Ömürlük azadlıqdan məhrum edilmiş Məmməd Məmmədovun cinayət işində xeyli ziddiyyətlər aşkarlanıb
Qarabağ Azadlıq Təşkilatının üzvü, “Qarabağ partizanları” adlandırılan dəstənin üzvü Məmməd Məmmədov yenidən məhkəmə qarşısına çıxarılıb. Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Ilqar Murquzovun sədrliyilə onun işi üzrə məhkəmə iclası keçirilib.
Məmməd Məmmədovun vəkili Əsabəli Mustafayev məhkəmədə bir neçə vəsatət qaldırıb. Vəkil bildirib ki, bu iş birinci instansiya məhkəməsində ətraflı araşdırılmadan, sübutlara obyektiv qiymət verilmədən Məmməd Məmmədovun barəsində ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarılıb: “Məhkəmə hökmünə görə, Məmməd Məmmədov ümumi təhlükəli üsulla iki və daha çox adamı öldürməkdə, digər ağır cinayətlərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Məhkəmə bu hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi dəlillərə istinad edib. Halbuki, bu sübutların böyük qisminin mötəbərliyinə ciddi şübhələr var.
Hadisə zamanı bir adam öldüyü halda, əməl təkrar adam öldürmə ilə bağlı bitmiş cinayət kimi tövsif olunub və bu maddə ilə Məmməd Məmmədova ömürlük cəza verilib. Qəribədir ki, Məmməd Məmmədov cinayətə cəhd göstərməyə görə də ayrıca məhkum olunub. Bu maddələrin tətbiqinin düzgünlüyü bir daha araşdırılmalıdır.
Məmməd Məmmədovun və onunla birgə həbs olunmuş şəxslərin məhkum edildiyi maddələrdən biri də AR CM-nin 279.1-ci maddəsidir. Məmməd Məmmədovun təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqı davam etdirilib və onun mühakiməsi ayrıca keçirilib. 31 avqust 2005-ci ildə Ali Məhkəmə dəstənin qalan üzvlərinin kassasiya şikayətinə baxaraq, onların ittiham olunduğu maddələr sırasından 279.1-ci maddə üzrə icraata xitam verib. Indi belə çıxır ki, Məmməd Məmmədov həmin silahlı dəstənin həm rəhbəri, həm də tək üzvü olub, bu da cinayət normasının dispozisiyasına ziddir. Çünki bir nəfərdən ibarət silahlı birləşmə və ya qrup mümkün deyil. Kollegiya bu məsələni də araşdırıb, hüquqi qiymət verməlidir.
Məmməd Məmmədov həmçinin xidməti vəzifəsini yerinə yetirən şəxsi öldürmək ittihamı ilə məhkum olunub. Iş materiallarından görünür ki, Şamil Məmmədov polis qismində Lənkəranda çalışırdı və hadisə yerində təsədüf nəticəsində olub. Qanuna görə, təqsirkar xidməti vəzifəsini yerinə yetirən şəxsi qətlə yetirmək istədiyini dərk etməli və bunu arzu etməli idi. Birinci instansiya məhkəməsi belə bir motivin, istəyin olub-olmadığını da araşdırmayıb.
Məhkəmə Məmməd Məmmədovu ümumi təhlükəli üsulla adam öldürməkdə ittiham edərkən onun parkda atəş açmasını əsas kimi göstərib. Amma parkda əməliyyat keçirən MTN əməkdaşları və orada olan digərlərinin həyatına təhlükənin yaranma səbəbləri araşdırılmayıb. Əməliyyatda iştirak etmiş şəxslər ifadələrində bildiriblər ki, həmin gün səhər saat 9-10 radələrində onlara məlum idi ki, axşam əməliyyat keçiriləcək. O zaman MTN əməkdaşları əməliyyatı daha az adam olan yerdə, məsələn, dəstə üzvlərinin toplaşdığı mənzildə keçirə bilərdilər. Əməliyyatı MTN əməkdaşları təhlükəsizlik baxımından qüsurlu hazırlayıb. Bu faktın araşdırılması üçün əməliyyata rəhbərlik edən Vaqif Vəliyev və digərləri məhkəmədə dindirilməlidir.
Bundan başqa, ekspertizanın rəyində çoxlu ziddiyyətlər var və onların aradan qaldırılması üçün məhkəməyə mütəxəssis dəvət olunmalıdır.
Məmməd Məmmədovu təqib edən avtomaşına müxtəlif kalibirli 2 güllə dəyib və onlardan biri əməliyyatçılar tərəfindən öz həmkarlarına atılmış güllədir. Bu da deməyə əsas verir ki, əməliyyatçıların Məmməd Məmmədova atdığı güllələrdən biri təsədüfən həmin ərazidə olan mərhum Şamil Məmmədova da dəyə bilərdi. Çünki həmin an Şamil Məmmədov əməliyyatçılar tərəfindən təqib olunan və arxasınca güllə atılan Məmməd Məmmədovun qarşısında olub. Mərhumun məhz Məmməd Məmmədov tərəfindən vurulduğunu əməliyyatda iştirak edən MTN əməkdaşları iddia edirlər. Onların ifadəsinə və ekspertizanın rəylərinə şübhə yaradan ciddi məqamlar var.
Istintaqın ilk günlərində şahid qismində dindirilənlər arasında Seyidov Şirzad, Məmmədov Tahir, Nəbiyev Qadir adlı mülki şəxslər olub. Onlar hadisə zamanı yaranmış vəziyyəti MTN əməkdaşlarından fərqli təsvir ediblər. Lakin bu şahidlər naməlum səbəblərdən məhkəmədə dindirilməyib. Halbuki onları ifadələri hadisənin baş vermə şəraitini daha dəqiq müəyyən etməyə imkan verər”.
Vəkil xahiş etdi ki, istinad edilmiş sübutlardakı ziddiyyətlərin aradan qaldırılması məqsədilə zərərçəkmişlər və şahidlər yenidən dindirilsin, ekspertiza rəyləri və digər sənədlər tədqiq olunsun. Bundan başqa, Məmməd Məmmədovla birlikdə 12 avqust 2003-cü ildə Xətai Parkında həbs olunmuş digər şəxslər də, istintaqa ifadə vermiş, lakin məhkəməyə çağırılmamış mülki şəxslər də məhkəmədə şahid qismində dindirilsin.
Dövlət ittihamını müdafiə edən prokuror vəkilin vəsatətlərinin təmin olunmamasını istədi.
Məhkəmə isə vəsatətdə göstərilən faktların araşdırılmasına ehtiyac olduğunu əsas gətirərək, prosesi avqustun 29-dək təxirə saldı.
Ramin DEKO