Gəncə polisində Ərşad Ibrahimli barəsində qondarma ittihamlarla cinayət işi başlayıb
Gəncədə fəaliyyət göstərən müstəqil jurnalist Ərşad Ibrahimli barəsində Gəncə Baş Polis Idarəsində cinayət işi başlanıb. Buna səbəb jurnalistin 1 il əvvəl Kəlbəcər rayon sakini Fərqanə Ələkbərovanın rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovun əleyhinə verdiyi video müsahibəni yayması olub.
Qeyd edək ki, ilk dəfə Avropa.info saytında yayımlanan bu video bir sıra media orqanlarında böyük rezonansa səbəb olub. Müsahibədə Fərqanə Ələkbərova Məhəmməd Bağırovun ona əxlaqsızlıq təklif etməsi və bunun müqabilində vədlər verdiyi qeyd olunub. Fərqanə Ələkbərova video müsahibəsində deyir: “Məhəmməd Bağırov mənə Bakıda ev, diplom yaxşı yaşayış təlif etdi. Inandım ona. Amma yalnız Müəllimlər Institutundan adıma diplom aldı. Mən camaat içinə çıxa bilmirəm”.
Bu videonun ictimailəşməsindən sonra M.Bağırov adıçəkilən qıza təzyiq və təsir yolu ilə şikayətindən geri çəkilməyi guya müsahibəni alan jurnalist Ərşad Ibrahimlinin onu zorla – “bıçaq gücünə” danışdırdığı barədə Gəncə Şəhər Prokurorluğuna şikayət etdirib. Təxminən 2 ay əvvəl Fərqanə Ələkbərovanın şikayəti əsasında Gəncə Prokurorluqunda Cinayət Məcəlləsinin 145-ci – Qanunsuz azadliqdan məhrum etmə maddəsi ilə fakta görə cinayət işi başlandı. Ancaq aparılan araşdırma zamanı fakt sübuta yetirilmədiyindən Prokurorlıuq həmin materialı xitam etmişdir. Ancaq maraqlıdır ki, Gəncə prokurorluğu xitam qərarını jurnalistə vermək istəmir.
Bu günlərdə isə Fərqanə Ələkbərova M.Bağırovun təzyiqi ilə yenidən şikayət edib. Bu dəfəki şikayətində isə F.Ələkbərova yazır ki, jurnalist onu içirdərək, sərxoş vəziyyətə salıb. Sonra bildirib ki, bu müsahibəni alandan sonra təhsil şöbəsi müdirindən pul alacaq.
Gəncə şəhər Baş Polis Idarəsi saxta iddianı əsas sayaraq, faktla bağlı Cinayət Məcəlləsinin 182.1 maddəsi ilə cinayət işi başlayıb.
Bu işdə isə M.Bağırovun yaxın qohumu olan rayon təhsil şöbəsinin anbardarı şahid qismində prosesə cəlb olunub.
F.Ələkbərovanın dedikləri sonradan təsdiqini tapıb. Belə ki, M.Bağırovun Gəncə Müəllimlər Institutunda F.Ələkbərovaya aldığı saxta diplomun surəti mediada yayılıb. Bu faktla bağlı Kəlbəcər rayon prokurorluğunda da araşdırma başlanıb.
Həmçinin, F.Ələkbərovanın video müsahibədə səsləndirdiyi fikirlərini ölkə başçısı Ilham Əliyevə hələ bir il əvvəl şikayət məktubunda da yazaraq yollayıb. Bununla bağlı istintaqa Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən həmin məktubun prezidentə göndəriləsi barədə sənəd də təqdim edilib.
Sonda onu da qeyd edək ki, jurnalist Ərşad Ibrahimlinin və Kəlbəcər rayon təhsil ictimaiyyətinin şikayətləri əsasında M.Bağırovun fəaliyyəti yoxlanılıb və külli miqdarda dövlət vəsaitini talan etdiyi üzə çıxıb.
Məlum video müsahibə isə onun işdən kənarlaşdırılmasında mühüm rol oyanyıb. Indi görünür, işindən azad olunmasıyla barışmayan sabiq müdir jurnalisti həbsə atdırmaq istəyir.
Ərşad Ibrahimlinin (Ərşad Ibrahimli “Azadlıq” qəzeti ilə də əməkdaşlıq edir) Gəncənin hüquq-mühafizə orqanlarının fəaliyyəti, həmçinin, polisdəki işgəncə və rüşvət faktları ilə bağlı zaman-zaman “Azadlıq” qəzetində dərc olunan yazıları isə bu işin istintaqının qərəzli olacağına əsas verir.