Əli Həsənovun qardaşı vətəndaşı evindən çıxarır

Zəngilanın icra başçısı və «Bakı Tikiş Evi»nin müdiri Nərminə Məmmədovanı küçələrə salmaq istəyir

Nəsimi rayon sakini Nərminə Məmmədova “Azadlıq”a müraciət edib. Onun sözlərinə görə, uzun illərdir qeydiyyatda olduğu və yaşadığı mənzil əlindən alınır.
Nərminə Məmmədova bildirib ki, 1974-cü ildə Gəncədə tikiş fabrikində tikişçi kimi fəaliyyətə başlayıb. Daha sonra fabrikin xüsusi göndərişi ilə Azərbaycan Texnologiya Instutuna qəbul olub. 1989-cu ildə isə gənc mütəxəssis kimi “Bakı Tikiş Evi”nə təyinatla göndərilib.
O vaxtkı Yüngül Sənaye Nazirinin verdiyi göndəriş əsasında mühəndis-texnoloq vəzifəsinə təyin edilən Nərminə xanım yüngül sənaye işçiləri üçün tikilən subaylar üçün yataqxanada mənzillə təmin olunmuş, 29 saylı mənzilə fabrikin müdiri Şişkina soyadlı xanımın və Həmkarlar Təşkilatının verdiyi order və qərar əsasında yerləşdirilib.
Vətəndaşın sözlərinə görə, bir neçə il öncə “Bakı Tikiş Evi”nin müdiri Fədail Rəhimov ona mənəvi və psixoloji təzyiq göstərərək vəzifəsini aşağı salıb. Daha sonra F.Rəhimovun təzyiqlərinə dözə bilməyən vətəndaş ərizə verərək işdən çıxıb: “30 il iş təcrübəm olduğuna baxmayaraq F.Rəhimov Əmək Məcəlləsini pozaraq mənim işdən çıxmağıma səbəb oldu. Onun təzyiqlərinə dözə bilmədim. Məcbur oldum ərizə verib çıxdım. Əvvəl işimi əlimdən aldılar, indi də mənzilimi əlimdən almaq istəyirlər. Bu işlərə Fədail Rəhimov başçılıq edir. O, məndən rüşvət istədi ki, mənzilimə toxunmasın, mən də verə bilmədim. O səbəbdən də mənzilimi əlimdən almağa qərar verib”.
Xanım bildirir ki, ona verilən bu mənzilə baxış keçirmədən Nəsimi rayon məhkəməsinin hakimi Kərimov Elmar 2009-cu ilin oktyabr ayında 5-6 nəfər: bacı, qardaş, yeznə, həyat yoldaşı və 1,5 yaşlı oğlu ilə zəbt edən Qaradağ rayon, Ələt qəsəbəsi, Şıxlar küçəsi ev 69-da yaşayan Nurəhmədov Telman Nurbaba oğlunun ailəsinin xeyrinə qətnamə çıxarıb: “Telmanın arvadı Nurəhmədova Şəhri (Qız soyadı Əsədova) Əhməd qızı 1993-cü ildə Zəngilan rayonundan köçkün düşüb və Bakı şəhəri Yasamal rayonu köhnə ”Iskra” küç, ev3,d3-də valideynləri ilə qeydiyyatda məskunlaşıb və o evdən də ər evinə gəlin köçüb. Nurəhmədovalara zəbt etdikləri mənzilin otağına aid heç bir sənəd verə bilməsələr də, Bakı Tikiş Evi  ASC-nin sədri və Zəngilan Rayon Icra Başçısının Nəsimi rayon məhkəməsinə, Apelyasiya və Ali məhkəməyə təzyiqlər edib müəmmalı şəkildə uddular”.
2008-ci ildə bina sakinlərin xəbəri olmadan “BTE”nin balansından çıxıb Mənzil Kommunal Təsərrüfatı Departamentinə verilməsinə baxmayaraq  “BTE” sədri Rəhimov Fədail öz nümayəndəsinini məhkəmlərə göndərib Nurəhmədovlara havadarlıq edir.  Şəhri 2006-cı ildə fabrikə tikişçi işinə qəbul edilmişdir”.
Şikayətçi bildirib ki, üzləşdiyi problemlə bağlı qeydiyyatda olduğu Nəsimi Rayon Icra Hakimiyyətinə müraciət edib. Icra Hakimiyyətindən ona deyiblər ki, bina onların balansında deyil.
N.Məmmədova bildirir ki, Zəngilan rayon Icra Hakimiyyəti də məsələyə müdaxilə edir və evin onun əlindən alınmasına tərəfdardır. Hətta şikayətçi Zəngilan Rayon Icra başçısı Ramiz Həsənovun qəbuluna gedib və mənzilin ona məxsus olduğunu, Icra Hakimiyyətinin nümayəndələrinin qanunsuz olaraq, Yasamal rayonuna gələrək işə müdaxilə etdiyini deyib: “Ramiz Həsənov da köçkünə tərəf olduğunu dedi. Mən bildirdim ki, sizin başqa bir rayonun ərazisində yaşayan vətəndaşı həyatına müdaxilə etməyiniz qanuna ziddir. Onlar isə tələblərimə əhəmiyyət vermədilər. Qanuna görə yerli oğlanla ailə quran köçkün qıza mənzil düşmür. Bunları bildiyi halda Zəngilanın icra başçısı öz nümayəndəsini məhkəmlərə göndərir və onun sayəsində məhkəməni qanunsuz olaraq qarşı tərəf udur.
Cavan ailəni mənim 24 il yaşadığım mənzilin otağına yerləşdirmək üçün iş icraya verilib. Mənzil məcəlləsinin 57-ci maddəsi pozulub. 16.08.2013 tarixində icraçılar və həmin nümayəndə Nurəhmədovlar ailəsi ilə birlikdə evə gələrək məni evdən çıxarmaq istədilər. Zəngilan icra başçısının nümayəndəsinin nə səlahiyyəti çatır ki, mənim yaşadığım evini qapısını bərkdən döyür?! Qeyd edim ki, mənim 30 illik iş stacım var, Azərbaycan hərbi geyimlərinin hazırlanmasında az əməyim olmayıb”.
N.Məmmədova ölkə başçısı Ilham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edərək kömək istəyir: “Cənab Prezident, xahiş edirəm ki, mənim mənzil və hüquqlarımın qorunmasında köməklik edəsiniz”.
Məlumat üçün deyək ki, Zəngilanın icra başçısı Ramiz Həsənov baş nazirin müavini Əli Həsənovun qardaşıdır.