Yeni dövrün Zauru

Dünən Fb-də Səkinə xalanın məktubunu gördüm. Oğlu Zaur Qurbanlıya yazıb. Əliyev hakimiyyətinin israrla məhbəsdə çürütmək, çürüdə-çürüdə öldürmək istədiyi əyilməz, dönməz Zaura. Hakimiyyətin öz nifrətini sübut etməsi üçün bu boyda qəddarlığa nə gərək vardı görəsən? Məgər siz Kürdəxanısız da insanları çürüdüb məhv etmirsinizmi? Içəri düşmədən belə, adı “azadlıq” olan qaramat ölkənizdə azad və qüssəsiz yaşamaq, daha doğrusu, ölməmək mümkünmü? 

Bəli, sizin bu iyrənc hala saldığınız ölkədə hətta savaşan insanlar belə, bu zavallı vətənin, onun məzlumca susmuş, qəflət yuxusuna getmiş, gözüqıpıq, öz gündəlik ruzisindən başqa bir şeyi düşünməyən, hətta öz işıqlı sabahına, normal gün-güzəranına, insan sayılma haqqına küsmüş, usanmış, ondan imtina etmiş xalqın pərişanlığını görüb hiss olunmadan, hətta gülə-gülə, mahnı oxuya-oxuya qəhərdən çürüyüb ölürlər. Barı insanları analarından, sevgililərindən, dostlarından, çəpərə salınmamış Günəş işığından məhrum etməyin! Barı adamlara həsrətdə ölməmək şansı verin! 

Sizcə qəddarlığın bu həddinin adı nədir? Bu xalqı zəncirləyib hətta it yerinə belə qoymamağınız sizə bəs eləmirmi? Bəs zəncirini qırmış itin necə amansız olduğunu bilirsinizmi? 

Bakıda öldürülən seksual manyak haqda xəbəri oxudunuzmu? Onun boynuna zəncir salıb sürüyə-sürüyə amansızlıqla öldürüblər. Əlbəttə, azyaşlı uşağa cinsi təzavüz eləyən manyakın cəzası bundan da ağır olmalıdı. Lakin baxın, artıq bu ölkənin vətəndaşları qanunun varlığını birmənalı olaraq unudublar. Artıq, qəzəb insanların gözünü kor edib. Qanunların quru kağız parçasından başqa bir şey olmadığı, yalnız siyasi sifarişləri yerinə yetirməkdən, varlıların mənafelərini qorumaqdan başqa heç nəyə yaramayan bir vasitə olduğu ölkədə bundan artığını gözləmək olarmı?

Liviya xalqı da beləcə quduzlaşmamışdımı? Siyasi manyak olan Qəzzafi də bu qaydada linç edilmədimi?  

Səkinə xala yazır: “Dünəndən ürəyim doludur. Yazmaq, balamdan üzr istəmək istəyirəm. 5 aydır gedib-gəlirəm Kürdəxanıya. Həmişə ürəyimdə ağlaya-ağlaya, üzdə gülə-gülə görüşmüşəm Zaurla. Istəmişəm ki, əzab çəkdiyimizi, zülmlərimizi hiss etməsin. Amma dünən çox böyük səhv etdim. Gileyləndim, üzdüm balamı. Maddi vəziyyətdən şikayət etdim. Işimdəki problemlərdən danışdım. Bir də baxdim ki, onun o gözəl gözləri yaşardı. Ağladı. Çox peşman oldum. Bunu heç vaxt özümə bağışlamayacağam. Balamı incitdim, ona əzab verdim. Axı o həmişə mənə güvənir, mənə inanır. 

Məni bağışla, Zaur! Heç bilmirəm bu, necə oldu. Axı mən çox dözümlü idim. Dönə-dönə səndən üzr istəyirəm. Mən həmişə sənin arxanda duracağam. Mən səninlə fəxr edirəm. Sənin qarşında baş əyirəm. Sənin ayaqlarından öpürəm. Bütün bunları ağlaya-ağlaya yazıram. Anan ölsün, döz, yaman günün ömrü az olar. Yenə yalvarıram, atam, ananı bağışla. Ömrüm-günüm, başa düşürəm, çətindir. Bütün ağrıların mənə gəlsin. Sənin həmişə canın sağ, başın uca olsun. Sən biz valideynlərin üzünü ağ, başını uca etmisən. Çəkdiyim əziyyətləri, verdiyim SÜDÜ sənə HALAL EDIRƏM!!!”

Məktubu oxuyub bir daha siz də düşünün. Bu məktubda bu rejim, bu ölkə haqda yazılmayan bir şey qalmayıb. Bir mərd, əyilməz ananı bu qədər yandıran o rejim haqda fikrinizdən nə keçir? Mən özüm heç vaxt Zauru görməmişəm. Ara-bərə haqqında nəsə eşitmişəm, vəssalam. Satqınlığın, həbsdən çıxanların dönüklüyünün, pula əyilmənin baş alıb getdiyi məkanda heç vaxt, heç bir məhbusu öyməmişəm. Ama bir ananın “ayaqlarından öpürəm” dediyi oğulun qarşısında qürurla baş əyirəm!

Və daha bir qeyd. Yazıçı Anarın içiboş Zaurunu tanımayan şəxs olmaz bu ölkədə. Ancaq bizim çağın Zaurunu tanımaq, sevmək gərək. Tanıyın, sevin ki, bir zaman ədəbiyyatda onun obrazını görəndə fəxrlə deyə biləsiniz: “Mən o Zauru tanıyırdım. Onunla bir masada əyləşmişdim, bir məhbəsdə oturmuşdum, bir yerdə ağlamışdım…”