Oqtay Şirəliyev səhiyyə ilə deyil, tikinti ilə öyünür

Samir Əliyev: «Səhiyyə ölkənin yaralı sahələrindən biridir»

Ölkədə səhiyyənin acınacaqlı durumda olması vaxtaşırı müzakirələrə səbəb olur. Ayrı-ayrılıqda da ölkədə səhiyyənin bərbad durumundan əziyyət çəkməyəni tapmaq çətindir. Müalicə üçün qonşu ölkələrə, xüsusilə Irana üz tutan insanların sayına baxanda da insanların yerli səhiyyəyə etibar etmədiyini görmək olur.
Belə durumdan ölkə rəhbərliyi də xəbərsiz deyil. Son bir ayda iki şəxs ölkə başçısının tapşırığı ilə Almaniyaya müalicəyə göndərilib. Məmurlar və onların ailə üzvlərin də sağlamlıqlarını yerli həkimlərə etibar etmir. Doğrudur, son illər istər paytaxtda, istərsə də regionlarda xəstəxanalar, diaqnostika mərkəzləri inşa edilib. Lakin göstərilən xidmətin keyfiyyətindən danışmaq hələ tezdir. Səhiyyə işçilərinin aldığı əmək haqqının aşağı olmasını da xatırlatmaq yerinə düşər. Ölkədə ən yüksək elmi dərəcəsi olan həkimlərin maaşı 250 manatı ötmür. Belə olan halda hansı inkişafdan danışmaq olar?
Bütün bunlara baxmayaraq rəsmilər səhiyyə sahəsinə dövlətin qayğısından ağız dolusu danışır. Səhiyyə naziri Oqtay Şirəliyev yap.org.az saytına müsahibəsində son illər rəhbərlik etdiyi sahənin inkişafından danışıb. Nazir səhiyyənin inkişafındakı dinamik inkişaf tendensiyasından söz açıb və son on ildə dövlət büdcəsinə ayrılan vəsaitin 11 dəfə artaraq 660 milyon manat təşkil etdiyini deyib.
Səhiyyəyə ayrılan vəsait bu sahənin inkişafı üçün yetərlidirmi?

Iqtisadçı-ekspert Samir Əliyev dövlət büdcəsində son on ildə ən az səhiyyə xərclərinin artdığını deyir. Baxmayaraq ki, bu sahə daim xərclər tələb edir. Bu baxımdan Azərbaycanda səhiyyə sektorunda çox ciddi problemlər mövcuddur.
Diaqnostika mərkəzlərinin tikintisini təqdirəlayiq hal kimi qiymətləndirən ekspert bu mərkəzlərdə işləyə biləcək kadrların olmadığını da vurğuladı: “Insanlar müayinə üçün paytaxta gəlirsə, regionlarda diaqnostika mərkəzlərinin tikintisinə nə ehtiyac var? Hətta Bakıdakı tibb müəssisələri vətəndaşlara düzgün diaqnoz qoymur. Bu səbəbdən də insanlar Irana, Gürcüstana, Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə üz tutur”.
Ekspertin sözlərinə görə, bu gün Azərbaycan səhiyyəsində daha çox kəmiyyət dəyişikliyi baş verir. Keyfiyyət artımından söhbət gedə bilməz. Savadlı kadr çatışmazlığı var. Əməliyyat keçirmək üçün xaricdən həkimlər gətirilir. Bu baxımdan səhiyyədəki problemlər kifayət qədər çoxdur.
Tibbi sığorta haqqında qanunun qəbul olunmasına, dövlət büdcəsində bunun üçün vəsaitin nəzərdə tutulmasına baxmayaraq, ekspert bu qanunun işləmədiyini də qeyd etdi. Səhhətində problem yaranan insanlar bəzən müalicə xərclərini ödəmək üçün banklardan kredit götürməli olur: “Insanlar tibbi sığortadan yararlana bilmir. Bəzən müalicəyə 10-20 min manat xərcləməli, bunun üçün kredit götürməyə məcbur olurlar. Amma tibbi sığorta olsa, müalicə pulsuz həyata keçirilər”.
Ekspert həkimlərin əmək haqqının cüzi olmasının yaratdığın problemlərə də toxundu: “Maaşlar o qədər azdır ki, həkimləri xəstələr dolandırır. Araşdırmalar onu göstərir ki, səhiyyənin pulsuz olmasına baxmayaraq xərclərin təxminən 90 faizi insanların cibindən gedir. Bu da səhiyyənin ölkənin yaralı sahələrindən biri olduğunu göstərir”.

Fizzə