Ziyafət Əsgərovun xatırlatdığı “ölülər”

Qoqol və Cəlil Məmmədquluzadənin hədəfi kim idi?

Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov publika.az  saytına müsahibə verib. Müsahibə ümumilikdə Siyavuş Novruzovsayağıdır.  Ziyafət Əsgərov əvvəlcə deyib: “Mən ”Milli Şura” adında hər hansı təşkilat tanımıram. Ixtisasca hüquqşünas olduğum üçün deyə bilərəm ki, belə bir təşkilat hüquqi baxımdan mövcud deyil”.
Görəsən Ziyafət Əsgərov peşəkar hüquqşünas kimi deyə bilərmi, Qurban Məmmədovun həbsinin, Elnur Seyidova 11 iş istəməyin, gənclərin şərlənərək həbsə atılmasının, vəkil Aslan Ismayılova dövlət idarəsində zor tətbiq edilməsinin hüquqi baxımdan əsası varmı?
Xahiş edirəm cavabınız, Milli Şura haqqında fikiriniz kimi konkret olsun.
Ziyafət Əsgərov daha sonra deyib ki, Milli Şuranın və müxalifətin vəziyyəti Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi və V.N.Qoqolun “Ölü canlar” əsərini xatırladır. “Ölülər” pyesində Şeyx Nəsrullah ölüləri diriltmək istəyir, ancaq bunun nəticəsi hamıya məlum olur. Indi də Rüstəm Ibrahimbəyov Şeyx Nəsrullah qiyafəsində qəfil peyda olur və Milli Şuraya daxil olan müxalifəti diriltmək istəyir. Amma indi nə XIX əsr, nə də XX əsrin əvvəlləri deyil. Heç kəs “ölü canların” diriləcəyinə inanmır və inana da bilməz”.
Z.Əsgərovun əvvəl söylədiyi fikirlər, sonra söylədiklərini inkar edir. Bu adam bir yandan Milli Şura adlı bir təşkilatı tanımadığını söyləyir, digər tərəfdən isə Milli Şuranın fəaliyyətini ədəbi nümunələrlə analiz etməyə çalışır.
Məncə, tanımadığın qurum haqqında, təfərrüatlı məlumat vermək qanunsuzluqdur, ədalətsizlikdir.
Ancaq bunun da üstündən keçirik.
Qayıdaq Cəlil Məmmədquluzadənin “Ölülər” və Qoqolun “Ölü canlar” əsərinə. Bu iki nümunəni sitat gətirdiyi üçün Ziyafət müəllimə gurultulu alqışlar düşür.
Həqiqətən də bu ölkədə “Ölülər”ə oxşarlıq çoxdur.
20 ildir hakimiyyət Qarabağın qaytarılacağını, yoxsulluğun tamamən yox olacağını, əhaliyə güzəştli kreditlərin veriləcəyini, korrupsiya ilə mübarizə aparılacağını, bir sözlə, Azərbaycanın cənnətə çevriləcəyini vəd verir. Ancaq təcrübə göstərir ki, xalq ölünün dirilməsinə inandığı qədər, bu vədlərə əməl ediləcəyinə inanmır. Və Şeyx Nəsrullahdan fərqli olaraq Şeyx yaptokratlar ölüləri diriltmək cəhənnəm, diriləri öldürməklə məşğuldur. Hər gün intiharlar, hər gün əsgər ölümləri, hər gün müalicə oluna bilmədiyi üçün ölümə yaxınlaşan xəstələr və qürbətdə ölmək üçün ölkəni tərk edən milyonlar.
Milli Şura isə, ölüləri diriltmək üçün yox, diriləri öldürənləri məğlub etmək üçün yaranıb.
Ziyafət müəllim, siz “Ölülər”i bir daha oxuyun və bir hüquqşünas kimi, Şeyx Nəsrullaha ədalətli hökm çıxarın. Çünki müasir Nəsrullahların hökmü oxunanda, sizin ədalət tərəzinizə istinad edə bilərik.
Ziyafət müəllim, Robin Şarma deyirdi ki, “Ölüm həyatda böyük itki deyil. Böyük itki, yaşayarkən içimizdə ölənlərdi”.
Bir halda ki, ölüm mövzusuna girişmisiniz, ölüm haqqında düşünməyə dəyər. Qoqolun “Ölü canlar”ına gəlincə, çox uğurlu tapıntıdır. Mən ölkə mətbuatında “ölü canlar” başlıqlı yüzlərlə məqalə oxumuşam. Və bu məqalələrin hamısı hakimiyyətin korrupsiya fəaliyyətindən, adı olub özü olmayanların “maaş dəftəri”ndən bəhs edir.
Bu ölkənin orta məktəblərində nə qədər adı olub, özü olmayan şagirdlər var. Bu ölkədə ölülərin adına kompensasiya verilməsi adiləşib. Xatırlayıram ki, korrupsiya ilə mübarizənin şıdırğı vaxtında, onlarla məktəb direktorunun vəzifədən uzaqlaşdırldığı xəbəri yayılmışdı. Sonra məlum oldu ki, bu direktorların əksəriyyəti bir neçə il öncə… haqqın dərgahına qovuşubmuş.
Bəli, “ölü canlar” hakimiyyət dəhlizlərində şütüyür.
Ziyafət müəllim, sizin istinad etdiyiniz Qoqol deyirdi ki, “Ölüm olmasaydı, həyat gözəlliyini itirərdi”. Bizim ölkədə isə, bəzi YAŞAYANLAR ölümün gözəlləşdirdiyi həyatı çirkaba batırmaqla məşğuldular.
Bir gün bu hakimiyyətin ölü hesab etdiyi xalq, diri olduğunu sübuta yetirəcək. Ona qədər isə, məsləhət görərdim Ziyafət müəllim Qoqolun “Müfəttiş”ini də oxusun. Oxşar məqamlar mütləq var.