Müzəffər Baxış: «Qanunvericilikdə xalq artistlərinə diplomatik pasport verilməsi nəzərdə tutulmayıb»
«Qanunda konkret olaraq diplomatik və xidməti pasportların hansı vəzifəli şəxslərə verilməsi təsbit olunub»
Mətbuatda xalq artisti Aygün Kazımovanın diplomatik pasporta sahib olması ilə bağlı məlumat yayılıb. AzNews.az-ın məlumatına görə, xalq artisti diplomatik pasportu ötən il noyabrın 1-də əldə edib və bu günə qədər bu pasportdan 15 dəfə istifadə edib. Pasportda olan möhürlərdən bəlli olur ki, A.Kazımovanın diplomatik pasportla etdiyi səfərlər əsasən Türkiyəyə, bir dəfə isə Rusiyaya olub.
Sayt A.Kazımovanın diplomatik pasportunun seriya nömrəsini də təqdim edib: S0120909.
Xalq artistinin prodüsseri də məlumatı təsdiqləyib.
Qeyd edək ki, qanunvericilikdə xalq artistlərinə diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb. Bu baxımdan, A.Kazımovanın bu pasportu necə alması maraqlıdır.
Məsələ ilə bağlı Xarici Işlər Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik.
Hüquqşünas Müzəffər Baxış isə Aygün Kazımovaya diplomatik və xidməti pasport verilməsini mümkünsüz hesab edir. Aygün Kazımovaya yalnız ümumvətəndaş pasportu verilə bilər.
Hüquqşünasın sözlərinə görə, 1994-cü ildə qəbul edilən ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən, üç növ pasport var. Bu, diplomatik, ümumvətəndaş və xidməti pasportlardır. Qanunda konkret olaraq diplomatik və xidməti pasportların hansı vəzifəli şəxslərə verilməsi təsbit olunub. Həmin qanunun 6 maddəsinə görə, diplomatik pasport Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədən Azərbaycan Respublikası prezidentinə, Milli Məclisin deputatlarına, Hesablama Palatasının sədrinə, sədr müavinlərinə, Nazirlər Kabinetinin üzvlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin hakimlərinə, Apelyasiya Məhkəmələrinin sədrlərinə, baş prokurora və onun müavinlərinə, insan hüquqları üzrə müvəkkilə, Məhkəmə-Hüquq Şurasının üzvlərinə, Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin direktoruna, Mərkəzi Seçki Komissiyasına sədrinə, Azərbaycan Respublikası prezidenti, Milli Məclis, Hesablama Palatası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə aparatlarının rəhbər işçilərinə, şöbə müdirləri, mərkəzi icra orqanlarının rəhbərlərinə, diplomatik xidmət əməkdaşlarına, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və onun müavinlərinə, Naxçıvan MR Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan MR prokuroruna, Azərbaycan Respublikası prezidentinin, Milli Məclis sədrinin və istisna hallarda xarici işlər nazirinin sərəncamına əsasən beynəlxalq konfranslarda, müşavirələrdə, danışıqlarda, BMT Baş Assambleyasının sessiyasında, beynəlxalq təşkilatların konfranslarında, dövlətlərarası görüş və əlaqələrdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin üzvlərinə və xüsusi nümayəndələrə, habelə üç aydan artıq müddətə ezam olunan yuxarıda sadalanan şəxslərlə birgə gedən həyat yoldaşlarına və 18 yaşına çatmış ərdə olmayan qızına diplomatik pasport verilir. Diplomatik pasportun verilməsi və dəyişməsinə görə dövlət rüsumu alınmır.
Ekspertin sözlərinə görə, Aygün Kazımova bu siyahıya daxil olmadığına, Azərbaycanı beynəlxalq konfranslarda, danışıqlarda, yaxud BMT Baş assambeleyasının sessiyalarında, təmsil edə bilmədiyinə görə ona diplomatik pasport verilməsi mümkün deyil. Qanunlar da Aygün Kazımova statusunda olan şəxs, yəni Azərbaycanın xalq artistinə diplomatik pasport verilməsi qaydası nəzərdə tutulmayıb: “Ola bilər reklam üçün yalandan panika buraxırlar. Aygün Kazımova hər hansı dövlət orqanında işləmir ki, ona hətta xidməti pasport versinlər. Ona heç xidməti pasport verilə bilməz. Çünki qanunda xidməti pasport verilən vəzifəli şəxslərin dairəsi də konkret təsbit olunub. O Azərbaycanın digər vətəndaşları kimi ümumvətəndaş pasportu ala bilər. Yayılan informasiya yalandır. Əgər onun diplomatik pasportu varsa, sürətini dərc edib internetdə yaysın”.
Fizzə