Qaçqınlara 1,65 qəpiklik çörəkpulu

Məhəmməd Məcidli: «Bu artım məcburi köçkünlər üçün təhqir sayılmalıdır»

Məhəmməd Talıblı: «Bu, yalnız seçki ərəfəsində populist təbliğat üçün nəzərdə tutulan artımdır»

Məlum olduğu kimi, prezident Ilham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamla müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz artırılır. Hazırda müavinət 16 manat 50 qəpikdir. Artım 1 manat 65 qəpik təşkil edəcək.
Bu artım məcburi köçkünlərin hansı dərdinə çarə ola bilər?
AXCP sədrinin müşaviri, Cəbrayıl rayonundan məcburi köçkün Məhəmməd Məcidli artımın gündəlik yol pulu xərclərinə bəs etmədiyini deyir. Çünki bu vəsait bir aya bölünəndə günə cəmi 5 qəpik düşür. Bu baxımdan son artım məcburi köçkünlər üçün təhqir sayılmalıdır.
M.Məcidli 2009-cu ildə kart sisteminə keçənə qədər icra nümayəndələrinin məcburi köçkün ailələrinə verilən vəsaitdən bir manat çıxdığını və bununla bağlı dövlət başçısına müraciət ünvanladıqlarını da xatırlatdı.

Iqtisadçı-ekspert Məhəmməd Talıblı büdcə təşktlatlarında çalışanların əmək haqqının və məcburi köçkünlərə verilən müavinətlərin 10 faizlik artımının cüzi məbləğ təşkil etdiyini vurğuladı. Məcburi köçkünlərin yemək xərci üçün verilən aylıq müavinətin 2 manatdan da az olan artımı isə yalnız simvolik xarakter daşıyır. Çünki bu artımlar insanların sosial rifahının yüksəlməsinə yönəlməyib. Bu yalnız seçki ərəfəsində populist təbliğat üçün nəzərdə tutulan artımdır.
Ekspert büdcədən sosial istiqamətə ayrılan vəsaitlərin az olduğunu və son artımların əhalinin güzəranına heç bir halda təsir etmədiyini də bildirdi. Əmək haqqı siyasətinin effektivliyini şərtləndirən amillərdən biri maaşların daimi və mərhələli şəkildə artmasıdır. Bu vətəndaşların keyfiyyətli həyat tərzinə yönəlik addımdır.
Ekspertin sözlərinə görə, əmək haqlarındakı artım inflyasiyanı fəallaşdıran amil hesab oluna bilməz. Çünki bu artımlar böyük məbləğdə vəsaitlərin bazara axıdılmasına səbəb olmur. Lakin ölkədə daim inflyasiya baş verdiyindən artım inflyasiyanın yeminə çevrilir.

Fizzə