«Mən onu dəstəkləyirəm və seçkidə iştirakım mümkün olmasa bütün imkanlarımı onun kampaniyasına səfərbər edəcəm»
Demokratik Qüvvələrin Milli Şurasının dünənki iclasında yeni vahid namizəd müəyyənləşdirilib. Müzakirələr nəticəsində Milli Şuranın yeni vahid namizədinin tarix elmləri doktoru, professor Cəmil Həsənlinin olması məqsədəuyğun sayılıb.
Həsənli Cəmil Poladxan oğlu 1952-ci il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür.
10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1975-ci ildən Cəlilabad rayonunun Təzəkənd orta məktəbində müəllim işləyib.
1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur. Ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2005-ci il noyabrın 6-da 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputat seçilib.
Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov “Azadlıq”a açıqlamasında Cəmil Həsənli ilə bağlı seçimi yüksək qiymətləndirib: “Cəmil Həsənlinin yeni vahid namizəd seçilməsini yüksək qiymətləndirirəm. Mən onu dəstəkləyirəm və seçkidə iştirakım mümkün olmasa bütün imkanlarımı onun kampaniyasına səfərbər edəcəm. Milli Şura haqqında mənfi fikirlər söyləyirdilər, böhtan yağdırırdılar. Amma bütün bunlara rəğmən biz birliyi qoruyub saxlaya bildik. Bu belə də olmalı idi. Milli Şurada mütərəqqi qüvvələr təmsil olunur. Inanıram ki, biz prosesi qələbəyə apara biləcəyik”.
Rüstəm Ibrahimbəyov sənədləri ilə bağlı vəziyyətin nə yerdə olduğunu açıqlayıb: “Məsələ burasındadır ki, vaxt çox azdır. Iylun 2-də Milli Şura mənim vahid namizəd olmağımı təsdiqlədi. Altı gün sonra, yəni iyulun 8-də Rusiya vətəndaşlığından çıxmaqla bağlı müraciət etdim. Beş-altı gün ərzində bilmirdim ki, konkret hara müraciət etmək olar. Bu məsələ ilə bağlı çox idarə var. Amma bunların yalnız birində bu məsələyə baxırlar. Oradan mənə dedilər ki, ərizəni qəbul etmək üçün başqa sənədlər də lazımdır. Müəyyən sənədlər var idi ki, mən mütləq onları hazırlamalı idim. Məsələn, Rusiyanın daxili işlər və vergi orqanlarından Rusiya dövləti qarşısında heç bir öhdəliyimin olmadığını təsdiqləyən sənədlər. Bunun sənədlərlə sübuta yetirməliydim. Bütün bu sənədləri yığmaq xeyli vaxt apardı. Avqustun 12-də bütün sənədləri onlara çatdırdım. Ayın 13-də mənim ərizəmi qeydiyyata aldılar. Halbuki ərizəni iyulun 8-də yazmışam. Ərizəmin qeydiyyata alınmasından cəmi 10 gün keçib.
Mən istəyirəm vəziyyətin necəliyi barədə açıq danışım. Mənim əvvəl ümidim var idi ki, vətəndaşlıq məsələmə tez baxılacaq. Təbii ki, istisna hal kimi. Rusiya qanunlarına görə isə bunun üçün bir neçə ay lazım idi. Amma istisna hal kimi mənim işimə tez baxıla bilərdi. Lakin birdən-birə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Hələ indi də heç kim bilmir ki, bu necə baş verdi? Necə oldu ki, Vladimir Putin birdən-birə Bakıya səfər etdi. Putin Azərbaycandan qayıdandan sonra mənim məsələm qeyri-müəyyən qaldı. Nəyə görə? Çünki iki ölkə müxtəlif sənədlərə qol çəkib. Putinin səfərindən sonra Azərbaycanda kimin Kremlin layihəsi olduğunu hamı bildi. Faktiki olaraq Putin Ilham Əliyevə dəstək vermək üçün Bakıya getmişdi. Mənim məsələm də məhz buna görə yubanır. Müraciətimin qeydə alınmasından on gün keçib, hələ bir cavab yoxdur. Səmimi deyim ki, indiki vəziyyətdə Putinin mənim sənədlərimə qol çəkəcəyinə inanmıram. Lakin bizim yeni vahid namizədimiz var. Əgər mənim məsələm həll olunmasa biz hamımız Cəmil müəllimin ətrafında birləşəcəyik və ümid edirəm ki, qalib gələcəyik”.