Şəhid ailələrindən Milli Şuranın namizədinə dəstək

«Milli Şuranın prezidentliyə namizədinə səs verəcəyik!»

“Azadlıq”a məktub yollayan şəhid atası Əli Kərimbəyli ölkənin ictimai-siyasi həyatında önəmli hadisələri şərh edib. O, məktubda yazır:

“Atəşkəs qurbanları” Ictimai Birliyi şəhid ailələri adından Milli Şuranın prezidentliyə namizədinə səs verəcəklərini və həmin namizədi sona qədər dəstəkləyəcəklərini bildirir. Son 20 ildə dərinləşən sosial-iqtisadi böhran həddi o həddə çatıb ki, xalqımız mövcud çürük sistemdən qurtulmaq istəyilə mübarizə aparır. Qanunlar işləmir, rüşvət, korrupsiya halları baş alıb gedir. Təşkilatımız prezident seçkisində həmişə olduğu kimi, müxalifətin yanında olacaq. 1993-cü ildən bugünədək ölkədəki prezident, parlament və bələdiyyə seçkiləri demokratik şəkildə keçirilməyib, total saxtakarlıqlara yol verilib. Bu saxtakarlıqlar nəticəsində Qarabağ və digər torpaqlarımız azad olunmayıb. Sosial problemlər həllini tapmadığına görə gənclərimiz ailələrini dolandırmaq üçün digər ölkələrə üz tutmalı olur. Neft və qaz ölkəsi olan Azərbaycan əhalisinin əksər hissəsi dilənçi vəziyyətində yaşayır. Müəllimlərin, həkimlərin, alimlərin, müharibə veteranlarının, şəhid ailələrinin ağır vəziyyətdə yaşadığı hamıya bəllidir. Azərbaycan hakimiyyəti isə demokratik seçkiyə hazır deyil. Iqtidar bilir ki, demokratik  seçki keçiriləcəyi təqdirdə onlar qələbə qazana bilməyəcək. Çünki bu hakimiyyət rüşvət üzərində qurulub. Hakimiyyətin bu mahiyyətini hər addımda hiss edirik. Cəmiyyətin böyük əksəriyyəti iqtidarın yürütdüyü siyasətdən narazıdır.

Gənclərin hazırda hədəf seçilməsi də təsadüfi deyil. Cəmiyyətdə öz sözünü deyən şəxslər hədəf seçilir. Biz azad fikirli, düşüncəli insanlar olaraq, canımız bahasına olsa belə, sona qədər Azərbaycanımızı, müstəqil dövlətimizi qoruyacağıq”.

Sosial şöbə