Böyümüş “qızıl” bazarı

Təkrar-təkrar təsdiq olunur ki, saxtakarlıq və rüşvətxorluq bizim ölkənin iliyinə qədər işləyib. Təptəzə təhsil nazirimiz Mikayıl Cabbarovun 2013-cü ildə orta məktəb məzunlarının qızıl və gümüş medallarla təltif edilməsi barədə əmrindən sonra yaranan müzakirələr göstərdi ki, bu hakimiyyətin dövründə yenilənmə yalnız köhnə əməllərin daha da dərinləşməsindən ibarət olur. 

Inanmırdıq, amma təhsil sahəsində yaxşılaşmaya o qədər ehtiyacımız var ki, bir kor ümidi özümüzdə saxlamışdıq. Hər il uşaqlarına yaxşı məktəb axtaran, bunun üçün hər bazar türk liseylərinin həyətində havayı daş daşımağa hazır olan bir ata kimi özümdə bu kor ümidi öldürmürdüm. Xaricdə təhsil almış, yenilikçi və təmiz işləyəcək bir obrazla vəzifəyə gətirilən gənc nazir, sən demə, köhnə əməllərdə köhnələrə əsl dərs verə bilərmiş. Bir neçə gün ərzində gedən müzakirələr, daha doğrusu, qızıl medal alan məzunların qəbul imtahanlarında biabırçı nəticələr göstərməsi (hətta 140 bal toplayanlar var!) belə düşünməyə tam əsas verir.

Bu haqda yazmışdım. Qəbul imtahanlarının nəticələri də sübut edir ki, qızıl medalların əksəriyyətini kimə və nəyə görə veriblər. Amma indi bəlli olur ki, biabırçılıq və əyriliklər təkcə nəticələrdə deyil… 

Buyurun diqqət ayırın. Medal alanlar köhnə nazirin yetirmələridir, amma onlara medalı təzə nazir verib. Həm də bilirsinizmi nə qədər həvəslə?! Ötən il cəmi 118 nəfər qızıl medala layiq görülübsə, bu il onların sayı 248 nəfərə çatıb. Təzə nazir gələndən sonra, yəni əsasən tətilə düşən cəmi bir neçə ay ərzində təhsilin keyfiyyətində artan nədir ki, o, bir neçə aya qızıl medalçıları iki dəfə artıra bildi? Sadəcə bazar böyüyüb! Son bir ildə təhsilin ümumi səviyyəsindəki dəyişikliyə aid konkret nəticələri mütəxəssislərdən sordum: dedilər ki, TQDK qəbul imtahanlarındakı nəticələrin səviyyəsinin bu il 2 faiz aşağı düşdüyünü rəsmən elan edib. Yəni yaxşılaşmadan söhbət gedə bilməz. Təhsilin səviyyəsinin aşağı düşməsinin bir sübutu da elə yeni nazirin özünün vəzifəyə gəlməsidir. Vəziyyət pisləşib ki, köhnə naziri onunla əvəzləyiblər! Vəziyyət pisləşibsə, bəs qızıl medalları niyə artırıblar? Qızıl medallar artıbsa, 118-dən 248-ə qalxıbsa, gümüş medallar niyə artmayıb və cəmi 10 nəfərə verilib? 

Mən niyə bu məsələyə xüsusi diqqət ayırıram. Uzun illərdir biz araşdırmaçı jurnalistlər ən yüksək vəzifə sahiblərinin gizli biznesi və mülkləri barədə faktları ortaya çıxarırıq ki, cəmiyyət güman etdiklərini gözlə görsünlər və gizlinlərin hökmən aşkar olunacağına inansınlar. Gizli əməllərin sahibləri də bilsinlər ki, toplumun hər şeydən xəbəri var və olacaq. Indi Təhsil Nazirliyi də medalçıların nəticələrini elan etməlidir. Onların hansı məktəblərdə oxuduqları da, kimlikləri də bilinməlidir. Sinif yoldaşları, məktəblərin kollektivləri, qonşular, qohumlar, mümkün qədər hər kəs xəbər tutmalıdır bu işdən. Direktorların “qəhrəmanlıqları” bilinməlidir. Son nəticədə, uşaqlar və valideynlər təzə dərs ilinə narazı və tələbkar, məktəb direktorları isə utanc hissi ilə başlamalıdır. Artıq medalçılardan 140, 226, 320 və s. aşağı bal toplayanların olduğu bəllidir. Amma hər şey tam və aydın bilinməlidir. Biz isə adi izahata belə rast gəlmirik. Nazirlik əməkdaşı Fərzalı Qədirovun 473 bal toplamış oğluna qızıl medal verilməsi barədə də açıqlama verməyib.

Internet müzakirələrində xeyli insan yaxınlarının qızıl medaldan məhrum edilməsi ilə bağlı maraqlı rəylər yazmışdı. Onlardan biri də jurnalistdir və övladı qəbul zamanı çox yüksək bal toplayıb. Dünən başqa bir valideynin fəryadı barədə mənə yazıblar. Fərahim Abdullayev adlı bu vətəndaşın qızının bütün qiymətləri “əla”dır, qəbul imtahanlarında isə 677 bal toplayıb. Amma onun övladına medal vermədikləri bir yana qalsın, yazdığı məktublara nazirlikdən cavab ala bilmir. Bəs təzə rəhbərlik yeni qaydalarla işləyəcəkdi? Qızılın parıltısı gözlərimi qamaşdırdı?