Üç gün sonra müharibə başlayır

Əlbəttə, indi işləri fəhmə-intuisiyaya bağlamaq zamanı deyil. Ancaq yenə də bəzən başına gələnlərlə indi gördüklərini müqayisə etməyə başlayan kimi, fəhmin gərginləşir və sənə nələrisə deməyə başlayır.

Mən yaxşı təsəvvür eləyirəm ki, Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığından imtina ərizəsinə bu qədər ləng baxılması nə qədər Azərbaycan vətəndaşında, elə Rüstəm bəyin özündə necə narahatçılıq yaradıb. Elə bil təyyarəyə biletini almısan, ancaq yolda səni qəsdən ləngidirlər ki, uça bilməyəsən. Bu ləngimənin bir günahkarı varsa, o da heç şübhəsiz, Azərbaycanın indiki, yəni müvəqqəti hakimiyyətidir. Çünki Azərbaycanı prezident seçkisindən ayıraraq götürsək, Putinin Ibrahimbəyovla heç bir problemi yoxdu. Sadəcə, ona xahiş edilib, yalvarılıb, xeyli əvəz ödənilib və hələ ki, bu ləngiməyə nail olunub. Həm Putin, həm bizim hakimiyyət buna görə Azərbaycan xalqı qarşısında tarixi məsuliyyət daşıyır və əminəm ki, bir gün hansısa formada buna görə cavab verməli olacaqlar.

Ancaq mənim fəhmim mənə deyir ki, bu iş son anda müsbət həll ediləcək. Bəlkə o zaman bir az gec olacaq, lakin Ibrahimbəyovun Rus vətəndaşlığından imtina diləkçəsi müsbət cavab alacaq. Zənnimcə, hələ bu məsələyə görə dünya ictimaiyyəti Rusiya prezidentinə heç bir irad bildirməyib, çünki uşaq da anlayır ki, bu ləngimə hansı siyasi səbəb üzündən baş verir. Lakin Rüstəm bəyin vahid namizədliyi ləngimə ucbatından alınmayandan sonra mütləq belə irad və təpkilərin gələcəyi gözləniləndi. Mənə elə gəlir ki, Vladimir Putin də bunun Azərbaycan xalqına açıq-açığına düşmənçilik olduğunu bilməmiş deyil və son anda olsa belə, cığallığından əl çəkəcək, xeyli sürən intizardan sonra vahid namizəd Azərbaycan vətəndaşı kimi ölkəyə dönüb seçkidə iştirak edəcək. Təbii ki, burada başqa əngəllərlə qarşılaşmasa. Fəhmim mənə deyir ki, bizim işimiz gec düzəlir, ama mütləq düzəlir. Yenə də nigarançılıq böyük dərddi.

***

Başqa bir gözləyən də var. Qarabağ əlilidi. Biləsuvar rayon sakini Asif Gülverdi oğlu Həşimov. 19 ildi gözləyir. Halal əlillik adını alacağı günü gözləyir. 1993-94-cü illərdə XTPD nəzdində döyüş bölgəsində savaşıb və yaralanaraq huşsuz vəziyyətdə rayon xəstəxanasına gətirilib. Əlbəttə o, huşsuz vəziyyətində illər sonrasını görə və “məni məhz hospitala aparın ki, sonra 19 il süründürülməyim” deyə bilməzdi. Nə biləydi ki, buna görə illərlə əlil adı almaq uğrunda savaşa başlayandan sonra ən nəhayət, DIN Xüsusi Həkim Komissiyasının sədri, tibb polkovnik-leytenantı Samir Quliyevin yekun aktında belə yazılacaq: “Travması: daxili işlər orqanında xidmət keçmə dövründə kəllə-beyin travmasından sonrakı serebral araxnoidik”. Əsas isə Biləsuvar həkiminin verdiyi absurd arayış: “Xəstənin dediyinə görə, döyüşdə yaralanıb”. Indi anlamaq olmur, Asif bu qəribə xəstəliyi necə tapıb? Harda tapıb? Yoxsa özünü soyuğa verib “kontuziya” alıb?

Beləcə, 19 ildi ki, Qarabağ qazisi əlilliyini sübut edə bilmir. Hələ bunun maddi tərəfi bir yana, görəsən mənəvi xəsarətə görə kim cavab verəcək? Bax məhz, elə o cavaba görə kimsə prezident seçilməlidi. Asif 19 ildə istəyinə nail olmayıbsa, deməli, özünə yeni bir şəxsi prezident seçməlidi ki, bəlkə illər sonra haqqını ala bilə.

Qoy indi hər kəs özü üçün dəyərləndirsin: Rüstəm Ibrahimbəyovun sənəd məsələsi ağır dərddi, ya Asifin. Qazimizə DIN-də deyiblər ki, bu 19 ili dözmüsən, daha üç gün gözlə, işin düzələ bilər. O isə, üç gün sonra bir də qara xəbər alacağı halda, yenidən döyüşə başlayacağını deyir. Milli Şuranın vahid namizədinə isə heç vaxt da verməyiblər…