Azərbaycanlı müğənnilərin konserti BBC-də yayımlandı

Londonun məşhur “Royal Albert Hall” konsert salonunda azərbaycanlı xanəndə Qoçaq Əsgərov və tələbəsi Fidan Hacıyevanın konserti olub. AND PRESS-in məlumatına görə, konsert BBC 3 radiosunun dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “World Routes Academy” layihəsi çərçivəsində keçirilib. İki hissədən ibarət olan konsertdə həmyerlilərimizlə yanaşı, Malidən gələn musiqiçilər də iştirak ediblər.

Gecədə, diplomatik korpusun nümayəndələri, burada yaşayan azərbaycanlı icması ilə yanaşı müxtəlif ölkələrdən musiqisevərlər iştirak etmişlər. Muğam parçaları ilə yanaşı, milli musiqi alətlərimiz balaban, nağara, tar və kamançada ifalar da böyük rəğbətlə qarşılanıb.

Mali və Azərbaycan haqqında tamaşaçılara məlumat verən gecənin aparıcısı ölkəmizin zəngin musiqi tarixi və mədəniyyətinin olduğunu bildirib.

Konsert BBC 3 radiosu ilə canlı yayımlanıb.