Dünən saytlar ölkəmizdə növbəti dəhşətli qətl hadisəsi haqqında yazdılar. Bəri başdan deyim, mən bu “dəhşətli qətl” ifadəsini heç cür başa düşmürəm. Bəyəm hər qətl dəhşətli deyilmi? Axı biz insan taleyindən danışırıq. Ona son qoymaqdan qorxunc nə ola bilər? Amma yox. Bizdə yalnız qurbana 40-50 bıçaq vurmaq, qulağını kəsib, boğazına bıçaq çəkib öldürmək dəhşətli qətl sayılır. Yoxsa bıçağı bir dəfə ürəyinə soxdun, başına bir güllə sıxdın, bu, adi, elə-belə, maraqsız qətldir, adamların heç tükünü də tərpətmir.
Gələk dünənki qətl hadisəsinə. Əslində qətlin səbəbi qətlin özü qədər dəhşətlidir: qəsəbədə məskunlaşmış 33 yaşlı Naxçıvan sakini bir neçə gün əvvəl qonşuluqda yaşayan azyaşlı oğlanı ona it balası verəcəyi vədi ilə aldadaraq öz evinin həyətinə gətirib. Sonra da azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib. Sakinlər bundan xəbər tutanda qəzəbləniblər, onu möhkəmcə əzişdirib, ardınca boğazına zəncir keçirərək küçədə sürüyüblər. Polislər həmin adamı sakinlərin əlindən alsalar da, o, bir gün sonra aldığı xəsarətlərdən keçinib.
Əlbəttə, qurbanın etdiyi hərəkət insanlıqdan kənardır. Nə hüquqla, nə əxlaqla bağlaşmır. Heç bir bəraəti ola bilməz və olmamalıdır. Amma heç bir qanunsuz və əxlaqsız hərəkət də onun başqaları tərəfindən istədiyi kimi cəzalandırılmasına əsas yaratmır. Hər bir cinayətin cəzası var, o cəzanı isə yalnız hüquq kəsə bilər.
Sadəcə, məsələ burasındadır ki, Azərbaycanda adamların ədalətə güvəni yoxdur. Heç kimin, haqlı olaraq hüquq sisteminə, məhkəmələrə etimadı və etibarı qalmayıb. Ona görə də biz Azərbaycanda hüququn kəsməli olduğu cəzaları adamların özlərinin, həm də ibtidai qaydalar və təfəkkürlə, ən ağır və amansız formada kəsməyə başladığını görürük.
Bu gün ölkədə dəhşətli qətllərin, zorakılıqların ən başlıca səbəbi məhz budur! Bir yandan çökdürülmüş, yox edilmiş hüquq sistemi, digər tərəfdən kütləviləşən cəhalət, savadsızlıq.
Xatırlayırsınızsa, Liviyada Qəzzafinin sonu da məhz Dübəndidəki kimi olmuşdu. Onu döyə-döyə, küçələrdə itsürütməsi edərək öldürmüşdülər. Həmin vaxt bizdə də xeyli adam bunu vəhşilik, barbarlıq adlandırmışdı. Əksəriyyət deyirdi ki, gərək Qəzzafini məhkəmələr yarğılayaydı, onun bu şəkildə cəzalandırması doğru deyildi, falan-filan. Bəli, elədir. Amma soruşmağa ayıb olmasın, hansı məhkəmələr? Bəyəm Liviyada ədalətmi vardı? Hüquqmu vardı? Çağdaşlıqmı vardı? Qəzzafi bunların önündə bir tıxaca çevrilmişdi, axırda onu məhz öz idarəçilik üsulu ilə, öz idarəçilik “silah”ı ilə cəzalandırdılar.
Və çox qəribədir ki, Qəzzafi üçün göz yaşı tökənlər, acıyanlar dünən sosial şəbəkədə üç aşağı, beş yuxarı onunla eyni şəkildə öldürülən 33 yaşlı Naxçıvan sakininin qətlinə haqq qazandırırdılar, bəraət verirdilər, hətta daha amansız şəkildə öldürülməsini tələb edənlər vardı. Mən, əlbəttə, bir il əvvəl Qəzzafi üçün parçalanan, fəryad edən ürəklərin indi niyə daşa döndüyünü soruşmayacam.
Mən onu da soruşmayacam ki, niyə Qəzzafi ilə bağlı baş verənlər vəhşilik, barbarlıq idi, amma Dübəndidə olan ədalətin bərpası, insanlığın təntənəsi, namus-qeyrətin qələbəsidir?
Sadəcə, bunu soruşacam: görürsünüzmü, bir ölkədə hüquq ayaqlar altına atılanda…
Dövlətin ədalətinə etibar və etimad sarsılanda…
Məhkəmələrə güvən qalmayanda…
Qanunların aliliyinə, hər kəsin o qanunlar qarşısında bərabərliyinə inam olmayanda, ortaya necə mənzərə çıxır?
Görürsünüzmü ki, bu gün bir ölkə üçün hüququn üstünlüyünü təmin etməkdən…
Ədalətli idarəetmənin önünü açmaqdan…
Çağdaş, sivil cəmiyyət qurmaqdan başqa nicat, çıxış yolu yoxdur.
Əks halda sizdən uzaqdakı bir siyasi manyak üçün verilən çağdışı, vəhşicə, barbarca cəzanı vaxt gəlir, öz ölkənizdəki bir seksual manyaka kəsmək məcburiyyətində qalırsınız.