Təhsil Nazirliyi məsələyə nə münasibət bildirəcək?
Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında yeni qalmaqalın əsası qoyulub. Belə ki, dünən ANS-ə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə nazirliyin bu il yaxşı oxuduqları üçün qızıl medallarla təltif etdiyi bəzi məktəblilərin qəbul imtahanları zamanı aşağı nəticələr göstərdiyini söyləyib. O, həmçinin medal alanlar içərisində, məsələn, 499, 534, 333, 473, 408, 403, hətta 140 bal toplayanların olduğunu və onların siyahısının Təhsil Nazirliyinə göndərildiyini də bildirib.
Xatırladırıq ki, Təhsil Nazirliyində baş verən “qızıl medal” rüsvayçılığı ilə bağlı ilk dəfə bir neçə gün öncə tanınmış təhsil eksperti Nadir Israfilov maraqlı yazı dərc etdirib. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin yazıda qəbul imtahanı zamanı 473 bal toplayan Qədirli Fəridin müəmmalı şəkildə “qızıl” medal alması haqqında söhbət gedirdi. Bildirilirdi ki, Fəridin atası Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov, anası isə məzunu olduğu 164 saylı məktəbin direktoru Kəmalə Qədirovadır. Bununla belə, ehtimal olunurdu ki, onun qızıl medal almasında valideynlərinin müstəsna “rolu” olub.
Həmişə cəmiyyətə açıq olan TQDK “medalçılar” barədə öz sözünü dedi. Indi qalır, Təhsil Nazirliyinin məsələyə münasibəti…
Informasiya şöbəsi