"Azərbaycanda kriminal rejim var. Biz hakimiyyətin mənbəyinin xalq olduğunu sübut edəcəyik" (VİDEO)
Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunan bir qrup ziyalı və gənc fəalın çağırışı ilə qurumun sessiyası müəyyən edilən vaxtdan üç gün irəli çəkilərək, dünən keçirildi. Elə dünənki sessiyada da Milli Şura tarixi qərarını verdi – prezident seçkisinə yeni vahid namizəd kimi professor Cəmil Həsənlini seçdi.
Cəmil Həsənli 73 səs lehinə, 1 səs əleyhinə, 1 nəfər də bitərəf qalmaqla yeni vahid namizəd seçildi. Milli Şuranın qəbul etdiyi bu qərar Rüstəm Ibrahimbəyovun vahid namizədliyini ləğv etmir. Ötən sessiyadakı memoranduma görə, Ibrahimbəyov əsas vahid namizəd olaraq qalır, onun sənədləri yaxın günlərdə qaydaya düşsə, Milli Şura seçkiyə onunla gedəcək. Əks halda, vahid namizəd Cəmil Həsənli olacaq.
Müsavat partiyasının qərargahında işə başlayan sessiyada iştirakçılar əvvəlcə Füzuli və Cəbrayılın işğal gününü andılar. Daha sonra gündəlik təsdiq olundu. Gündəlikdə bir məsələ – yeni namizədin seçilməsi vardı. Sessiyanın budəfəki işinə Müsavat başqanı Isa Qəmbər sədrlik edirdi.
Ilk çıxışçı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu oldu. O, bir qrup Milli Şura üzvünün ötən gün yaydığı, sessiyanın gününü irəli çəkməyə çağıran müraciətinə toxunaraq, o müraciətdə KXCP-nin ünvanına yer alan qınaqlarla razılaşmadıqlarını dilə gətirdi. Şura üzvlərini bir-birinə inanaraq mübarizə aparmağa səsləyən Mirəlioğlu bundan əvvəlki mövqelərinin qurumun sədri Rüstəm Ibrahimbəyovun məktubuna uyğun olduğunu qeyd etdi. Bildirdi ki, indi yeni vahid namizədin müəyyənləşməsilə bağlı sədrin yeni məktubu var, onu da müdafiə edirlər. KXCP sədri Milli Şuranın yeni vahid namizədi kimi irəli sürüləcək namizədə səs vrəcəklərini elan etdi.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər çıxışında yeni namizədə səs verməyəcəklərini bəyan etdi. O, fikrini belə əsaslandırdı ki, ehtiyat vahid namizəd məsələsi Milli Şura konsepsiyasının üstündən qırmızı xətt çəkmək deməkdir: “Açıq Cəmiyyət Partiyası nə dəfn komissiyasına üzv olandır, nə də tabut basdırandır”.
ALP sədri Əvəz Temirxan isə dedi ki, o və partiyanın lideri Lalə Şövkət Rüstəm Ibrahimbəyovun məktubuna dəstək verir, onlar yeni namizədə səs verəcəklər. Əvəz Temirxanın iradı isə bundan ibarət idi ki, gərək, siyasi liderlər kompramis tapıb bir namizəd verəydi. Bu alınmayıbsa, o zaman indi yeni namizədə səs verənlər sonadək onun müdafiəsində qətiyyət göstərməlidir.
“EL” hərəkatının lideri Eldar Namazov dedi ki, demokratik prinsiplər uğrunda mübarizə aparanlar həmin prinsiplərə sadiq olmalıdır: “Bu gün səs veriləcək adama təkcə hüquqi mandat verməməliyik, ona həm də siyasi ligitimlik mandatı verməliyik. Hamı koorporativ maraqları kənara qoymalı, ən çox səs toplayan adamın arxasında durmalıdır”.
Müsavat başqanı Isa Qəmbər də çıxışında vurğuladı ki, ilk gündən Milli Şura ideyasının müdafiəçilərindən olub. Müsavat başqanı bəyan etdi ki, onlar Şuranın konsepsiyasına uyğun olaraq, ziyalılardan birinin namizəd olmasını dəstəkləyirlər.
Daha sonra Mehriban Vəzir Rüstəm Ibrahimbəyovun sessiyaya göndərdiyi müraciəti səsləndirdi. Ibrahimbəyov məktubunda professor Cəmil Həsənlini yüksək qiymətləndirərək, onun namizədliyini irəli sürürdü. Cəmil Həsənlinin adının elan olunması istər zalda, istərsə də zaldan kənarda prosesi izləyənlər arasında böyük coşqu yaratdı. Bir müddət “Cəmil bəy!” şüarları səsləndi.
