Bankların mənfəəti niyə artıb?

Samir Əliyev: «Istehlak kreditlərini və kredit faizini artırmaqla banklar gəlirlərini artırır»

Bu ilin birinci yarısında mənfəətlə işləyən bankların sayı 40, zərərlə işləyən bankların sayı isə 3 olub. Ilin əvvəlində bu göstərici müvafiq olaraq 33 və 10 olub. 

Mərkəzi Bankın məlumatına görə, 2013-cü ilin ilk yarımilində kommersiya banklarının mənfəətinin artımı kredit aktivliyinin canlanması və aktivlərin keyfiyyətinin yaxşılaşması ilə bağlıdır. Başqa sözlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirlərinin artımı və ehtiyatların formalaşmasına yönəldilən vəsaitlərin azalması mənfəəti artırıb. 

Dövr ərzində bankların müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3% artıb. 

Problemli kreditlərin artması fonunda bankların faiz gəlirlərinin artması bəzi suallar yarada bilər. 

Iqtisadçı-ekspert Samir Əliyev problemli kreditlərin artdığını və insanların əziyyət çəkdiyini deyir. Banklar da bir qayda olaraq özlərini sığortalamaq, problemli kreditlər nəticəsində dəyən zərəri aradan qaldırmaq üçün kredit faizlərini artırmağa və daha çox istehlak kreditlərinə üz tutmağa başladılar. Bu yolla özlərini problemdən çıxara bildilər. 

Ekspertin sözlərinə görə, il ərzində bankların faiz gəlirləri 38 faiz artıb. Eyni zamanda qeyri-faiz gəlirləri kəskin azalıb. Mənfəətin artmasının əsas səbəbi istehlak kreditlərinin artmasıdır. Çünki kreditlərin 37 faizi məhz istehlak kreditlərinin payına düşür. Getdikcə də onların payı artır. Banklar uzunmüddətli kreditlərdən yayınıb istehlak kreditlərinə üstünlük verir. Istehlak kreditlərinin əməliyyət xərcləri çox olduğundan banklar faizləri də artırır. Kreditlərin faizini artırmaqla daha çox gəlir əldə edirlər: “Banklar heç nə itirmir. Faiz dərəcələrini nə qədər artırsalar da, əhali gəlib kredit alacaq. Çünki insanların bu gün kreditə ehtiyacı var. Banklar da bundan istifadə edərək faizləri artırır. Nəticədə mənfəətləri əvvəlki illərlə müqayisədə artır”.

Fizzə