Şeyxdən ziddiyyətli addım

Dindarlara siyasətə qarışmamaq çağırışı edən Allahşükür Paşazadə İlham Əliyevin təbliğatı ilə məşğul olur

Qroznıda Qafqaz xalqları Ali Dini Şurasının toplantısı keçirilib. Toplantıda Qafqaz xalqları Ali Dini Şurası iki bəyanat qəbul edib. Bəyanatda biri müsəlman ölkələrində xüsusilə Misir, Suriya və İraqda baş verənlərlə bağlıdır. Bəyanat müəllifləri qeyd edib ki, bu ölkələrdə axan qanlar, eyni Qibləyə üz tutan müsəlmanların bir-biri ilə savaşına biganə qala bilməzlər: “Biz, Qafqazın dini xadimləri, dərin ürək ağrısı ilə, bir sıra müsəlman ölkələrində qanlı hadisələri müşahidə edərək, buna laqeyd qalıb öz narahatlığımızı bildirməyə bilmərik. Minlərlə günahsız qurbanlar üçün dərin hüzn hissi keçirərək bidiririk ki, qarşılıqlı düşmənçilik xəstəliyi xroniki xarakter almağa başlayır. Misir, Suriya və bir sıra digər müsəlman ölkələrində baş verən faciələr: qan axıdılması, qardaşın qardaşı öldürməsi, insanların amansız qırğını, onların yaradıcı əməyinin nəticəsinin məhv olması, soydaşlarımız arasında nifrət və yadlaşma uçurumunun dərinləşməsi. Artıq uzun müddətdir ki, ölümcül qarşıdurma davam edir, həm müsəlmanlar, həm də xristianlar həlak olur, məscid və kilsələr təhqir olunur…
…Uca Allahdan diləyirik ki, müraciətimiz Misir, Suriya, İraq və digər qaynar nöqtələrdəki bütün insanların ürəyində əks-səda doğiursun və nəhayət ki, bu ərazilərdə gözlənilən sülh və sakitlik bərpa olunsun”.
Qafqaz Xalqları Ali Dini Şurasının qəbul etdiyi ikinci sənəd “Qroznı Müraciəti” adlanır. Bu müraciət Azərbaycanın bütün dindarlarına və xalqına ünvanlanıb. Müraciətdə Azərbacan xalqını prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləməyə çağırılıb. Qafqaz xalqlarının Ali Dini Şurası bu qərarını İlham Əliyevin dini dəyərlərin qorunmasındakı rolu, islamla yanaşı digər dini konvensiyalara qayğı, ölkədə tolerantlıq və multikulturalizm mühitinin yaranmasındakı xidmətləri ilə əlaqələndirib.
Maraqlıdır ki, bir müddət əvvəl Şeyxin özü dindarların siyasətə qarışmasına, seçki təbliğatında iştirakına qarşı çıxmışdı. Lakin indi məhz onun rəhbərliyi ilə İlham Əliyevin təbliğatına yönəlik belə bir bəyanat yayımlanıb.
Beləliklə, Allahşükür Paşazadə dindarlara yuxarıda qeyd etdiyimiz çağırışında səmimi olmadığını ortaya qoyub.
Hər halda Şeyxin əvvəlki fikirləri ilə indi atdığı addım bir-birinə daban-dabana ziddir.
Başqa bir məqam isə ondan ibarətdir ki, hakimiyyət dəfələrlə Milli Şuranı Rusiya ilə əlaqələndirməyə çalışıb. Lakin indi İlham Əliyevə dəstək məhz Rusiyadan gəlir. Şeyx istisna olmaqla Qafqaz xalqlarının Ali Dini Şurasının bəyanatını imzalayanlar Rusiyanın subyektlərinə aid din xadimləridir.