Aynur Elgünəş
Taleyimizin növbəti 5 ilini müəyyənləşdirməyə sayılı günlər qalıb. Hər bir vətəndaş kimi mən də səsvermə hüququmdan istifadə edəcəyəm, amma səni seçməyəcəm, cənab Ilham Əliyev. Səbəb çox sadədir, mən bu ölkənin varislikdən xilas olmasını, azad-demokratik cəmiyyətə çevrilməsini, səslərin oğurlanmamasını, gənclərin həbs olunmamasını, insanların alçaldılmamasını, vətəndaşların banklarda girov qalmamasını, mülkiyyət hüququnun qorunmasını istəyirəm.
Axı, mənim Avropada yaşayanlardan nəyim əskikdi? Yaxud niyə mənim yaşadığım ölkənin vətəndaşları seçmək, seçilmək haqqından məhrum edilməlidir?
Əslində, sənin hakimiyyətinə “YOX” demək üçün min bir səbəbim var. Bunun üçün gündəlik həyatıma, çevrəmə baxmağım kifayətdir.
Çox demirəm, bircə gün adi vətəndaş kimi metrodan, avtobusdan istifadə etsən, idarələrdə rüşvətxor məmurlarla üz-göz olsan, həkimlərin ağrıyan orqanından əvvəl əlinə baxdığını görsən, məhkəmələrdə hakimlərin “Femida”nı necə zorladığının şahidi olsan, haqqın olan evindən zorla çıxarılsan, məni və mənim kimi düşünənləri anlayar, qayıdıb kadrlarının üzünə tüpürərsən.
10 il az müddət deyil. Insafən, bu illərdə az vəsait də xərclənməyib. Rəsmi məlumatlara görə, təkcə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına ümumilikdə 27 milyard manat ayrılıb. Möhtəşəm rəqəmdir.
Statistika deyir ki, təkcə 2009-cu ildə regionlarda 62 məktəb binası, 44 səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub. 2012-ci ildə isə regionlarda 450-dən çox təhsil, 100-ə qədər səhiyyə müəssisəsi tikilib istifadəyə verilib.
Amma görünən odur ki, ikiqat bahasına tikilən bu səhiyyə ocaqlarının qapısı açılmır. Həmin diaqnostika mərkəzlərindəki aparatlarının üstünü toz basıb. Çünki o texnikadan başı çıxan həkimlər yoxdur. Adamlar nəinki rayonlardakı həkimlərə, heç Bakıdakılara da inanmır. Milyonlarla vəsaitin axıdıldığı səhiyyədə vəziyyət elə bir həddədir ki, xəstələr nicatı Iranda, Türkiyədə, Rusiyada axtarır.
O yeni məktəb binalarında uşaqlara necə dərs keçilirsə, hər il ali məktəblərə qəbul üçün keçid balı bir az da endirilir.
10 ildə iqtidarın fəxrlə vurğuladığı məsələlərdən biri də yeni iş yerlərinin açılmasıdır. Rəsmi məlumatlara görə, son 10 ildə ölkədə 1 milyon 100 mindən çox yeni iş yerləri açılıb ki, bunun da təxminən 700 mindən çoxu bölgələrin payına düşür.
Həmin məlumatlarda 4,3 milyon əmək qabiliyyətli əhalinin 4 milyonu məşğul kimi göstərilir. Bunun da 1,6 milyonu kənd təsərrüfatının ayağına yazılır.
Azərbaycan kəndlərində bu qədər iş yeri varsa, o zaman imkansızlıqdan əziyyət çəkən əyalət adamlarını Bakıya, Rusiyaya çəkib aparan qüvvə hansıdır?
Halbuki, iqtisadçılar müəyyənləşdirib ki, bu gün regionda işi olanların 20 faizə yaxını güclə dolanır, 4.6 faizi aclıq həddində yaşayır.
Zorla gözümüzə soxursuz ki, son 10 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb. 2006-12-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 4,4 dəfə artaraq 2,5 milyard manata çatdırılıb. Fondun gəlirləri isə 4,1 dəfə artıb.
Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 152, o cümlədən yaşa görə isə 167 manat təşkil edir.
Bəs bu pulla yaşamaq mümkündürmü? Təəssüf ki, yox. Çünki adambaşına minimum istehlak səbətinin dəyəri 167,43 manat, pensiyaçılar üçün 150,84 manat, 0-14 yaşlı uşaqlar üçün isə 205,24 manat müəyyənləşdirilib.
Bir sözlə, 10 il sizə Türkiyədə, Dubayda, Avropa ölkələrində villalar, bank hesabları, təminatlı gələcək qazandırdı. Amma bu xərclənən pulların sayəsində regiondakı insanların qazancı yalnız Heydər Əliyev mərkəzləri, Heydər Əliyev heykəlləri və Heydər Əliyev adına parklar oldu. Hələ bir istədiniz ki, buna görə insanlar sizə təşəkkür etsinlər, hər gün o heykəllərin qarşısında dombalıb talelərinə şükr eləsinlər.
Etdilər də. Çünki bu boyda məmləkət məmurlar arasında bölünüb, onların icazəsi olmadan adamlar nəinki işləyə, heç yaşaya da bilməyiblər. Buna görə insanlar istəməsələr belə, ailələrini dolandırmaq üçün yaltağa, qorxağa çevrilmək məcburiyyətində qalıblar. Əks halda, həbsxanaya atılıblar, şantaj olunublar, öldürülüblər…
Bu əzabları biz deyil, Sən yaşasaydın, o zaman özün öz adını seçki qutusuna atardınmı?..