2 manat 51 qəpiklik maaş artımı

Bir neçə il öncə Bakıya gələn Türkiyənin tanınmış köşə yazarı Əhməd Hakan böyük təəccüblə geri dönmüşdü və səfərdən sonrakı yazılarında heyrətlə qeyd etmişdi: “Qardaş Azərbaycanı anlamaq çox çətindir, orada vəzifəli məmurun dövlətdən aldığı maaşı onun özünün bağbanına verdiyi maaşdan xeyli azdır”.

Azərbaycanda maaşları anlamaq bu qədər çətindir. Hələ bizdə dünyada tayı olmayan paket maaşı da var – rəsmi maaşdan əlavə oğurluq payı kimi verilir. Dünyanın harasında bunu desən, anlamaz və ağıllarına sığdıra bilməzlər. Başqa bir qrup isə ən aşağı maaşlarla zillət çəkir ki, zəngin sərvətləri olan ölkə üçün elə bunu da anlamazlar. 

Bizim şanlı hakimiyyət isə yenə də “başlamayan” seçki təbliğatına başlayıb ki, bəs Ilham Əliyev maaşları 10% artırıb. Kimsə deyə bilər ki, bu maaşların özü nə idi ki, 10 faizi nə olacaq. Amma dərd orasındadır ki, elə adamlar var bu fərmandan sonra gəlirləri yerindəcə sayacaq. 

Elə bilməyin biz zarafat edirik. Tanınmış iqtisadçı, Real Hərəkatının liderlərindən olan Natiq Cəfərlidən dünən səhər xahiş etmişdim ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi üçün əsas götürülən Vahid Tarif Cədvəlini tapmaqda mənə yardım etsin. Natiq bəy də maaşların artması ilə bağlı yazacağımı hiss edib maraqlı bir məsələni şərh etdi. Bildirdi ki, maaşların 10% artımının ən məzəli tərəfi 200 manatdan az maaş alanlarla bağlıdır. Bizdə 200 manata qədər maaş alanların vergiləri aşağıdır, məsələn, 195 manat alanın maaşından minimum əmək haqqı çıxılır, qalan puldan 14% vergi tutulur ki, bu da çox az məbləğ edir. Amma 200 manatdan yuxarı olan bütün maaşdan 14% vergi tutulur. Natiq bəyin dediyi məsələ budur ki, indi 185-200 manat arası maaş alanların əmək haqları 10% artandan sonra, artsa da 2-3 manat artacaq. Iqtisadçı söyləyir ki, belə maaş alan insanların sayı isə onminlərlədir…”

Oturub hesabladım… Tutaq ki, adamın maaşı 185 manatdır. Ondan tutulan vergi olacaq (185-93,5)*14%=12,81 manat. Alacağı pul isə 185-12,81=172,19 manat edir.

Artım sərəncamından sonra həmin adamın maaşı olacaq  185+185*10%=203,5. Bundan çıxılan vergi 203,5*14 %=28,49 manat təşkil edəcək. Deməli, həmin adam 203,5-28,49=175,01 AZN alacaq. Bu isə onun əvvəl aldığı 172,5 manatdan 175,01-172,5=2,51 manat artıq olacaq. 2 manat 51 qəpik. 

Ilham Əliyevin bəh-bəhli sərəncamında deyilir ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın. Gəlin görək bu tarif cədvəlində əmək haqları nə qədərdir. Nə olan şeydir çoxlarımızın xəbər olmadığı bu tariflər? Buyurun baxın:

Əməyin

ödənilməsi

dərəcələri 

Aylıq tarif (vəzifə) maaşı 

(manatla) 

1

93,5

2

98

3

103

4

108

5

113

6

118

7

123

8

128

9

133

10

138

11

143

12

150

13

162

14

174

15

188

16

220

17

303

18

382

19

644

Tanınmış iqtisadçı Azər Mehtiyevin köməyi ilə tapdığım Vahid Tarif Cədvəlində müxtəlif dərəcələr var və aydınca görünür ki, burada 10%-lik maaş artımı 10 manatdan aşağı olanlar da var və böyük əksəriyyətin maaşındakı artım 20 manatdan aşağı olacaq. Hakimiyyətimiz hazırda hansı dərəcə üzrə nə qədər insanın maaş almasını gizlədir, amma məsələn, hətta müəllimlərin də maaş tariflərinin çox aşağı olduğu hamıya bəllidir. Müəllimlər yalnız 1 stavkadan (həftədə 12 saat dərsdən) artıq dərs dedikdə nisbətən babat maaş ala bilirlər. Ona görə də dərs saatı uğrunda məktəblərdə mübarizə gedir və hətta ötən illərdə bir müəllim digərini buna görə bıçaqlamışdı. 

Yeri gəlmişkən, analoqsuz inkişafa sahib olan ölkəmizdə (heç bir böhran qorxusunda ona yaxın gələ bilməyib) rəsmi statistikaya görə, orta aylıq nominal əmək haqqı (büdcə və qeyri-büdcə sektoru birlikdə) 446 manatdır. Türkiyədə isə minimum əmək haqqı təxminən bu qədərdir. Hələ bizim rəsmi təbliğatda böhranda batan ölkə kimi təqdim edilən Almaniyanı demirəm. Kim Türkiyə və Almaniya ilə müqayisəni yersiz sayırsa, MDB ölkələrini götürsün. Dövlət Statistika Komitəsinin rəsmi saytında yalnız 2011-ci il üçün MDB dövlətləri üzrə orta aylıq nominal əmək haqları cədvəli var (ABŞ dolları ilə); Azərbaycan (461) Rusiya (796) və Qazaxıstandan (614) xeyli geridir. Bəs görəsən bizim lider olduğumuz region haradır?