Bilirəm ki, bu gün, əksəriyyətin Milli Şura barədə fikir bildirdiyi zaman mənim “yerdə” baş verənlərdən yazmağımı çoxları qınayacaq. Ancaq nə edim, Milli Şura məsələsi “səmavi” olduğundan mənim o barədə fikir yürütməyə gücüm çatmır. Gücüm “yerdə” baş verənlərə çatdığından elə bu barədə yazacam. Dünən sanki şeytan məni Bakının 3 yerində baş verən biabırçılığın ətrafında bir neçə dəfə gəzdirdikdən sonra sorurdu: “De görüm, vicdansızlıq etmək yoxsa onu görüb susmaq daha böyük günahdır?!”
Çox çətin sual olduğundan baş verənləri təfərrüatı ilə nəql etməyə ehtiyac var. Təxminən bir, iki il əvvəl Azadlıq prospekti ilə Həsən Əliyev küçələrinin kəsişməsində KQB binaları kimi tanınan, üz-üzə baxan 9 mərtəbəli yaşayış binalarının düz uşaq bağçası yerləşən hissəsində hündür mərtəbəli yaşayış evi tikildi. Uşaq bağçasının yerində bina tikilməsinə sərəncam verənin vicdan probleminə toxunmadan öncə qeyd edim ki, elə həmin yerdə ev tikib pul qazanmaq istəyənin də vicdan barədə anlayışı olduğuna şübhə edirəm.
Fətəli Xan Xoyski ilə Milli Qəhrəman Koroğlu Rəhimov küçələrinin (adlar ətrafında hansı biabırçılığın baş verdiyini bilsələr yəqin ad sahibləri göstərilən “qayğıdan” imtina edərdilər) kəsişməsində bağça, 200 saylı məktəb və 43 saylı liseyin, hamısı birlikdə BMLK adlanan kompleksin həyətində böyük futbol meydançası yerləşirdi. Bu yaxınlardan başlayaraq həmin stadionun yerində də yaşayış kompleksi tikilir. Yenə də bağça, məktəb, liseydə oxuyan 1000-dən artıq uşağın hesabına pul qazananların vicdan problemini çözmək iqtidarında deyiləm.
Ən böyük biabırçılığı isə Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində gördüm. Burada, sovetdən qalan “Drujba” kinoteatrı adlanan tikilinin yanında beşmərtəbəli yaşayış binası, onun qarşısında isə balaca yaşıllıq var idi. Indi düz həmin bina ilə üzbəüz, üç-dörd metr aralıda bir-birinə bitişik 3 ofis tikilib. Qədimdən deyirdilər ki, yol kəsmək Allaha ağır gedən əməldir. Yazıqlar bilmirdilər ki, nəinki yol, işıq kəsənlər də olacaq. Bəli, məhz həmin beş mərtəbədə yaşayanların evinə düşən işığı həmin ofislər kəsir. Hörmətli oxucu, bəlkə sən də dostum Tariyel kimi deyirsən: “Elə düz edib işıqlarını kəsiblər. Susurlarsa, deməli düz edirlər”. Bütün gecəni elə bu sözlərlə bağlı fikirlər məni yatmağa qoymayıb. Axı heç mən eşitmədim ki, o sahələrdə etiraz edənlər, xəsarət alanlar, xəsarət yetirənlər, haqlarında cinayət işi qaldırılanlar oldu. Doğrudan, görəsən pula görə insanların işığını kəsən, balalarımızı normal uşaqlıq illərindən məhrum etməklə sərəncam satan məmurun, ya da ki, məhz sadalananlar hesabına irəli düşmək istəyən işbazın əməlləri Allah qarşısında böyük günahdır, yoxsa özlərinə qarşı olan bu tip haqsızlıqlara dözənlərin susması, biganəliyi, hərəkətsizliyi?! Bircə deməyin ki, biz nə edək, əlimizdən nə gəlir ki? Mənim də, bu ölkədə tanınmış bir vəkil kimi əlimdən heç nə gəlmir. Məni də bir əxlaqsızın göstərişi ilə digər dədələrindən bixəbər əxlaqsızlar təhqir etdilər, əl qaldırdılar və bu gün də vəzifə başındadırlar. Ancaq mən susmuram, hələ ki, fayda verməsə də susmuram və susmayacam. Əminəm ki, mənə qarşı əxlaqsızlıq etmişlərin cəzalandırılacağını sağikən görəcəm. Özüm görməsəm də gələcək nəsillər mütləq görəcək! Bəs Sizlər, haqları pozulanlar nə edirsiniz? Hamınızdan bir xahişim var, bircə mənə “gör necə də qorxmazdır, ona halal olsun!” deməyin. Mənim heç kimin “molodes”inə ehtiyacım yoxdur.
P.S. Bu günlərdə rus telekanallarında qısa bir xəbər verildi. Bildirildi ki, Moskva vilayətinin Puşkin şəhər məhkəməsinin qərarı ilə 90 yaşlı Serqey Maslov 1941-45-ci illərdə faşistlərə qulluq etdiyinə görə bütün adlardan, təltiflərdən məhrum edilib. Oxuduz?! 70 il sonra cəzasını aldı!
Aslan İsmayılov