Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda Ədalət Partiyasısının sədri İlyas İsmayılovun və ReAl hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliklərinin təsdiq olunması məsələsinə baxılıb.
MSK İ.İsmayılovun sənədlərinin qaydasında olduğu qənaətinə gəlib və onun namizədliyini təsdiqləyib.
İ.Məmmədovun namizədliyinə gəlincə, MSK katibi Arifə Muxtarova məlumat verib ki, onun bəzi sənədlərində pozuntular var: “Qanunvericiliyin bəzi müddəaları pozulub. Sənədlər 19 avqustda sürətli poçtla geri qaytarılıb. 23 avqustda isə yenidən MSK-ya göndərilib. Lakin sənədlərdə yenə çatışmazlıqların olduğu ortaya çıxıb”.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, İ. Məmmədov təcridxanadadır, bu baxımdan sənədlərdə poçtun deyil, təcridxananın möhürü olmalıdır. Belə olmadıqda məktublar anonim sayılır.
MSK katibi Mikayıl Rəhimov deyib ki, namizəd olmaq istəyən şəxsin yaşadığı şərait nəzərə alınaraq, sənədləri 23 avqustdan təqdim olunmuş kimi qəbul etməklə, məsələyə yenidən baxıla bilinər.
MSK sədri Məzahir Pənahov deyib ki, İ. Məmmədovun istisna şəraitdə olduğu məlumdur: “Bu baxımdan indiki vəziyyətdə onun namizədliyini təsdiq edə bilmərik. Sənədləşmə məsələsi texniki problemdir. İstintaq təcridxanası deyir ki, MSK-ya sənəd göndərməyib”.
MSK üzvü Akif Qurbanov bildirib ki, İ. Məmmədovun sənədləri anonim deyil: “Avqustun 10-da müvafiq sənədlərin MSK-ya göndərilməsi ilə bağlı istintaq orqanına məktub göndərilib, səlahiyyətli nümayəndə də notarial qaydada təsdiq olunmuş sənədləri avqustun 23-də yenidən MSK-ya təqdim edib”.
O, İ. Məmmədovun namizədliyinin təsdiq olunmasını istəyib.
N. Məmmədov yenidən məsələyə münasibət bildirərək, deyib ki, istintaq təcridxanasından çıxan sənədlər adıçəkilən qurum tərəfindən təsdiq olunmalıdır: “Təcridxanada saxlanan şəxsin adından hansısa quruma ünvanlanan sənədlərin çıxması üçün saxlanılan müəssisənin məlumatı olmalıdır. Bu onun iradəsinin müəyyən olunması ilə bağlıdır. Biz xoş məramımızı ortaya qoymuşuq. İstəyirik ki, İlqar Məmmədovun təcridxanada olmasını nəzərə alaraq, onun seçkilərdə iştirakı üçün mümkün şərait yaradaq. Hesab edirəm ki, namizədin vəziyyətini nəzər alaraq, sorğulara cavab gələnə qədər müddəti uzadaq. Kifayət qədər də vaxt var”.
M. Pənahov isə bildirib ki, İ. Məmmədovun namizədliyinin təsdiq olunmaması üçün hazırda kifayət qədər əsas var: “Lakin biz bunu istəmirik”.