həsənlinin əsl ziyalı olduğunu və onun şəxsiyyətinə hər kəsin hörmətlə yanaşdığını bildirdi: “Cəmil Həsənlinin kimliyi haqqında zaman özü qiymət verib. Biz də bu insanı cəmiyyət üçün gərəkli şəxs hesab edirik. Cəmil Həsənli həm ziyalı, həm də siyasərtçi kimi özünü təsdiq etmiş insandır. Mən Cəmil müəllimə uğurlar arzulayıram və onun əsl vətəndaş olduğuna inanıram”.
İlham Hüseyn