Daha sonra AXCP sədri Əli Kərimli çıxış etdi. Onun sözlərinə görə, Milli Şura ona görə yaranıb ki, resursları, imkanları bir araya gətirib seçkilərdə birgə iştirak etsin: “Daxildən və xaricdən yaradılan manelərə görə Rüstəm bəyin seçkilərdə iştirakına imkan verilmədi. Amma o, yenə bu vəziyyətdən çıxış yolu tapdı və bizə məktubla müraciət edib. Hesab edirəm ki, biz onun müraciətinə uyğun olaraq qərar verməliyik. Nə qədər ki, bu ölkədə avtoritarizm var, mübarizə aparmaq istəyən adamlara imkan olacaq. Milli Şura bir partiya deyil, böyük bir koalisiyadır, heç də hər millətin yarada bilməyəcəyi birlikdir”.
AXCP sədri həmçinin Cəmil Həsənlinin parlaq bir ziyalı olması, onun yazdığı kitabların Oksford və digər məşhur elm ocaqlarında tədris edilməsindən danışdı: “Bizim çox ciddi seçki kampaniyasi aparmaq imkanımız var, bunu da edəcəyik”.
Nəhayət, Cəmil Həsənli özü tribunaya dəvət edildi. Bundan öncə isə o, sessiya iştirakçılarının tələbilə təsdiqlədi ki, Milli Şuranın iki illik keçid dövründə prezident üçün müəyyən edilən öhdəlikləri qəbul edir və onlarla razıdır.
Cəmil Həsənli dedi ki, zaman da, tarix də Milli Şuranı sınaq qarşısında qoyub. O, öz ağır məsuliyyətini dərk edir və Milli Şuranın ona göstərdiyi etimadı doğruldacaq.
Cəmil Həsənli bildirdi ki, öncə namizədliyə razı olmamasının xüsusi bir səbəbi yox idi. Hazırda yeni situasiya yarandığını dilə gətirən Cəmil Həsənli qeyd etdi ki, Milli Şura sədrinin təkidli xahişini nəzərə alaraq, bu missiyanı yerinə yetirmək qərarına gəlib: “Mənim çiynimə ağır yük qoymusunuz. Mən bu etimadı bütün varlığımla doğrultmağa çalışacağam. Başa düşürəm ki, hakimiyyət məsələsi kitab yazmaq qədər asan iş deyil”.
Cəmil Həsənli onu da qeyd etdi ki, tarixi baxımdan Rəsulzadə, günümüz baxımdan Elçibəy yolunu gedəcək. Onun bu fikri zalda alqışlarla qarşılandı.
1990-cı illərin əvvəllərində demokratik qüvvələrin başladığı yolu davam etdirəcəklərini deyən Cəmil Həsənli ölkədəki hazırkı ictimai-siyasi durumla bağlı fikirlərini bölüşdü: “Biz kriminal bir rejimlə qarşı-qarşıyayıq. Heç bir yerdə kriminallaşmış rejimlər seçkilərlə hakimiyyətdən getmir. Bu kriminal rejimin qarşısında müxalifət deyil xalq dayanıb. Biz hakimiyyətin mənbəyinin xalq olduğunu var gücümüzlə sübut etməyə çalışacağıq və sübut edəcəyik”.
Cəmil Həsənli əminliyini ifadə etdi ki, Azərbaycanda da hakimiyyətin mənbəyi kriminal ünsürlər yox, xalq olacaq.
Çıxışının davamında Cəmil Həsənli Milli Şurada təmsil olunan siyasi liderlərə və partiyalara təşəkkürünü bildirdi. O, siyasi liderlərdən halallıq istədi. Dedi ki, namizəd olmaq daha çox onların haqqı idi.
Cəmil Həsənli Milli Şuranın sədri Rüstəm Ibrahimbəyova yüksək fikirlər səsləndirdi. Milli Şuranın məhz Ibrahimbəyovun ideyasıyla yarandığını vurğulayaraq, onun fəaliyyəti və şəxsiyyəti barədə xoş sözlər işlətdi.
Sessiya başa çatdıqdan sonra Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsi üçün Təşəbbüs Qrupu toplandı. Təşəbbüs Qrupu özünün adını (Demokratik Qüvvələrin Milli Şurasının Təşəbbüs Qrupu), MSK-dakı təmsilçisini (Gülağa Aslanlı), qrupun katibini (Gözəl Bayramlı) müəyyən etdi. Gözəl Bayramlı “AzVision.az”a açıqlamasında bildirib ki, Cəmil Həsənlinin sənədləri bu gün MSK-ya təqdim olunacaq:ÿ"Cəmil Həsənlinin namizədliyi ilə bağlı 160 nəfərdən ibarət təşəbbüs qrupu yaradıldı. Sənədlər hazırlandı və onlar bu gün Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Sənədlər tam qanun çərçivəsində hazırlanıb, heç bir hüquqi pozuntu yoxdur. Sənədlərin qəbul olunmamağ ehtimalı yoxdur".
İnformasiya şöbəsi